date saat

İyunun 18-də Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə muxtar respublikada fəaliyyət göstərən könüllülərlə onlayn görüş keçirilib. Tədbiri giriş sözü ilə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev açaraq  bildirib ki, könüllülərin çalışdıqları sahələrin sayı artdıqca bu fəaliyyətin hüquqi tənzimlənməsi məsələsi daha da aktuallaşır. Bu gün könüllü qismində müxtəlif qurumlarda, təşkilatlarda, tədbirlərdə çalışanların sayı durmadan artmaqdadır. Könüllü fəaliyyəti ilə məşğul olmaq niyyətində olan istənilən şəxsin öz hüquqi statusunu, yəni hüquq və öhdəliklərini bilməsi onu gələcəkdə yarana biləcək problemlərdən qorumuş olur.

Tədbirdə Gənclər Fondunun və İnsan Hüquqları üzrə Müvəkkili(Ombusman) aparatının əməkdaşları könüllülük mövzusunda çıxış etmişlər.

Daha sonra tədbirdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat şöbəsinin hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti bölməsinin rəisi əvəzi Həbibə Əliyeva “Könüllülərin hüquq və vəzifələri” mövzusunda çıxış edib. Bildirib ki, könüllük fəaliyyətinin hüquqi əsasını 2009-cu ildə qəbul edilmiş “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanunu tənzimləyir. Qanunda könüllü fəaliyyətin istiqaməti, iştirakçıları, təşkilatçılarının hüquqları və vəzifələri, könüllülərin özlərinin hüquq və vəzifələri sistemli şəkildə təsbit edilmişdir. Könüllülərin hüquq və vəzifələri tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.

Qeyd olunub ki, könüllülük fəaliyyətinin əhəmiyyəti nəzərə alınaraq 2020-ci il ölkəmizdə "Könüllülər ili" elan olunmuşdur. Könüllülk fəaliyyəti dünyada ən çox geniş yayılmış fəaliyyət növlərindəndir. Müxtəlif qurumlar, ictimai təşkilatlar könüllülük şəbəkələri yaradır, təmənnasız fəaliyyəti təmin edir. Burada gənclərin yeni ölkələrə səyahət etmək, dil öyrənmək, yeni tanışlıq imkanları sərhədsizləşir. Gələcəkdə potensiallı kadr, təcrübə, məlumat mübadiləsi yaranır. Ölkəmizdə bu fəaliyyətlə özünə iş imkanı, təcrübə qazanan minlərlə gənclər vardır. Keçirilən bir çox beynəlxalq tədbirlərdə könüllülərin iştirakı təmin olunmuşdur. Ədliyyə sahəsində könüllü fəaliyyətin təşkili diqqətdə saxlanılır. Nazirlikdə “Ədliyyə könüllüləri” layihəsi üzrə Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin hüquqşünaslıq,İqtisadiyyat və idarəetmə fakültəsinin dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə tələbələrinin könüllülük fəaliyyəti təmin olunur.

Sonda könüllülərin təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

 

          Naxçıvan Muxtar Respublikası

     Ədliyyə Nazirliyinin mətbuat xidməti