date saat

Kitabxanalar hər bir xalqın milli sərvətidir. İnsanların yaratdığı qiymətli tarixi-mədəni, ədəbi-bədii və elmi-fəlsəfi irsin toplanıb saxlanılmasında, bəşər mədəniyyətinin qazandığı nailiyyətlərin nəsildən-nəslə çatdırılmasında və cəmiyyətimizin intellektual, mənəvi potensialının artırılmasında kitabxanalar əvəzsiz rol oynayır. Çağdaş dövrdə kitabxanalar xalqın və dövlətin hüquqi, elmi, mədəni-mənəvi inkişafının çox mühüm atributu kimi yeni inkişaf mərhələsinə qədəm qoymaqla, cəmiyyətin informasiya əldə etməsində ən mühüm vasitələrindən biri kimi müasir texnika və texnologiyaya əsaslanan fəaliyyət növünə çevrilməkdədir.

Ölkəmizdə insan təfəkkürünün inkişafına yönəlik tədbirlərin davamı olaraq kitab və kitabxanaçılıq işinə də xüsusi diqqət yetirilmiş, bu sahəni tənzimləyən  qanunlar və sərəncamlar imzalanmışdır. 1999-cu ildə "Kitabxana işi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minmişdir. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 2004-cü il 12 yanvar və "2005-2006-cı illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında" 2004-cü il 27 dekabr tarixli sərəncamlarına əsasən, ümumi sayı doqquz milyona yaxın ədəbiyyat nəşr olunmuş və ölkə kitabxanalarına hədiyyə edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin kitabxanası 2011-ci ildə yaradılmışdır. Kitabxananın fondunda hazırda 2400-ə yaxın kitab, jurnal, bülleten və braşura vardır ki, bunlardan 800-dən çox müxtəlif məzmunlu hüquqi, elmi və bədii kitablar, 600 yaxın hüquqi jurnal, 700 braşura, 200 çox bulleten, əsasnamə və digər nəşrlərdən ibarətdir. Nazirliyin kitabxanasında bir sıra rəsmi qəzet və jurnalların nüsxələri saxlanılır. “Azərbaycan”, “Xalq qəzeti”, “Şərq qapısı”, “Ədliyyə” qəzetləri və “Qanunçuluq”, “Azərbaycan Prokurorluğu”, “Cəmiyyət və cəza” jurnalları kitabxana tərəfindən qəbul edilən nəşrlərdəndir.

Kitabxanada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və ölkə Prezidenti cənab İlham Əliyev haqqında yazılmış kitablardan ibarət xüsusi guşə yaradılmışdır. Ümummilli liderin zəngin həyat və fəaliyyətini özündə əks etdirən bu nəşrlər gənc nəslin tərbiyə olunmasında mühüm vasitələrdir. Ölkə Prezidentinin fəaliyyətini, beynəlxalq tədbirlərdə görüşlərini, müxtəlif tədbirlərdə çıxışlarını özündə əks etdirən kitablar oxucuların maraq dairəsindədir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə “Oxunması zəruri olan kitabların Siyahısı” təsdiq edilmişdir. Həmin sərəncam intellektual gələcəyin mükəmməl şəkildə formalaşdırılmasına hesablanmış mühüm bir addımdır. Tövsiyə olunan kitablar tariximiz, mədəniyyətimiz və milli kimliyimiz haqqında dolğun məlumat verir, gənc nəslin həyat yolunun müəyyənləşdirilməsinə və dünyagörüşünün artırılmasına xidmət edir. Buna uyğun olaraq kitabxanada “Oxunması zəruri olan” kitablardan ibarət guşə yaradılmışdır.

Kitabxanaın fondu daim yeni kitab və jurnallarla zənginləşdirilir. Nazirliyin aparatının və tabe qurumların əməkdaşları ilə birlikdə hamiliyə verilmiş universitet tələbələri də kitabxanadan istifadə edirlər.

 

          Naxçıvan Muxtar Respublikası

     Ədliyyə Nazirliyinin mətbuat xidməti