date saat
Azərbaycan Respublikasının hərtərəfli, dinamik, sosial-iqtisadi inkişafı və bütün sahələrdə əldə olunan böyük uğurlar bələdiyyə fəaliyyətinin təkmilləşdirilməsi üçün əlverişli imkanlar yaratmışdır. Bütün bunların əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və respublikamızın gələcək inkişafına yönəlmiş hərtərəfli yüksəlişin və demokratik inkişafın təsdiqidir.
2019-cu ildə ölkəmizin ictimai-siyasi həyatında baş verən mühüm hadisələrdən biri də dekabrın 23-də keçirilən növbəti bələdiyyə seçkiləri olmuşdur. Beşinci dəfə keçirilən seçkilər nəticəsində bələdiyyələrin yeni tərkibi formalaşmış, vətəndaşlarımız yerli özünüidarəetmə orqanlarında təmsil olunmuş və yerli əhəmiyətli məsələlərin həllində yaxından iştirak etmək imkanı qazanmışlar.
Martın 2-də Ordubad rayonunda yeni seçilmiş bələdiyyə üzvlərinin və bələdiyyə qulluqçularının maarifləndirilməsi məqsədilə Ədliyyə Nazirliyinin əməkdaşları tərəfindən seminar keçirilmişdir. Seminarda bələdiyyə fəaliyyəti ilə əlaqədar qanunvericiliyin tələbləri, yerli özünüidarənin hüquqi təminatları, bələdiyyə üzvlərinin hüquq və vəzifələri, bələdiyyə əmlakının idarə olunması və onların fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi məsələlərinə toxunulmuşdur.
“Bələdiyyə fəaliyyətinin təşkili ilə bağlı qanunverciliyin tələbləri” mövzusunda Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi, kiçik ədliyyə müşaviri Cəfər Zülfüqarov çıxış edərək qeyd etdi ki, nazirliyin əsas fəaliyyət istiqamətlərindən biri də bələdiyyələrin fəaliyyətinin təşkil edilməsinə köməklik göstərilməsi və onların fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsidir. Yerli özünüidarəetmə orqanları demokratik cəmiyyətin əsaslarından birini təşkil etməklə yerli idarəetmədə vətəndaşların iştirakını təmin edən mühüm vasitədir. Bələdiyyə üzvünün fəaliyyətinin əsas təminatları “Bələdiyyə üzvünün statusu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Həmin qanuna əsasən bələdiyyə üzvünün səlahiyyətlərinin maneəsiz və səmərəli həyata keçirilməsinə, hüquqlarının, şərəf və ləyaqətinin qorunmasına dövlət tərəfindən təminat verilir.
Qanunverciliyə görə bələdiyyənin iclası bələdiyyə üzvlərinin ümumi yığıncağıdır və ayda bir dəfədən az olmayaraq, bələdiyyənin sədri tərəfindən, yaxud bələdiyyə üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılır. Bələdiyyə iclası iclasda iştirak edən bələdiyyə üzvlərinin qeydiyyatından başlanır. İclas bələdiyyə üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir. Bələdiyyə iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir. Bələdiyyə iclasında baxılan məsələlərə dair qərarlar bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə, yerli vergilər və ödənişlər ilə bağlı qərarlar isə bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilir. Bələdiyyənin bütün iclasları protokollaşdırılır.
Bildirilib ki, bələdiyyə fəaliyyətini tənzimləyən qanunvericilik aktları bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları tərəfindən öyrənilməli və qəbul edilən bələdiyyə qərarları normativ hüququn tələblərinə zidd olmamalıdır. Qanunçuluq prinsipinə riayət olunmasının təmin edilməsi ilə bağlı bələdiyyənin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın təklif və tövsiyələri bələdiyyələrin iclaslarında müzakirə olunmalıdır. Bu da bələdiyyələrin fəaliyyətində qanunçuluğun təmin edilməsini, profilaktik və maarifləndirici tədbirlərin keçirilməsini zəruri edir.
Bələdiyyələrlə iş mərkəzinin baş məsləhətçisi, I dərəcəli ədliyyə qulluqçusu Xətai Məmmədzadə “Bələdiyyə əmlakının idarə olunması ilə bağlı qanunverciliyin tələbləri və yerli özünüidarə orqanlarının fəaliyyətinə inzibati nəzarət” mövzusunda çıxış edərək qeyd etdi ki, Azərbaycan Respublikasında yerli özünüidarə vətəndaşların fəaliyyətinin təşkilinin elə bir sistemidir ki, bu sistem onlara qanun çərçivəsində yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə yerinə yetirmək imkanı verir. Yerli özünüidarə orqanlarının iqtisadi əsaslarını bələdiyyə mülkiyyəti, yerli maliyyə və bələdiyyə sakinlərinin təlabatının ödənilməsinə xidmət edən əmlak təşkil edir. Bələdiyyə mülkiyyətinin əsasını bələdiyyə torpaqları təşkil edir.
“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları tənzimlənir. Bələdiyyə torpaqlarının tərkibinə müvafiq inzibati ərazi daxilində dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar daxildir. İstifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. Yerli özünüidarə orqanları qanunla müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, fiziki və hüquqi şəxslərin icarəsinə verir, bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq vergisini və icarə haqqını alırlar.
Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı ilə həyata keçirilir. Bələdiyyə torpaqları ümumi istifadəyə, habelə daimi istifadəyə verilir, torpaqlarının icarəyə verilməsi şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və bələdiyyələr ilə həmin torpaqların icarəçiləri arasında qanunverciliklə müəyyən edilmiş qaydada bağlanmış müqavilədə təsbit olunur. Bələdiyyələrin ehtiyat fondundan yaşayış məntəqələrinin perspektiv inkişafı üçün ayrılan torpaqlar hüquqi və fiziki şəxslərin icarəsinə yalnız qısa müddətə verilir. Bələdiyyə mülkiyyətində olan və icarəyə verilən torpaqlardan səmərəli və məqsədli təyinatı üzrə istifadə edilməlidir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırması qaydaları haqqında” Əsasnamə ilə tənzimlənir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda göstərilir ki, bələdiyyə mülkiyyətində olan torpaqlardan istifadəyə və onların mühafizəsinə nəzarəti bələdiyyələr həyata keçirirlər.
“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən qeyri-qanuni istifadə edilən(özbaşına tutulmuş)bələdiyyə torpaqları qanunverciliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. Qeyri-qanuni istifadə edilən özbaşına tutulmuş torpaq sahələri torpaq və mülki qanunverciliyə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır.
“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsinin hüquqi əsasları müəyyən edilmişdir. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət bələdiyyələr tərəfindən qanunvericiliyin pozulması hallarının aradan qaldırılması məqsədi ilə həyata keçirilən fəaliyyətdir və bu fəaliyyət yalnız qanunçuluğa əməl olunması baxımından həyata keçirilir. Bələdiyyələr inzibati nəzarətin həyata keçirilməsini təmin etmək məqsədi ilə onlar tərəfindən qəbul edilən aktların bir surətini həmin aktların qəbul edildiyi andan 15 gündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. Qanunun tələblərini pozan şəxslər qanunverciliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunan bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər 400 manatdan 600 manatadək cərimə edilirlər.
“Yerli özünüidarənin hüquqi təminatları, bələdiyyə üzvünün hüquq və vəzifələri” mövzusunda Qanunvericilik bölməsinin rəisi, ədliyyə müşaviri Ayaz Məhərrəmov çıxış edərək bildirib ki, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu bələdiyyələrin fəaliyyətin tənzimləyən əsas normativ hüquqi aktdır. Həmin qanunda yerli özünüidarənin anlayışı verilmiş, Azərbaycan Respublikası vətəndaşlarının yerli özünüidarə hüququ təsbit olunmuş, bələdiyyələrin sosial, iqtisadi və ekoloji sahələrdə fəaliyyətlərinin istiqamətləri, bələdiyyə üzvlərinin, bələdiyyələrin daimi komissiyalarının səlahiyyətləri və vəzifələrı müəyyən olunmuşdur.
Respublikamızda həyata keçirilən demokratik və hüquqi islahatların əsasını və əsas istiqamətlərini 1995-ci il noyabr ayının 12-də ümumxalıq səsverməsi referumla qəbul edilmiş ölkəmizin ilk konstitusiyası qoymuşdur. Konstitusion təminatların vacibliyi nəzərə alınaraq, yerli özünüidarənin əsas prinsipləri konstitusiyanın “Yerli özünüidarəetmə” adlanan dördüncü bölməsində və 150-ci maddəsində təsbit edilmişdir. Azərbaycan Respublikasında yerli özünüidarənin konstitusion təminatları bütün hüquqi təminatların əsasını təşkil edir.
Vurğulanıb ki, bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz. Bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər. Yerli əhəmiyyətli məsələlərin həllində bələdiyyə fəaliyyətinin səmərəlliyinin ilbəil artması əhalinin yerli özünüidarə orqanlarına inamını gücləndirir və bələdiyyə üzvlərini öz vəzifələrini daha səmərəli yerinə yetirməyə sövq edir .
Tədbirin sonunda nazirliyin əməkdaşları tərəfindən bələdiyyə üzvlərinə iclas protokollarının və qərar lahiyələrinin hazırlanması, qeydiyyat kitablarının işlənilməsi, torpaqların mülkiyyət və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi qaydaları izah edilmiş, torpaq və əmlak vergisinin hesablanması, tədiyyə bildirişlərinin doldurulması, kargüzarlıq və arxiv işinin təşkili, bələdiyyə idarəetməsinin digər məsələləri ilə bağlı əməli köməkliklər göstərilmiş və qeyd olunanlarla bağlı onlara sənəd nümunələri təqdim olunmuşdur.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti