date saat
Fevralın 1-də Ədliyyə Nazirliyində Qeydiyyat və notariat şöbəsinin yerli qurumlarının əməkdaşlarının iştirakı ilə 2019-cu ilin yekunlarına dair kollegiya iclasından irəli gələn vəzifələrlə əlaqədar müşavirə keçirilib.
Nazirliyin Qeydiyyat və notariat şöbəsinin rəisi ədliyyə müşaviri Səyyub Kərimov çıxış edərək 2019-cu il ərzində şöbənin yerli qurumlarının fəaliyyəti barədə məlumat verib. Bildirib ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, hüquqi şəxslərin qeydiyyatı və notariat əməliyyatları zamanı dövlət büdcəsinə ödənilməsi, qeydiyyat şöbələrində, dövlət və xüsusi notariat ofislərində əmək və icra intizamına əməl oluması, qeydiyyat şöbələrinin işçilərinin, notariusların peşəkarlıq səviyyələrinin artırılması xüsusi nəzarətdə saxlanılmış, icra nümayəndəliklərində yoxlamalar keçirilmiş və aşkar olunmuş nöqsanların aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirilmişdir.
Qeyd olunub ki, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən Ədliyyə Nazirliyinin fəaliyyətinə dair verilən tapşırıqlardan biri də xüsusi qaydada fəaliyyət göstərən notariusların qanunvericiliyə əməl etməsinə nəzarət edilməsi olmuşdur.
Tapşırıqların icrasıyla əlaqədar 2019-cu ilin sentyabr, oktyabr və noyabr ayları ərzində muxtar respublikada fəaliyyət göstərən xüsusi notariat ofislərində yoxlamalar aparılmış və nəticələrə dair arayışlar tərtib edilmişdir.
Hesabat ili ərzində muxtar respublikada fəaliyyət göstərən xüsusi notariat ofisləri tərəfindən 51576 müxtəlif məzmunlu notariat əməliyyatları aparılmışdır. Dövlət notariat ofisləri tərəfindən 17315 müxtəlif məzmunlu notariat əməliyyatları aparılmış və dövlət büdcəsinə 117780 manat dövlət rüsumu ödənilmişdir. 2019-cu il ərzində Qeydiyyat şöbələri tərəfindən 12814 əməliyyat aparılmış və dövlət büdcəsinə 23514 manat dövlət rüsumu ödənilmişdir.
Nazirliyin əsas fəaliyyət istiqamətlərindən olan hüquqi maarifləndirmə tədbirləri Qeydiyyat və notariat şöbələri tərəfindən də davam etdirilmişdir. Maarifləndirmə ilə əlaqədar “vətəndaşlıq vəziyyəti aktlarının icrası ilə bağlı məsuliyyət və qanunvericilik”mövzusunda seminarlar keçirilmiş və keçirilən tədbirlərlə bağlı məlumatlar yerli kütləvi informasiya vasitələrində işıqlandırılmışdır. Ümumilkdə il ərzində şöbənin əməkdaşları hüquqi maarifləndirmə ilə əlaqədar 23 dəfə müxtəlif çıxışlar etmişlər.
Səyyub Kərimov 2020-ci ildə işlərini daha səmərəli quracaqlarını, qeydiyyat şöbələrinin işçilərinin və notariusların peşəkarlıq səviyyələrinin artırılması, qeyri-kommersiya hüquqi şəxslərin qeydiyyatı, əhalinin reyestrinin aparılması, mətbu işlərin uçotu, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı və notariat əməliyyatlarının rəsmiləşdirilməsi zamanı qanunun tələblərinə ciddi əməl edilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməsini diqqətdə saxlayacaqlarına dair söz verdiklərini bildirdi.
Sonra məruzə ətrafında müzakirə və təhlillər aparıldı, verilən suallar cavablandırıldı.
Sonda nazir müavini ədliyyə müşaviri Emin Səfərov müşavirəyə yekun vuraraq nazirliyin 2019-cu ilin yekunlarına dair keçirilən kollegiya iclasında Qeydiyyat və notariat şöbəsinə aid tapşırıqları diqqətə çatdırdı. Bildirildi ki, 2020-ci ildə də qarşıda duran vəzifələr yerinə yetirilməli, qeydiyyat şöbələri və notariuslar əməliyyatların rəsmiləşdirilməsi zamanı qanunvericiliyin tələblərinə riayət etməli, vətəndaşlara göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi, dövlət rüsumunun vaxtında dövlət büdcəsinə ödənilməsi, əmək və icra intizamına əməl edilməli, hər bir notarius və qeydiyayat şöbəsinin rəisi tərəfindən əməliyyatların rəsmiləşdirilməsi zamanı tərəflərin şəxsən iştirakını təmin etməli və fəaliyyətləri ilə bağlı nazirliyin apardığı hüquqi maarifləndirmə tədbirlərində yaxından iştirak etməlidirlər.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti