date saat
Yanvarın 10-da Ədliyyə Nazirliyində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci çağırış onbirinci sessiyasından irəli gələn vəzifələrə və nazirlikdə 2019-cu il ərzində görülən işlərə dair kollegiya iclası keçirilib.
Kollegiyanı Naxçıvan Muxtar Respublikasının Ədliyyə naziri II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev açaraq gündəliyi və reqlamenti elan edib. Nazir çıxışında bildirib ki, hər il olduğu kimi nazirlik əsas fəaliyyət istiqamətlərindən olan hüquqi maarifləndirmə, hüquqi təbliğat və profilaktika işini davam etdirmişdir. Hesabat dövründə muxtar respublikanın şəhər və rayonlarında bələdiyyə fəaliyyəti ilə bağlı 16, notariat və qeydiyyat fəaliyyəti ilə bağlı 8, icra və probasiya xidməti ilə bağlı 6 tədbir keçirilmişdir.
Hesabat ilində nazirliyin rəsmi elektron səhifəsi yenilənərək istifadəyə verilmişdir. Yenilənən saytda nazirliyin fəaliyyət istiqamətləri və görülən işlər barədə ictimaiyyətin daha dolğun və operativ şəkildə məlumatlandırılması təmin edilmişdir. Nazirliyin rəsmi elektron səhifəsində ədliyyə fəaliyyətinə dair 78 xəbər formatlı yazı və fotoşəkillər yerləşdirilmişdir. Hüquqi Aktların Dövlət Reyestrinə 142 hüquqi akt daxil edilmişdir ki, onlardan 75-i normativ, 67-i isə qeyri-normativ hüquqi aktlardır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 03 aprel tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə nazirlikdə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq ötən ilin may və oktyabr aylarında Naxçıvan Dövlət Universitetinin Sosial idarəetmə və hüquq fakültəsinin hüquqşünaslıq, dövlət və bələdiyyə idarəetməsi ixtisasının tələbələri nazirliyin aparatında, Penitensiar Xidmətdə, Məhkəmə Ekspertizası Mərkəzində, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsində, Naxçıvan və Əliabad bələdiyyəsində olmuşlar. Hər bir təcrübə dövrü iki gün ərzində aparılmışdır. İxtisaslar üzrə tələbələrin ilk dəfə ədliyyə sahəsi üzrə təcrübədə iştirak etmələrinə diqqət göstərilmişdir. Təcrübə müddətində tələbələr bu qurumların iş fəaliyyəti ilə tanış olmuş, gündəlik iş prosesində iştirak etmiş, maraqlandıqları sahələr barədə ətraflı məlumat almışlar.
“İdeyadan başlanğıca” layihəsi üzrə nazirlikdə “İnnovativ layihələrin təşviqi mərkəzi” təsis edilmişdir. Mərkəz tərəfindən startap layihələrinin qəbulu və təqdimatı ilə bağlı “Ədliyyə könüllüləri” proqramı istiqamətində tələbələrlə birgə istiqamətverici layihələrin də həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Hesabat dövrü icra və probasiya üzrə şöbə və bölmələrin icraatına 3547 icra sənədi daxil olmuş, bunlardan 1556 icra sənədi tam icra olunmuş, 1653 icra sənədi icraya yönəlmiş, 93 icra sənədi geri qaytarılmış, 195 icra sənədi ərazi aidiyyəti üzrə göndərilmiş, 1 icra sənədi tələbkarın ərizəsinə əsasən dayandırılmış, 49 nəfər borclu barəsində axtarış qərarı verilmişdir. Ötən illərdən icrası davam etdirilən 2159 icra sənədi tam icra olunmuşdur. İcra işləri üzrə 210 borclunun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmış, 373 borclunun üzərinə qoyulmuş məhdudiyyət götürülmüşdür. Öhdəliklərini yerinə yetirməyən 23 nəfər borclu inzibati qaydada həbs edilmişdir. Probasiya sahəsi üzrə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş 6 məhkuma elektron nəzarət vasitəsi tətbiq olunmağa başlanmış, 1 məhkuma tətbiq edilən elektron nəzarət vasitəsi cəzanın müddəti başa çatdığından götürülmüşdür. Hazırda 5 məhkuma elektron sistemlə gündəlik nəzarət edilir. Görülən qabaqlayıcı profilaktik tədbirlər və maarifləndirmə nəticəsində həmin məhkumlarla bağlı hər hansı qanun pozuntusu aşkar edilməmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində nazirlik dinamik inkişaf mərhələsindədir. “Elektron məhkəmə” və “Elektron icra” sistemlərinin muxtar respublikasmızda tətbiqi, ekspertiza mərkəzinə alınmış yeni ən müasir avadanlıqlar bunun bariz nümunəsidir.
Qeydiyyat və notariat şöbəsi tərəfindən 2019-cu ildə 6 qeyri-kommersiya hüquqi şəxs qeydiyyata alınmış, 16 qeyri-kommersiya hüquqi şəxsin və 1 mətbu nəşrin reyestrinə dəyişiklik edilmiş, 7 qeyri-kommersiya hüquqi şəxs təsisçilərin ərizəsinə əsasən, 1 qeyri-kommersiya hüquqi şəxs isə məhkəmə qərarı ilə ləğv edildiyindən dövlət reyestrindən çıxarılmışdır. 1 qrant və 63 sub-qrant müqaviləsi qeydə alınmış və bildirişlər verilmişdir.
Yerli özünüidarə orqanları əməkdaşlarının iştirakı ilə “Yerli özünüidarə orqanlarının fəaliyyətində qanunçuluğun təmin edilməsi və ailə təsərrüfatlarının inkişafında bələdiyyələrin rolu”, “Daşınmaz əmlaka mülkiyyət hüququnun yaranmasının əsasları və bələdiyyə torpaqlarının təyinatı üzrə istifadə edilməsi” mövzularında seminarlar keçirilmişdir.
2019-cu il muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunduğundan bu sahəni tənzimləyən qanunvericilik aktlarının izahı diqqətdə saxlanılmışdır. Seminarlarda bələdiyyə fəaliyyəti geniş müzakirə olunmaqla qarşıya qoyulan vəzifələrin istiqamətləri müəyyənləşdirilmişdir. Nazirlik tərəfindən qanunvericiliyə əməl etmələri ilə bağlı 10 ədəd tövsiyə məktubu hazırlanaraq bütün bələdiyyələrə göndərilmiş, bələdiyyə sədrlərinə “Sahibkarlığın inkişafında bələdiyyələrin iştirakı ilə bağlı qanunvericiliyə dair sənədlər toplusu” və “Yerli turizmin təşkilində bələdiyyələrin iştirakı”na dair metodik vəsaitlər paylanılmışdır.
Penitensiar sahədə cəza-icra siyasətinin qüsursuz yerinə yetirilməsi, məhkumların hüquqlarının təmin olunması və məhkumların gündəlik təminatının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır. Məhkumların islah olunmasında və gələcəkdə cəmiyyətə adaptasiyasında peşə vərdişlərinə yiyələnməsi vacib amillərdən biridir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”ndan irəli gələn vəzifələrə uyğun olaraq cari ilin hesabat dövründə cəzaçəkmə müəssisəsində “Daş duz üzərində oyma” kursuna 15 nəfər məhkum, “Xalçaçılıq” kursuna isə 3 nəfər məhkum cəlb olunmuşdur. 16 məhkum əməyə cəlb edilərək təsərrüfat işlərinə, 25 məhkum “Yaradıcılıq və istehsalat” binasında müxtəlif əl işlərinin düzəldilməsi işinə cəlb edilmişlər.
Məhkəmə Ekspertizası Mərkəzinə müxtəlif ekspertiza sahələri üzrə 249 ekspertiza işi daxil olmuşdur. İcra olunmuş işlərdən 213-ə rəy, 19-a isə arayış verilmiş, 16 ekspertiza işi icra olunmadan geri qaytarılmış, 1 işin icraatı vəsatət verildiyindən dayandırılmışdır.
Nazir qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasında icra, notariat, ekspertiza fəaliyyəti ilə bağlı tapşırıqları təkçə bu sahələri deyil, nazirliyin bütün sahələrini əhatə etməklə ötən ildə apardığımız hüquqi maarifləndirmə və profilaktika işi bu il də keyfiyyətlə davam etdirilməlidir. Bütün sahələrlə bağlı qarşıya qoyulan vəzifələr növbəti il ərzində də icrası təmin olunacaqdır.
Penitensiar müəssisələrdə cəza çəkən şəxslərin cəmiyyətə adaptasiyasına və məhkumların islah olunması işinə diqqət artırılmalı, şəxsi heyətin peşəkarlıq səviyyəsinin, nizam-intizamının artırılması işləri davam etdirilməlidir. İcra və probasiya şöbəsi məhkəmə qərarlarının icra edilməsinə diqqəti daha da artırmalı, ötən illərdən icrası davam edən işlərin icrasını təmin etməli, öhdəliyini qərəzli surətdə yerinə yetirməyən borclularla profilaktiki tədbirlər davam etdirilməlidir. Elektron nəzarət qurğularının işlək vəziyyətdə olması diqqətdə saxlanılmalı, məhkum olunmuş şəxslərlə profilaktiki tədbirlər gücləndirilməlidir. Məhkəmə Ekspertizası Mərkəzi ekspertizaların keyfiyyətli və hərtərəfli aparılmasını təmin etməli, ekspertlərin peşə biliklərinin artırılmasını diqqətdə saxlamalı, yeni alınmış avadanlıqların işlənmə qaydalarını öyrənməli, istifadəsini təmin etməlidir. İcra nümayəndələrində və bələdiyyə orqanlarında maarifləndirici tədbirlər davam etdirilməlidir. Yeni formalaşan bələdiyyələrə metodiki köməklik göstərilməli, aidiyyəti dövlət orqanlarının əməkdaşlarının iştirakı ilə maarifləndirmə tədbirlərinin keçirilməsi davam etdirilməlidir.
Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onbirinci sessiyasında Ali Məclis Sədrinin hüquq mühafizə orqanları qarşısında qoyduğu tapşırıqlar, eyni zamanda ötən il icra, notariat, ekspertiza fəaliyyəti ilə bağlı tapşırıqları növbəti ildə də ədliyyə orqanlarında rəhbər götürülməklə həmin tapşırıqların icrası nəzarətdə saxlanılacaqdır.
Məruzə ətrafında çıxışlarda nazirliyin Qanunvericilik bölməsinin rəisi ədliyyə müşaviri Ayaz Məhərrəmov, Qeydiyyat və notariat şöbəsinin rəisi ədliyyə müşaviri Səyyub Kərimov, İcra və probasiya şöbəsinin rəisi ədliyyə müşaviri Emin Kazımov, Məhkəmə Ekspertizası Mərkəzinin rəisi ədliyyə müşaviri Rafiq Cəfərov, nazir müavini- Penitensiar Xidmətin rəisi ədliyyə general-mayoru Tofiq Həsənov və nazir müavini ədliyyə müşaviri Emin Səfərov çıxışlar edib, müzakirələr aparılıb.
Kollegiya iclasında nazirliyin 2020-ci ilə dair iş planı və kollegiya qərarı təsdiq edilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti