date saat
İyunun 5-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin İcra və probasiya şöbə və bölmələrinin əməkdaşlarının iştirakı ilə 2020-ci ilin iyun ayının 1-dək icra vəziyyəti və icra və probasiya qurumlarında aparılmış yoxlamaların nəticəsinə dair xidməti müşavirə keçirilmişdir.
Müşavirədə Ədliyyə naziri baş ədliyyə müşaviri Daşqın Rəhimov çıxış edərək bildirmişdir ki, 24 fevral 2020-ci il tarixdə keçirilmiş altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında Ədliyyə Nazirliyinin qarşısına qoyulan mühüm vəzifələrdən biri də məhkəmə qərarlarının vaxtında icrasına diqqətin artırılması ilə bağlıdır. Qeyd olunmuşdur ki, ötən dövrdə nazirliyin əməkdaşlarından ibarət qrup yerli icra və probasiya qurumlarının fəaliyyətini yoxlamış, icra vəziyyəti araşdırılmış, yol verilən nöqsanların aradan qaldırılması istiqamətində tövsiyələr verilmiş, icrası çətinlik törədən işlərin müzakirəsi aparılmışdır. Yerli qurumlara köməklik məqsədilə icrası çətinlik törədən işlərin bir qismi təhvil alınaraq nazirliyin müvafiq şöbəsinin əməkdaşlarından ibarət işçi qrupunun nəzarətinə verilmişdir.
Məruzə ətrafında nazirliyin icra və probasiya şöbəsinin rəisi baş ədliyyə müşaviri Emin Kazımov xidmətin fəaliyyəti ilə bağlı çıxış etmişdir. Xidmətin icraatına daxil olan işlərin kateqoriyası barədə məlumat vermiş, ayrılıqda şöbə və bölmələrin icraatında olan işlərin icra vəziyyəti barədə məruzə etmişdir.
Sonra Naxçıvan şəhər, Şərur, Babək və Culfa rayon icra və probasiya şöbə və bölmələrinin rəisləri icraatlarında olan işlərlə bağlı məruzə etmişlər. Kadrlar bölməsinin rəisi isə aparılmış yoxlamalar nəticəsində aşkar olunmuş nöqsanlar barədə çıxış etmişdir.
Nazir sessiyadan irəli gələn tapşırıqları əməkdaşların diqqətinə çatdıraraq bildirdi ki, qarşıya qoyulan vəzifələrin icrasıyla əlaqədar bütün əməkdaşların səyləri birləşdirilməli, məsuliyyəti artırılmalıdır. İcraatda olan hər bir işin icraasına məsuliyyətlə yanaşılmalı, vaxtında icrası təmin olunmalıdır. İşlər aparılarkən profilaktika və maarifləndirmə ön planda aparılmalıdır. İcra məmurları daxil olmuş icra vərəqəsinin qeydiyyatını vaxtında aparmalı, icraata başlamaq haqqında qərarın qəbul edilməsi, tələbin könüllü icra olunması ilə bağlı bildirişlərin göndərilməsini gündəlik olaraq nəzarətdə saxlamalıdır. İcra məmurları gündəlik qanunvericlikdə olan dəyişiklikləri izləməli, hər bir işə fərdi təşəbbüskarlıqla yanaşmalı və işlər arasında fərq qoymamalıdırlar.
Nazirliyin İcra və probasiya şöbəsinin əməkdaşlarından ibarət yaradılmış qrup üzərinə götürdüyü icra sənədlərinin icrasına köməklik göstərilməsini davam etdirməli, yerli qurumlarla əlaqəli şəkildə işləyərək icrası çətinlik törədən işlərin icraatını diqqətdə saxlamalıdırlar. Probasiya sahəsi üzrə işlərimiz günün tələblərinə uyğun qurulmalı, bu sahə üzrə profilaktika işi nəzarətdə saxlanılmalı, texniki vasitələrin saz vəziyyətdə olması yoxlanılmalı, texniki vasitələrin vaxtında alınıb gətirilməsi təmin edilməlidir.
Sonda nazir müşavirəyə yekun vuraraq bildirdi ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin verdiyi tapşırıqların icrasını bütün səy və bacarığımızla həyata keçiriləcək, icra işlərinin vaxtında icra olunması diqqətdə saxlanılacaqdır.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti