date saat

Fevralın 1-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin İcra və probasiya şöbə və bölmələrinin əməkdaşlarının iştirakı ilə 2019-cu ilin yekunlarına dair nazirlikdə keçirilən kollegiyadan irəli gələn vəzifələrlə əlaqədar xidməti müşavirə keçirilmişdir. Müşavirədə ötən dövr ərzində görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilmişdir.

Müşavirəni giriş sözü nazir müavini ədliyyə müşaviri Emin Səfərov açaraq qeyd edib ki, məhkəmə qərarlarının icrası əsas vəzifələrimiz olmaqla daim diqqət mərkəzində saxlanılır. Daxil olan icra işlərinin icrasını təmin etmək üçün bütün imkanlardan istifadə olunur.

Nazirliyin İcra və probasiya şöbəsinin rəisi baş ədliyyə müşaviri Emin Kazımov çıxış edərək bildirib ki, hesabat dövrü ərzində icra və probasiya  şöbə və bölmələrinin icraatına 3547 icra sənədi daxil olmuş, bunlardan 1556 icra sənədi tam icra olunmuş, 1653 icra sənədi icraya yönəlmiş, 93 icra sənədi geri qaytarılmış, 195 icra sənədi ərazi aidiyyəti üzrə göndərilmiş, 1 icra sənədi tələbkarın ərizəsinə əsasən dayandırılmış, 49 nəfər borclu barəsində axtarış qərarı verilmişdir. Ötən illərdən icrası davam etdirilən 2159 icra sənədi tam icra olunmuşdur. İcra işləri üzrə 210 borclunun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmış, 373 borclunun üzərinə qoyulmuş məhdudiyyət götürülmüşdür. Öhdəliklərini yerinə yetirməyən 23 nəfər borclu inzibati qaydada həbs edilmişdir.

Probasiya sahəsi üzrə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş 6 məhkuma elektron nəzarət vasitəsi tətbiq olunmağa başlanmış, 1 məhkuma tətbiq edilən elektron nəzarət vasitəsi cəzanın müddəti başa çatdığından götürülmüşdür. Hazırda 5 məhkuma elektron sistemlə gündəlik nəzarət edilir. Görülən qabaqlayıcı profilaktik tədbirlər və maarifləndirmə nəticəsində həmin məhkumlarla bağlı hər hansı qanun pozuntusu aşkar edilməmişdir. 

Qeyd olunub ki, 2019-cu ilin sentyabr ayının 27-də “Elektron məhkəmə” və “Elektron icra” informasiya sistemlərinin təqdimatı keçirilib. “Elektron məhkəmə” sistemi bütün məhkəmə instansiyalarını və növlərini vahid sistemdə birləşdirir, prosesləri sürətləndirir, qanunvericiliyin tələblərinə uyğun çoxsaylı hesabatlar hazırlayır və məhkəmə qurumlarının fəaliyyətini qiymətləndirməyə yardım edir. “Elektron icra” sistemi  isə sənədlərinin elektron qeydiyyatını aparır, icra qurumları ilə məhkəmələr arasında kağızsız əlaqələrin qurulmasına, icra işinə elektron nəzarətin həyata keçirilməsinə, müxtəlif dövlət qurumlarının informasiya sistemləri ilə qarşılıqlı məlumat mübadiləsinin aparılmasına imkan verir.

İl ərzində icra və probasiya şöbəsinin əməkdaşları nazirliyin müstəntiqi ilə birlikdə yerli icra və probasiya qurumlarında olaraq icradan qərəzli yayınan borclu şəxslərlə profilaktiki tədbirlər həyata keçirmişlər. İcradan qəsdən yayınan borclularla görüşlər keçirilmiş, onlara icra sənədi üzrə tələbin qərəzli olaraq icra edilməməsi və ya tələbin icrasına maneçilik törətmənin yaratdığı inzibati və cinayət məsuliyyəti barədə ətraflı məlumat verilmiş, qanunvericiliyin tələbləri izah edilmişdir. Hesabat ili ərzində icra və probasiya şöbə və bölmələrinin əməkdaşları yerli kütləvi informasiya vasitələrində ümumilikdə 48 dəfə çıxış etmişlər.  

Sonra müzakirə ətrafında təhlillər aparıldı, yerli icra və probasiya qurumlarının rəhbərləri icra vəziyyəti barədə məruzə etdilər, verilən suallar cavablandırıldı.

Nazir müavini müşavirəyə yekun vuraraq qarşıda duran vəzifələri diqqətə çatdırıb. Vurğulanıb ki, 2020-ci ildə  nazirliyin üzərinə qoyulan vəzifələrdən biri olan məhkəmə qərarlarının icrası daim diqqətdə saxlanılacaq. Növbəti ildə də icraatda olan işlərin icra olunma faizi yüksəldilməli, aliment və pul tələblərində ödəmələrin vaxtında aparılması təmin edilməli, icradan yayınan borclular barəsində müvafiq tədbirlər görülməsi işi sürətləndirilməlidir. Əsas vəzifələrimizdən olan hüquqi maarifləndirmə işi davam etdirilməli, muxtar respublikanın yerli informasiya vasitələrinin imkanlarından istifadə edilməlidir.

 

   Naxçıvan Muxtar Respublikası

  Ədliyyə Nazirliyinin mətbuat xidməti