date saat
Ədliyyə Naziliyində 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilmişdir. Ədliyyə naziri Suliddin Əliyev bayram münasibətilə kollektivin qadın əməkdaşlarını təbrik etmiş, onlara işlərində müvəffəqiyyətlər, möhkəm cansağlığı arzulamışdır. Qadınların ölkəmizin ictimai-siyasi həyatında böyük rol oynadıqlarını xüsusi vurğulamış, onların xidmətlərini yüksək qiymətləndirmişdir. Bildirmişdir ki, vaxtilə ümummilli lider Heydər Əliyev qadınların fəaliyyətlərini, gənc nəslin sağlam, vətənpərvərlik ruhunda böyüməsində əməyini yüksək qiymətləndirmiş, onlara daim böyük diqqət və qayğı göstərmişdir. Ümummilli lider qadınların cəmiyyətdəki rolunu yüksək qiymətləndirərək demişdir:"Cəmiyyətdə qadınların üzərinə daim çox böyük vəzifələr düşür, onların işi həmişə ağırdır. Ancaq onlar bu vəzifələri şərəflə yerinə yetirir və həmişə olduğu kimi indi də cəmiyyətdə aparıcı rol oynayırlar".
Muxtar respublikamızda da qadınların xüsusi diqqət və qayğı ilə əhatə olunduqlarını qeyd edən nazir ədliyyə sistemində qadınların sayının ilbəil artdığını bildirmişdir. Qeyd olunub ki, nazirliyin sturukturunda çalışan əməkdaşlarımızdan 52 nəfəri qadındır, bunlardan 20 qadın inzibati, 32 qadın isə yardımçı vəzifədə çalışır. Nazirliyin fəaliyyət istiqamətləri üzrə işində qadın əməkdaşlarımızın əməyi təqdirəlayiqdir. Onlar da digər əməkdaşlarımız kimi üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində ədliyyə orqanlarında çalışan qadın əməkdaşlarımızın səmərəli fəaliyyəti yüksək qiymətləndirilib. 2 nəfər əməkdaşımız dövlət təltiflərinə layiq görülüb.
Qadınlarımız istər ölkəmizdə, istər muxtar respublikamızda öz işi, bacarığı, bir sözlə, əvəzsiz çoxşaxəli ictimai fəaliyyəti ilə Azərbaycan xanımlarını ən yüksək səviyyədə təmsil edirlər.
Tədbirin sonunda Ədliyyə Nazirliyinin qadın əməkdaşlarına hədiyyələr təqdim edilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti