date saat
İyunun 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən Naxçıvan Muxtar Respublikasının yerli ədliyyə orqanlarında vakant vəzifələrin tutulması üçün elan edilmiş müsabiqənin test imtahanı keçirilib.
Müsabiqəyə yerli icra və probasiya qurumlarından 8 yer, Ordubad və Sədərək rayon dövlət notariat ofislərinin hər birindən 1 yer olmaqla, ümumilikdə 10 vəzifə çıxarılmışdır. Müsabiqədə 10 vakant vəzifənin tutulması üçün sənəd təqdim etmiş 18 namizəddən 10-nu test imtahanında iştirak etmiş, namizədlərdən 5-i müvafiq keçid balını toplamışdır.
İmtahanda namizədlərə ixtisas üzrə 80, məntiqi təfəkkürün yoxlanılması üzrə 20 sual olmaqla ümumilikdə 100 sual təqdim edilmiş, sualları cavablandırmaq üçün 3 saat vaxt verilmişdir. Test imtahanında obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi aparılmışdır.
İmtahan bitdikdən dərhal sonra namizədlərə “Test imtahanının nəticəsinə dair arayış” təqdim edilmişdir. Test imtahanında Ədliyyə Nazirliyinin əməkdaşları müşahidəçi kimi iştirak etmişlər.İmtahanda iştirak etmiş namizədlər tibbi maskadan istifadə etmiş, sosial məsafəni qorumuş və digər sanitar-gigiyenik qaydalara riayət etmişlər. Qanunvericiliyə uyğun olaraq keçid balını toplamış namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanmışlar.
Test imtahanının nəticələri Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdirilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti