date saat

Bu gün ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının qorunması, cəmiyyətdən təcrid etmədən islah olunma metodlarının təşkil edilməsi diqqət mərkəzində saxlanılır. Qanunun aliliyini rəhbər tutaraq aparılan islahatlar nəticəsində cəza siyasətinə, cinayət qanunvericiliyinə, məhkumların hüquqlarının təminatı məsələlərinə baxışın yenilənməsi sahəsində mühüm uğurlar əldə edilmişdir. Penitensiar sistemin fəaliyyətinin təkmilləşdirilməsi nəticəsində mütərəqqi vasitələrin tətbiqi genişlənmişdir.

“Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının məqsədlərindən biridə cinayət törətmiş şəxslərin cəmiyyətdən təcrid olunmadan islah edilməsi üçün şəraitin yaradılmasından ibarətdir. Respublikamızda penitensiar sahənin inkişafına doğru aparılan islahatlara uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 may 2018-ci il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin probasiya sahəsində fəaliyyət istiqaməti yaradılmışdır.

Probasiya xidməti cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzaların icrasını təşkil edir. Sadalanan cəzalara, həmçinin, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya məhkəmə tərəfindən cəzasının çəkilməsi təxirə salınmış, cinayət törətmiş və alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş (cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumlar istisna olmaqla), habelə inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş və barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər üzərində probasiya nəzarətinin həyata keçirilməsini, ictimai işlər növündə inzibati tənbehin icrasını təşkil edir, üzərində probasiya nəzarəti həyata keçirilən şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin profilaktikası işini həyata keçirir.

Cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların icrasına effektiv nəzarətin təşkili və bu sahədə idarəetmənin səmərəliliyinin artırılması məqsədilə ədliyyə sistemində yaradılan yeni  probasiya sahəsi müasir informasiya kommunikasiya texnologiyaları ilə elektron nəzarət vasitələrinin tətbiqini həyata keçirir. Qeyd olunan cəzalara məhkum edilmiş şəxslər üzərində probasiya nəzarəti elektron  vasitələrlə həyata keçirilir. Bu vasitələrə məhkumların üzərinə taxılması nəzərdə tutulan elektron nəzarət vasitəsi, mobil qurğular, eləcə də izlənmə monitorları daxildir.

Naxçıvan Muxtar Respublikası ərazisində elektron nəzarəti həyata keçirmək məqsədilə nazirlikdə elektron izlənmə sistemi qurulmuşdur. Sistem Azərbaycan Respublikası Ədliyyə Nazirliyində yerləşən mərkəzi serverə qoşuludur. İcra məmurları tərəfindən elektron nəzarət vasitəsi azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş  şəxslərin üzərinə bağlanır ki, bu da onların hərəkət trayektoriyalarının  izlənməsinə, müvafiq məlumatların izlənmə monitoruna ötürülməsinə imkan yaradır. İzlənmə monitoru 24 saat ərzində fasiləsiz aparılan bütün izlənmə məlumatlarını qəbul edir, məhkum edilmiş şəxslərlə operativ əlaqəni təmin edir və ona nəzarəti həyata keçirir.

Hazırda Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin İcra və probasiya şöbəsində məhkumlara elektron nəzarət vasitələri tətbiq edilərək onların fasiləsiz izlənməsi təmin edilir. Nazirliyin əməkdaşlar tərəfindən koronavirus  pandemiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Naxçıvan Muxtar Respublikasında aparılan ardıcıl tədbirlərə uyğun olaraq üzərinə probasiya nəzarəti tətbiq edilən şəxslərlə maarifləndirici-profilaktik söhbətlər aparılmışdır. Ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq zərurət olmadan evdən çıxmamaları barədə həmin məhkumlara tövsiyyələr verilmiş, sosial məsuliyyətləri izah olunmuşdur.

 

       Naxçıvan Muxtar Respublikası

     Ədliyyə Nazirliyinin mətbuat xidməti