date saat

Ədliyyə Nazirliyi  tərəfindən əsas fəaliyyət istiqamətlərindən biri olan məhkəmə qərarlarının icrası daim diqqət mərkəzində saxlanılır. İcra orqanlarının fəaliyyətinə köməklik göstərilməsi, icradan yayınan borclular barədə profilaktik tədbirlərin görülməsi məqsədilə nazirliyin aidiyyatı şöbə və bölmələrinin əməkdaşları yerli icra və probasiya qurumlarında olurlar.

Borclularla növbəti profilaktiki tədbir Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsində təşkil edilmişdir.  İcradan yayınan borclularla aparılan söhbət zamanı onlara icra sənədi üzrə tələbin qəsdən və ya vaxtında icra edilməməsinin, tələbin icrasına maneçilik törətmənin yaratdığı inzibati və cinayət məsuliyyəti barədə məlumat verilmiş, qanunvericiliyin tələbləri izah edilmişdir.

 

Borcluların diqqətinə çatdırılmışdır ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununa əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, borclu şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə, icra sənədi qərəzli olaraq icra edilmədikdə,  məhkəmə qərarını icra etməyə borclu olan şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunur. Bildirilmişdir ki, icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə təqsirkar şəxslər inzibati məsuliyyətə cəlb edildikdən sonra qanunsuz hərəkətlərini davam etdirdikləri təqdirdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən cinayət məsuliyyətinə cəlb edilirlər.

Nazirliyin əməkdaşları tərəfindən məhkəmə qərarlarının icrasıyla əlaqədar borclularla aparılan profilkatiki söhbətlərin mütəmadi olaraq davam etdirilməsi nəzərdə tutulmuşdur.

         

           Naxçıvan Muxtar Respublikası

     Ədliyyə Nazirliyinin mətbuat xidməti