date saat
İyunun 10-da Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakultəsinin hüquqşünaslıq ixtisası üzrə tələbələri ilə onlayn seminar keçirilmişdir. Seminarda nikah hüququnun qanunvericiliklə tənzimlənməsi qaydaları və nikahın qeydə alınması proseduru haqqında tələbələrə geniş məlumat verilmişdir.
Seminarı giriş sözü ilə nazirliyin Təşkilat-nəzarət şöbəsinin rəisi baş ədliyyə müşaviri Səttar Zamanov açaraq bildirib ki, mövcud vəziyyətlə əlaqədar olaraq keçirilən onlayn seminarların məqsədi tələbələrin ədliyyə sistemi sahəsində bilik və bacarıqlarının artırılması, bu sahədə praktiki biliklərə yiyələnmələrinə köməklik göstərilməsindən ibarətdir.
Sonra Qeydiyyat və notariat şöbəsinin hüquqi şəxslər və vətəndaşlıq bölməsinin rəisi əvəzi I dərəcəli ədliyyə qulluqçusu Həbibə Əliyeva nikah hüququnun qanunvericiliklə tənzimlənməsi haqqında məlumat verərək bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasına əsasən hər kəsin qanunla nəzərdə tutulan yaşa çatdıqda ailə qurmaq hüququ vardır. Nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə və ərə verilə bilməz. Nikah ailə və dövlətin himayəsindədir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən tərəflərin tibbi arayış almalarının qaydaları və əhəmiyyəti barədə məlumat verilmiş, sağlam ailənin formalaşmasında tibbi müayinənin vacibliyi diqqətə çatdırılmışdır.
Naxçıvan şəhər Qeydiyyat şöbəsinin rəisi İsayə Gülməmmədova “Nikahın qeydə alınması proseduru” mövzusunda çıxış edərək bildirib ki, nikahın bağlanması Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri, icra hakimiyyətinin nümayəndəlikləri tərəfindən həyata keçirilir və Azərbaycan Respublikasının ərazisində yalnız müvafiq dövlət orqanında bağlanan nikah etibarlıdır. Nikah müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış əlavə edilməklə bu barədə ərizə verdikləri gündən 1 ay sonra onların şəxsən iştirakı ilə bağlanır. Tələbələrə qeydiyyat şöbələrində nikahın qeydə alınma proseduru ətraflı izah edlmişdir.
Onlayn seminarın sonunda mövzu ətrafında müzakirələr aparılmış və tələbələri maraqlandıran suallar cavablandırılmışdır.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti