date saat
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin təşkilatçılığı ilə muxtar respublikada fəaliyyət göstərən xüsusi və dövlət notariuslarının iştirakı ilə onlayn seminar keçirilmişdir. Seminarı giriş sözü ilə Məhkəmə Ekspertizası Mərkəzinin rəisi ədliyyə müşaviri Rafiq Cəfərov açaraq mərkəzdə aparılan ekspertiza işləri barədə məlumat vermişdir. Tədbirdə notariusun və ya notariat hərəkətləri aparmaq səlahiyyəti olan orqanların və vəzifəli şəxslərin müraciəti əsasında təyin oluna biləcək ekspertizalar və sənədlərin rekvizitlərinin ekspertizası haqqında çıxışlar olmuşdur.
Məhkəmə Ekspertizası Mərkəzinin Əlyazmaların, səslərin və sənədlərin texniki ekspertizası bölməsinin böyük eksperti I dərəcəli ədliyyə qulluqçusu Emin Əliyev məhkəmə-xətşünaslıq ekspertizasının iş prinsipi, predmeti, təbii və texniki elmlərlə əlaqəsi və tədqiqat obyektləri haqqında məlumat vermişdir. Bildirmişdir ki, notariusun və ya notariat hərəkətləri aparmaq səlahiyyəti olan orqanların və ya vəzifəli şəxslərin müraciəti əsasında təyin oluna biləcək ekspertizaların predmeti və tədqiqat obyektləri, təqdim olunmuş sənədlərin tərtibatında, əlyazma mətnlərin və imzaların icra olunmasında şübhə yaradan məsələlərin aradan qaldırılması məqsədi ilə ekspertiza təyin etmək hüququndan istifadə edərək əldə edilən rəy və arayışlar vasitəsi ilə şübhə yaradan məsələlərə aydınlıq gətirmək mümkündür.
Notariat sənədlərinin və ya reyestr kitablarının tərtibatında bir sıra qaydalara əməl olunması zəruri məsələlərdən hesab olunur. Belə ki, qeyd olunan sənədlərdə imza qrafalarının dar və rahat olmayan hissələrdə olması icra olunacaq imzaların ümumi və xüsusi əlamətlərində əhəmiyyətli fərqlər yaradır ki, bu da gələcəkdə aparılan ekspert tədqiqatında müəyyən çətinliklər yaradır. Odur ki, əlyazma mətnlərin və imzanın icra olunma qrafalarının geniş olması və rahat olan hissələrdə yerləşdirilməsi icra olunacaq xətt və imzaların element və cizgilərinin digər xətt və imzaların element və cizgiləri ilə üst-üstə düşməməsinə səbəb olur ki, bu da gələcəkdə yarana biləcək hər hansı bir mübahisəli məsələnin həllində məhkəmə-xətşünaslıq ekspertizasının təyini zamanı ekspert tədqiqatının aparılma operativliyinə xüsusi mənfi şərait yaradır.
Məhkəmə Ekspertizası Mərkəzinin Əlyazmaların, səslərin və sənədlərin texniki ekspertizası bölməsinin eksperti I dərəcəli ədliyyə qulluqçusu Əbülfəz Qafarov bildirib ki,sənədlərin rekvizitlərinin tədqiqi ekspertizası üzrə notariusa və ya notariat hərəkətləri aparmaq səlahiyyəti olan orqanlara və vəzifəli şəxslərə təqdim edilən sənədlərin tərtibatında və ya sənədin üzərindəki möhürlə bağlı şübhə yaradan hər hansı bir məsələdə ekspertiza təyin etməklə yarana biləcək saxtakarlığın qarşısını almaq mümkündür.
Notariat ofisləri təqdim olunan müxtəlif sənədlərin rekvizitləri və digər zəruri elementlər haqqında nəzəri, təcrübi biliklərə malikdirlər. Lakin bu biliklərə sahib olmaları onları qeyd olunan nüanslarda ekspertiza təyin etmək hüququndan azad etmir. Həmçinin ekspertin tərtib etdiyi rəy yaxud, arayış vasitəsi ilə toplanmış sənədlərin etibarlığını daha da möhkəmləndirir.
Sonda notariusların sualları ekspertlər tərəfindən cavablandırılmışdır.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti