date saat

Nazirlik tərəfindən vətəndaşların pozulmuş hüquqlarının bərpası, məhkəmə qərarı əsasında borcların vaxtında qaytarılması, aliment öhdəliklərinin yerinə yetirilməsi sahəsində profilaktik tədbirlər davam etdirilir. Bu məqsədlə iyunun 9-da icradan qəsdən yayınan borclularla növbəti profilaktik tədbir Ordubad rayonunda təşkil edilmişdir.

Nazirliyin əməkdaşları tərəfindən görüşdə iştirak edən borclulara “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri izah edilmişdir. Qeyd olunmuşdur ki, icra qanunvericiliyinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələbləri Azərbaycan Respublikasının ərazisində hüquqi və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Sonra aliment və pul tələbi ilə bağlı ödənişləri gecikdirən borclular dinlənilmiş və yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində müzakirələr aparılmışdır.

Qeyd edək ki, nazirliyin əməkdaşları mütəmadi olaraq icrası çətinlik törədən işlərin həyata keçirilməsində yerli qurumlara köməklik göstərir. Xüsusən də icrası uzun müddət davam edən aliment, pul tələbi işlərinin icrasında yaxından iştirak edirlər. Mövcud sahədə aparılan profilaktik tədbirlərin digər yerli icra və probasiya qurumlarında da davam etdirilməsi nəzərdə tutulur.

     

       Naxçıvan Muxtar Respublikası

     Ədliyyə Nazirliyinin mətbuat xidməti