date saat

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin dövlət və bələdiyyə idarəetməsi ixtisasının tələbələri ilə onlayn tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə fakültənin dekanı Əşrəf Ələkbərov açaraq qeyd etmişdir ki, “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 03 aprel tarixli Sərəncamının icrası diqqətdə saxlanılmaqla hami təşkilat və universitetin tələbələri arasında mütəmadi görüşlər təşkil edilir. Bu günkü onlayn tədbirin də əsas məqsədi tələbələrin startap layihələrinin hazırlanması və təqdimatı sahəsindəki bilik və bacarıqlarını daha da artırılmasına xidmət edir.

Naxçıvan Muxtar Respublikası  Ədliyyə Nazirliyinin əməkdaşı Səttar Zamanov “Bələdiyyə fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi” mövzusunda çıxış edərək tələbələrə geniş məlumat vermişdir. Qeyd etmişdir ki,bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi qanunla müəyyən edilir. Qanuna görə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir. Bu sahədə nazirliyin əsas vəzifələrindən biri də bələdiyyələrin işinin təşkilinə kömək etmək və onlara metodolji yardım göstərmək, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirməkdir. İnzibati nəzarətin həyata keçirilməsini təmin etmək məqsədi ilə bələdiyyələr qəbul etdikləri aktların bir surətini həmin aktların qəbul edildiyi andan 15 gündən gec olmayaraq  inzibati nəzarəti həyata keçirən orqana göndəməlidirlər.

Sonra tələbələrə nazirliyə bələdiyyələr tərəfindən daxil olan aktlar, qərarlar, protokollar, sorğular barədə ətraflı məlumat verilmiş, sənəd nümunələri əyani şəkildə nümayiş etdirilmiş, sənədlərin qeydiyyatı proseduru izah edilmişdir.

Sonda inzibati nəzarətin aparılması qaydaları barədə tələbələri maraqlandıran suallar cavablandırılmış, müzakirələr aparılmışdır.

        Naxçıvan Muxtar Respublikası

     Ədliyyə Nazirliyinin mətbuat xidməti