date saat

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 03 aprel tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamından irəli gələn vəzifələrin icrası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə saxlanılır. Bu məqsədlə nazirlik tərəfindən hamiliyə götürülmüş Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakultəsinin hüquqşünaslıq ixtisası üzrə tələbələrinin onlayn təcrübə keçmələri təşkil edilmişdir.

Qeyd olunub ki, ötən dövrdə ədliyyə orqanlarında “Ədliyyə könüllüləri” proqramı istiqamətində innovativ ideyaların dəstəklənməsi məqsədilə tələbələrlə birgə nazirliyin fəaliyyət istiqamətlərinə uyğun yönləndirici layihələr həyata keçirilib. Bu layihələrin həyata keçirilməsində tələbələrin könüllü olaraq nazirliyin fəaliyyət istiqamətlərinə uyğun gördüyü işlərə cəlb edilməsi yeni layihələri üzə çıxarmağa xidmət edir.

Sonra tələbələrin nazirliyin Məhkəmə Ekspertizası Mərkəzində ballistik və sənədlərin texniki ekspertizaları laboratoriyalarında onlayn təcrübə keçmələri təşkil edilmişdir. Təcrübə müddəti tələbələrə ballistik və sənədlərin texniki ekspertizalarının anlayışı, obyektləri, vəzifələri və predmeti haqqında ümumi məlumat verilmiş, məhkəmə tədqiqatı üçün nəzərdə tutulan avadanlıqlarla tanış edilmiş, laboratoriyalarda müvafiq aparatların köməyi ilə aparılan ekspertiza işləri izahlı şəkildə təqdim olunmuşdur.

Sonda mövzu ətrafında müzakirələr aparılmış və ekspertiza sahəsində tələbələri maraqlandıran suallar cavablandırılmışdır.  

           Naxçıvan Muxtar Respublikası

     Ədliyyə Nazirliyinin mətbuat xidməti