date saat

Ədliyyə fəaliyyətinin əsas istiqamətlərindən biri də məhkəmə ekspertizası işinin təşkil edilməsidir. Cinayətkarlıqla mübarizədə və ədalət mühakiməsinin həyata keçirilməsində bu sahə mühüm əhəmiyyətə malikdir. Ekspertizaların tam, dolğun şəkildə tədqiqi üçün müasir texniki  avadanlıqların olması vacib amillərdən biridir. Muxtar respublika rəhbərliyi tərəfindən ədliyyə sisteminin inkişafına göstərilən diqqət və qayğı ekspertiza sahəsini də əhatə etmişdir. Görülən tədbirlər çərçivəsində Məhkəmə Ekspertizası Mərkəzinin fəaliyyəti təkmilləşdirilib, maddi-texniki bazası möhkəmləndirilib və mərkəz ixtisaslaşmış aparıcı şirkətlərin istehsalı olan müasir kriminalistik avadanlıqlarla təchiz olunmuşdur.

Mərkəzdə aparılan tədqiqatların hərtərəfliliyini və tamlığını təmin etmək, o cümlədən ekspertiza sahəsində rast gəlinən problemlərin aradan qaldırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Sərəncamı ilə Məhkəmə Ekspertizası Mərkəzinə Avropa Məhkəmə Ekspertizaları Birliyinin yüksək standartlarına cavab verən 16 adda kimyəvi maddələr  və tozlar olmaqla, ümumilikdə 62 adda müxtəlif təyinatlar üzrə müasir avadanlıqlar alınmaqla ekspertlərin istifadəsinə verilmişdir.

Nazirliyin rəhbərliyi tərəfindən yeni alınmış avadanlıqlara baxış keçirilmişdir. Baxış zamanı istifadəyə verilmiş müasir texniki avadanlıqların imkanları barədə məlumat verilmişdir. Bildirilib ki, alınan avadanlıqlar ən müasir texniki göstəricilərə malikdir. Müxtəlif təyinatlı kimyəvi tozlarla əşyalar üzərində daktiloskopik ekspertizaların keçirilməsi mümkün olacaqdır. Alınan avadanlıqlar ekspertiza tədqiqatlarının dolğun və dəqiq aparılmasına, rəylərin mötəbərliyinin təmin olunmasına və yeni növ ekspertizaların keçirilməsinə imkan verəcək, ekspertiza sahəsində yaranan çətinliklərin və nöqsanların aradan qaldırılmasına xidmət edəcəkdir.

Baxış zamanı nazirliyin rəhbərliyi tərəfindən istifadəyə verilmiş avadanlıqların qorunub saxlanılması, yeni avadanlıqların istifadə qaydalarının dərindən öyrənilməsi və ekspertlər tərəfindən rəylərin daha düzgün tərtib olunması barədə tapşırıqlar verilmişdir.

 

       Naxçıvan Muxtar Respublikası

     Ədliyyə Nazirliyinin mətbuat xidməti