date saat

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin İcra və probasiya şöbə və bölmələrinin əməkdaşlarının iştirakı ilə altıncı çağırış  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında qarşıya qoyulan vəzifələrin icrasıyla əlaqədar xidməti müşavirə keçirilib.

Müşavirədə Ədliyyə naziri II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev çıxış edərək bildirib ki, 24 fevral 2020-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı çağırış birinci sessiyasında bütün dövlət orqanlarının, o cümlədən Ədliyyə Nazirliyinin qarşısına mühüm vəzifələr qoyulub. Qarşıya qoyulan vəzifələrin icrasıyla əlaqədar nazirlik tərəfindən maarifləndirmə diqqətdə saxlanılmalı, məhkəmə qərarlarının vaxtında icrasına diqqət yetirilməli və bələdiyyələrin fəaliyyətinə nəzarət düzgün təşkil olunmalıdır.

Nazir 2020-ci ilin ötən iki ayı ərzində görülən işlərin statistikası haqqında məlumat verərək bildirib ki, nazirliyin icra və probasiya şöbə və bölmələrinin icraatına 2020-ci ilin yanvar və fevral ayları ərzində 610 icra sənədi daxil olmuşdur. Bunlardan 233 icra sənədi tam icra olunmuş, 348 icra sənədi icraya yönəlmiş, 15 icra sənədi geri qaytarılmış, 14 icra sənədi ərazi aidiyyəti üzrə göndərilmiş və 3 nəfər borclu barəsində axtarış qərarı verilmişdir.

Xüsusi fonda 10437 manat pul ödənilmişdir. İcra sənədini üzrsüz səbəbdən icra etmədiyinə görə 48 nəfər borclunun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmış, məhdudiyyətin qoyulmasına əsas olmuş hallar aradan qalxdığına görə 49 nəfər borclunun üzərindən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması götürülmüşdür. Həmçinin, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin icra və probasiya şöbə və bölmələrinin icraatında olan aliment tələbi ilə bağlı icra sənədləri üzrə 7 nəfər borclu inzibati qaydada həbs edilmişdir. Ötən illərdən icrası davam etdirilən icra sənədlərindən 563 icra sənədi icra olunaraq icrasına xitam verilmişdir. İcra və probasiya şöbə və bölmələrinin əməkdaşları 2020-ci ilin yanvar və fevral ayları ərzində 224 mülki, 60 inzibati və 45 cinayət işi üzrə olmaqla, ümumilikdə 329 məhkəmə iclasında iştirak etmişlər. İcradan yayınan və barələrində axtarış qərarı verilmiş 29 nəfər borclu yanvar və fevral ayları ərzində polis orqanları tərəfindən tutularaq icra və probasiya şöbə və bölmələrinə təhvil verilmişdir. Müqayisə üçün qeyd edək ki, nazirliyin icra və probasiya şöbə və bölmələrinin icraatına 2019-cu ilin müvafiq dövrü ərzində 686 icra sənədi daxil olmuşdur. Bu isə onu göstərir ki, bu ilin 2 ayı ərzində 86 icra işi azalma var.

Məruzə ətrafında yerli icra və probasiya qurumlarının rəhbərləri, nazirliyin İcra və probasiya şöbəsinin rəisi və nazir müavini çıxış etdilər.

Nazir sessiyadan irəli gələn tapşırıqları əməkdaşların diqqətinə çatdıraraq, bildirdi ki, qarşıya qoyulan vəzifələrin icrasıyla əlaqədar marifləndirmə tədbirlərinə geniş yer verilməlidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bütün sessiyalarda huquq-muhafizə orqanları qarşısında qoyduğu əsas tələblərdən biri kimi marifləndirmə işi gücləndirilməli, yalnız kəmiyyət göstəricisi deyil, keyfiyyət səviyyəsinin də artırılması və nazirliyin fəaliyyət istiqamətinin bir sahəsi olması da nəzərə alınmaqla əsas götürülməlidir. İcra məmurları daxil olmuş icra vərəqəsinin qeydiyyatını vaxtında aparmalı, icraata başlamaq haqqında qərarın qəbul edilməsi, tələbin könüllü icra olunması ilə bağlı bildirişlərin göndərilməsini gündəlik olaraq nəzarətdə saxlamalı, inzibati qaydada məsuliyyətə cəlb olunmaları və cinayət işinə qədər zəruri icra tədbirlərini həyata keçirməlidirlər. İcra məmurları gündəlik qanunvericlikdə olan dəyişiklikləri izləməli, icra işlərinə baxmalı, hər bir işə fərdi təşəbüskarlıqla yanaşmalı və işlər arasında fərq qoymamalıdırlar. Maarifləndirmə tədbirlərinin diqqətdə saxlanılmasına nazirliyin sturukturuna daxil olan bütün şöbə və bölmələr, xüsusilə də bu sahədə fəaliyyət göstərən qanunvericilik və istintaq bölməsi öz töhvəsini verməlidir.

Qeyd olunub ki, nazirliyin İcra və probasiya şöbəsinin əməkdaşlarından ibarət yaradılmış qrup ötən ildən icrası davam etdirilən vacib işləri öz üzərlərinə götürüb onların icrasına köməklik edirlər. 2020-ci ilin yanvar fevral aylarında bu qrup tərəfindən Naxçıvan, Şərur və Sədərək rayon icra və probasiya şöbə və bölmələrinin icraatında olan 237 icra işi üzrə ödəmələr tam təmin edilmişdir. Bundan sonra da bu istiqamətdə görülən işlər bütün digər söbə və bölmələri əhatə etməlidir. Probasiya sahəsi üzrə işlərimiz günün tələblərinə uyğun qurulmalı və nəzarətdə saxlanılmalıdır.

Sonda nazir bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin verdiyi tapşırıqların icrasını bütün səy və bacarığımızla həyata keçirəcək, 2020-ci ildə icra işlərinin vaxtında icra olunması diqqətdə saxlanılacaqdır. Bundan sonra da icraatda olan işlərin icra olunma faizi yüksəldilməli, aliment və pul tələblərində ödəmələrin vaxtında aparılması təmin edilməli, icradan yayınan borclular barəsində müvafiq tədbirlər görülməsi işi sürətləndirilməlidir.

 

         Naxçıvan Muxtar Respublikası

     Ədliyyə Nazirliyinin mətbuat xidməti