date saat
Martın 6-da Kəngərli rayonunda yeni formalaşan bələdiyyə üzvləri və qulluqçularının maarifləndirilməsi istiqamətində “Yerli özünüidarəetmənin həyata keçirilməsində qanunvericiliyin əsasları ” mövzusunda seminar keçirilmişdir. Seminarda Ədliyyə Nazirliyinin əməkdaşları tərəfindən “Bələdiyyə fəaliyyətinin təşkili ilə bağlı qanunverciliyin tələbləri”, “Yerli özünüidarənin hüquqi təminatları, bələdiyyə üzvünün hüquq və vəzifələri” və “Bələdiyyə əmlakının idarə olunması ilə bağlı qanunvericiliyin tələbləri və yerli özünüidarə orqanlarının fəaliyyətinə inzibati nəzarət” mövzularında çıxışlar edilmişdir.
“Bələdiyyə fəaliyyətinin təşkili ilə bağlı qanunverciliyin tələbləri” mövzusunda Ədliyyə Nazirliyinin şöbə rəisi baş ədliyyə müşaviri Səttar Zamanov çıxış edərək bildirib ki, bələdiyyələrin fəaliyyətinin təşkil edilməsinə köməklik göstərilməsi və onlara metodoloji yardım göstərilməsi və fəaliyyətlərinə inzibati nəzarətin həyata keçirilməsi Ədliyyə Nazirliyinin mühüm fəaliyyət istiqamətlərindən biridir. Bələdiyyə üzvünün fəaliyyətinin əsas təminatları “Bələdiyyə üzvünün statusu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Həmin qanuna əsasən bələdiyyə üzvünün səlahiyyətlərinin maneəsiz və səmərəli həyata keçirilməsinə, hüquqlarının, şərəf və ləyaqətinin qorunmasına dövlət tərəfindən təminat verilir.
Bələdiyyə üzvləri və qulluqçuları fəaliyyətlərini tənzimləyən qanunvericilik aktlarını öyrənməli və qəbul edilən bələdiyyə qərarları normativ hüququn tələblərinə zidd olmamalıdır. Qanunçuluq prinsipinə riayət olunmasının təmin edilməsi ilə bağlı bələdiyyənin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın təklif və tövsiyələri bələdiyyələrin iclaslarında müzakirə olunmalıdır. Bu da bələdiyyələrin fəaliyyətində qanunçuluğun təmin edilməsini, profilaktik və maarifləndirici tədbirlərin həyata keçirilməsini zəruri edir. Qeyd edilmişdir ki, yeni seçilən bələdiyyə üzvləri və qulluqçuları ilə keçirilən bu tədbir maarifləndirmə xarakterlidir və bələdiyyə fəaliyyətinin təşkilinin təkmilləşdirilməsinə əməli köməklik məqsədi daşıyır.
Bələdiyyələrlə iş mərkəzinin baş məsləhətçisi, I dərəcəli ədliyyə qulluqçusu Xətai Məmmədzadə “Bələdiyyə əmlakının idarə olunması ilə bağlı qanunverciliyin tələbləri və yerli özünüidarə orqanlarının fəaliyyətinə inzibati nəzarət” mövzusunda çıxış edərək qeyd etdi ki, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu bələdiyyələrin yaradılmasının prinsiplərini, rolunu, yerli özünüidarənin hüquqi, iqtisadi və maliyyə əsaslarını, onun həyata keçirilməsi üçün dövlət təminatlarını müəyyənləşdiribdir.
“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları tənzimlənir. Bələdiyyə torpaqlarının tərkibinə müvafiq inzibati ərazi daxilində dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar daxildir. İstifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. Yerli özünüidarə orqanları qanunla müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, fiziki və hüquqi şəxslərin icarəsinə verir, bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq vergisini və icarə haqqını alırlar.
Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı ilə həyata keçirilir. Bələdiyyə torpaqları ümumi istifadəyə, habelə daimi istifadəyə verilir. Bələdiyyə torpaqlarının icarəyə verilməsi şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və tərəflər arasında qanunverciliklə müəyyən edilmiş qaydada bağlanmış müqavilədə təsbit olunur. Bələdiyyələrin ehtiyat fondundan yaşayış məntəqələrinin perspektiv inkişafı üçün ayrılan torpaqlar hüquqi və fiziki şəxslərin icarəsinə yalnız qısa müddətə verilir. Bələdiyyə mülkiyyətində olan və icarəyə verilən torpaqlardan səmərəli və məqsədli təyinatı üzrə istifadə edilməlidir. Torpaq sahəsinin ayrılması bələdiyyənin qərarı, sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerqurluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir.
“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. Qeyri-qanuni istifadə edilən özbaşına tutulmuş torpaq sahələri torpaq və mükli qanunverciliyə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır.
Qanunvericilik bölməsinin rəisi ədliyyə müşaviri Ayaz Məhərrəmov “Yerli özünüidarənin hüquqi təminatları, bələdiyyə üzvünün hüquq və vəzifələri” mövzusunda çıxış edərək bildirib ki, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda yerli özünüidarənin anlayışı verilmiş, Azərbaycan Respublikası vətəndaşlarının yerli özünüidarə hüququ təsbit olunmuş, bələdiyyələrin sosial, iqtisadi və ekoloji sahələrdə fəaliyyətlərinin istiqamətləri, bələdiyyə üzvlərinin, bələdiyyələrin daimi komissiyalarının səlahiyyətləri və vəzifələrı müəyyən olunmuşdur.
Vurğulanıb ki, bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz. Bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər. Ədliyyə Nazirliyi bələdiyyələrin fəaliyyətinin təşkilinə kömək edir və onlara yerli özünüidarəetmə fəaliyyətinin qanunauyğun həyata keçirilməsi sahəsində metodoloji yardım göstərilməsi üzrə tədbirlər görür. Yerli əhəmiyyətli məsələlərin həllində bələdiyyə fəaliyyətinin səmərəliliyinin ilbəil artması əhalinin yerli özünüidarə orqanlarına inamını gücləndirir və bələdiyyə üzvlərini öz vəzifələrini daha səmərəli yerinə yetirməyə sövq edir .
“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsinin hüquqi əsasları müəyyən edilmişdir. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət bələdiyyələr tərəfindən qanunvericiliyin pozulması hallarının aradan qaldırılması məqsədi ilə həyata keçirilən fəaliyyətdir və bu fəaliyyət yalnız qanunçuluğa əməl olunması baxımından həyata keçirilir. Bələdiyyələr inzibati nəzarətin həyata keçirilməsini təmin etmək məqsədi ilə onlar tərəfindən qəbul edilən aktların bir surətini həmin aktların qəbul edildiyi andan 15 gündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərini pozan şəxslər qanunverciliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
Tədbirin sonunda nazirliyin əməkdaşları tərəfindən bələdiyyə üzvlərinə iclas protokollarının və qərar lahiyələrinin hazırlanması, qeydiyyat kitablarının işlənilməsi, torpaqların mülkiyyət və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi qaydaları izah edilmiş, torpaq və əmlak vergisinin hesablanması, tədiyyə bildirişlərinin doldurulması, kargüzarlıq və arxiv işinin təşkili, bələdiyyə idarəetməsinin digər məsələləri ilə bağlı əməli köməkliklər göstərilmiş və qeyd olunanlarla bağlı sənəd nümunələri təqdim olunmuşdur.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti