date saat
Yanvarın 24-də Məhkəmə Ekspertizası Mərkəzində 2019-cu ilin yekunlarına dair Ədliyyə Nazirliyində keçirilən kollegiyadan irəli gələn vəzifələrlə əlaqədar müşavirə keçirilmişdir. Müşavirədə ötən dövr ərzində görülən işlər təhlil olunmuş, qarşıda duran vəzifələrin icrası istiqamətində tapşırıqlar verilmişdir.
Məhkəmə Ekspertizası Mərkəzinin rəisi ədliyyə müşaviri Rafiq Cəfərov çıxış edərək bildirib ki, 2019-cu il ərzində ekspertiza aparılması üçün mərkəzə 249 iş daxil olmuşdur. Məhkəmə ballistik ekspertizası üzrə 15, trasoloji ekspertizası üzrə 9, daktiloskopik ekspertizası üzrə 12, xətşünaslıq ekspertizası üzrə 18, sənədlərin məhkəmə texniki ekspertizası üzrə 2, farmpreparatların, sintetik təbiətli narkotik vasitələrin və psixotrop maddələrin ekspertizası üzrə 29, bitki mənşəli obyektlər və onlardan hazırlanmış narkotik vasitələrin ekspertizası üzrə 7, yol-nəqliyyat hadisələri ekspertizası üzrə 21, əmtəəşünaslıq ekspertizası üzrə 32, mühasibatlıq ekspertizası üzrə 68, tikinti-texniki ekspertizası üzrə 22, psixoloji ekspertizası üzrə 14 ekspertiza işi daxil olmuşdur.
Bütövlükdə icraata daxil olunmuş 249 ekspertiza işindən 213-ə rəy, 19-a isə arayış verilmiş, 16 ekspertiza işi icra olunmadan geri qaytarılmış və 1 ekspertiza işi üzrə vəsatət verildiyindən icrası müvəqqəti dayandırılmışdır. Ekspertizalardan 118 iş 10 gün, 50 iş 20 gün, 64 iş 30 gün müddətinə icra olunmuş, ekspertlər qarşısına qoyulmuş 549 sualdan 545 sual cavablandırılmış, 4 sual isə ekspertin xüsusi biliyindən kənara çıxdığı üçün cavablandırılmamışdır. Tədqiqat prossesində maddi sübutların 732 ədəd fotoşəkilləri çəkilmiş, 4 ədəd cədvəl tərtib edilərək rəylərə və arayışlara əlavə edilmişdir.
Ötən il ərzində rübdə bir dəfə olmaqla ümumilikdə 4 dəfə xidməti müşavirə keçirilmiş, müşavirələrdə tərtib olunan rəylərin təhlili aparılmış, ekspertiza sahələri üzrə yol verilmiş nöqsanlar, xüsusilə daktiloskopik ekspertizası sahəsi üzrə nöqsanlar təhlil edilmiş, nöqsanların aradan qaldırılması ilə əlaqədar tapşırıqlar verilmişdir.
Rafiq Cəfərov qeyd edib ki, Məhkəmə Ekspertiza Mərkəzi hər zaman muxtar respublika rəhbərliyinin diqqət və qayğısı ilə əhatə olunub. Bunun nəticəsidir ki, mərkəzə yeni ehtiyac olan texniki avadanlıqların alınması ilə bağlı Türkiyə Respublikasının “Asrin” şirkəti ilə müqavilə bağlanılmış, 62 adda, dəyəri 25 030 avro olan avadanlıqlar sifariş verilmişdir. Ekspertiza sahəsində təkmilləşdirmə aparmaq, ekspertlərin hazırlıq səviyyəsini diqqətdə saxlamaq məqsədilə mərkəzin 2 əməkdaşı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində yüksək ixtisaslı ekspertlərlə təcrübə keçmiş, təcrübə müddətində müvafiq sahələr üzrə yeni tədqiqat metod və üsulları öyrənmişlər. Daxil olmuş ekspertiza işlərində yaranmış çətinliklərin aradan qaldırılması məqsədilə mərkəzin 2 əməkdaşı metodik köməklik göstərilməsi üçün qısa müddətli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ezam edilmişdir.
İl ərzində mərkəz tərəfindən 3 dəfə hüquq mühafizə orqanlarının bir qrup əməkdaşlarının iştirakı ilə praktiki seminar keçirilmiş, iştirakçılara mərkəzdə həyata keçirilən ekspertizalar, mərkəzin laboratoriyalarında olan müasir kriminalistik-texniki avadanlıqlar, tədqiqat metodları və maddi sübutların düzgün qablaşdırılması qaydaları haqqında ətraflı məlumat verilmişdir.
Mərkəz Hərbi prokurorluqla birgə 30 sentyabr 2019-cu il tarixində Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Təlim-Tədris Mərkəzində, 02 oktyabr 2019-cu il tarixində Dövlət Sərhəd Xidmətində yol-nəqliyyat hadisələrinin baş verməsi hallarının aradan qaldırılması məqsədilə 2 maarifləndirici praktiki seminar təşkil etmişdir. Daktiloskopiya sahəsi ilə bağlı 5 ədəd metodik məktub və 5 ədəd metodik vəsait, xətşünaslıq sahəsi ilə bağlı 4 ədəd metodik məktub, əmtəəşünaslıq sahəsi ilə bağlı 2 ədəd metodik məktub hazırlanaraq aidiyyatı hüquq-mühafizə və məhkəmə orqanlarına göndərilmişdir.
Rafiq Cəfərov 2020-ci ildə də işlərini daha səmərəli quracaqlarına, ekspert rəylərini obyektiv, tam, dolğun tərtib edəcək, bütün ekspertiza sahələri üzrə işlər təhlil edilməklə yeni texnologiyaların tətbiqini, ekspertlərin əlavə ixtisaslara yiyələnməsini, onların peşə hazırlığının artırılmasını, kurs və treninqlərə cəlb edilməsini diqqətdə saxlayaraq, məhkəmə və hüquq mühafizə orqanları ilə qarşılıqlı şəkildə səmərəli əməkdaşlıq qurulacağına, mərkəzin inzibati binasını, istifadəyə verilmiş avadanlıqları qoruyub saxlayacaqlarına, yeni avadanlıqların istifadəsi qaydalarını öyrənəcəklərinə dair söz verdiklərini qeyd etmişdir.
Sonra ekspertlər öz sahələri üzrə görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı məruzə etdilər.
Nazir müavini ədliyyə müşaviri Emin Səfərov müşavirəyə yekun vuraraq qeyd etmişdir ki, nazirliyin 2020-ci ilə dair iş planında Məhkəmə Ekspertizası Mərkəzinin fəaliyyətinə dair bəndləri diqqətə çatdırıb. Bildirilib ki, məhkəmə ekspertizalarının keyfiyyətli və hərtərəfli aparılmasını təmin etmək, ekspertlərin peşə biliklərinin artırılmasını diqqətdə saxlamaq, fəaliyyətlərini rübdə bir dəfə müzakirə etmək, yeni alınmış avadanlıqların təyinatı üzrə istifadəsini təmin etmək, ekspertiza sahəsində aidiyyəti dövlət orqanları ilə qarşılıqlı əməkdaşlığı, genişləndirmək, birgə seminarlar keçirmək, işlərin dəqiq tədqiq olunması üçün tövsiyyə xarakterli məktublar göndərmək, “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 03 aprel 2019-cu il tarixli Sərəncamından irəli gələn vəzifələrin icrasını davam etdirilməsi əsas vəzifələrdəndir.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti