date saat

Muzeylər tarixin müəyyən məqamını özündə yaşadan, ötən dövrün müxtəlif olaylarından xəbər verən, eksponatları komplektləşdirən, qoruyan, saxlayan, öyrənən, nümayiş etdirən maddi-mənəvi xəzinə sayılır. Muzeylər sadəcə olaraq qiymətli əşyaların, maddi sərvətlərin saxlanıldığı yer deyil, əslində elm, maarif müəssisəsidir. Tariximizin, mədəniyyətimizin təbliğ olunmasında, insanların maarifləndirilməsində muzeylərin əvəzsiz rolu vardır.

Muxtar respublika rəhbərliyinin bütün sahələrə olduğu kimi muzey sahəsinə də göstərdiyi yüksək diqqət və qayğının nəticəsidir ki, bu sahə də muxtar respublikamızda kifayət qədər inkişaf etmiş, ziyarət olunmaq üçün hər kəsin maraq dairəsinə çevrilmişdir.

Ədliyyə Nazirliyinin əməkdaşları yanvarın 25-də Naxçıvan Dövlət Xalça Muzeyində olmuşlar. “Muzey günləri” çərçivəsində reallaşan tədbirdə əməkdaşlara muzeylə bağlı geniş məlumat verilmişdir. Bələdçi bildirmişdir ki, muzey 1998-ci ildə yaradılmışdır. Hazırda  Naxçıvan Dövlət Xalça Muzeyində nümayiş etdirilən nümunələrin sayı 320-ni keçib. Burada müasir qoruma standartlarına uyğun şərait yaradılıb. Xovsuz və xovlu xalça növləri,  habelə məfrəş, xurcun, torba kimi məmulatların ən gözəl nümunələri muzeyi bəzəyir. İndi bu mədəniyyət ocağında Naxçıvan qrupuna aid  120 xalça nümayiş etdirilir. Habelə "Azər-İlmə" tərəfindən dünyanın müxtəlif ölkələrindən, şəxsi kolleksiyalardan əldə olunan 29 xovlu və xovsuz xalça, xalça məmulatları - üç məfrəş, xurcun, duz torbası muzeyə hədiyyə olunub. Naxçıvan Dövlət Xalça Muzeyinin  daimi ekspozisiyası içərisində 264 xovlu və xovsuz xalçalar, müxtəlif əl işləri, tikmələr, toxuculuq alətləri, 60 ədəd mis və saxsı qab nümayiş etdirilir. Qeyd edək ki, burada toxucunun muzeyin ekspozsiyasında yerləşən dəzgahlarda xalça toxuyaraq muzeyə gələn qonaqlara xalça toxuma prosesini əyani surətdə nümayiş etdirməsi xüsusi maraq kəsb edir.

Sonra bələdçinin müşayiəti ilə muzeyə baxış olub.  Nazirliyin kollektivi Naxçıvan Dövlət Xalça Muzeyinin zəngin kolleksiyası ilə yaxından tanış olmuşlar.

      Naxçıvan Muxtar Respublikası

  Ədliyyə Nazirliyinin mətbuat xidməti