date saat
Dekabrın 29-da Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin birgə iştirakı ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibəti ilə Şərur rayonunda yerləşən “N” saylı hərbi hissənin əsgərləri ilə görüş olub, onlara bayram sovqatı təqdim edilmişdir.
Ədliyyə naziri qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə hərbi hissənin kollektivini səmimi qəlbdən təbrik etmiş və onlara xoş arzularını çatdırmışdır. Nazir bayramın əhəmiyyəti barədə məlumat verərək bildirmişdir ki, 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Günü 28 il öncə Ulu Öndər Heydər Əliyevin təşəbbüsüylə qeyd olunmağa başlanmışdır.
Bu bayram hazırda təkcə ölkəmizdə deyil dünyada yaşayan bütün azərbaycanlılar tərəfindən qeyd olunur. Həmrəylik həyatımızın bütün sahələrində vacib əhəmiyyətə malikdir. Xüsusi ilə də hərbiçilərimiz üçün mənəvi dayaq və əzmdir. Bu gün qeyd etdiyimiz həmrəylik bayramımız ənənəyə çevrilməli və gələcək nəsillərə də aşılanmalıdır. Nazir bildirib ki, ölkə Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən həyata keçirilən ordu quruculuğu siyasəti nəticəsində bu gün Azərbaycan Ordusu qüdrətli orduya çevrilib və işğalda olan torpaqlarımızı geri qaytarmaq əzminə qadirdir. Ölkədə aparılan ordu quruculuğu siyasəti muxtar respublikamızda da uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun diqqət və qayğısı nəticəsində bütün hərbi hissələr müasir texnika və avadanlıqlarla təchiz olunub, maddi-texniki baza təkmilləşdirilib.
Azərbaycan Ordusu bu gün qüdrətli, lazımi müasir silah və texnika ilə tam təmin olunmuş ordudur. Azərbaycan əsgərləri yüksək peşəkarlıq, vətənpərvərlik, qəhrəmanlıq ruhuna malikdir. Nazir qeyd edib ki, şərəfli bir vəzifəni yerinə yetirən əsgərlərimizlə xalqımız və dövlətimiz daim qürur duyur.
İnzibati-İqtisad Məhkəməsinin sədri Hicran Muradov əsgərləri qarşıdan gələn bayramlar münasibətilə təbrik edərək onlara uğurlar arzu etdi.
Hərbi hissənin əsgərləri onlarla görüşə gəldiklərinə görə qonaqlara minnətdarlıqlarını bildiriblər. Gətirilən bayram sovqatı hərbi hissəyə təhvil verildi.
* * *
Həmin gün Naxçıvan Muxtar Respublikasının Ədliyyə naziri II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumlarla görüşüb. Nazir məhkumlarla görüş zamanı onları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibəti ilə təbrik edib. Qeyd olunan bayramın əhəmiyyəti barədə məlumat verərək bildirib ki, həmrəylik xalqın birliyinin və suverenliynin təzəhürüdür. Nazir qeyd edib ki, bu gün ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqları qorunur, onlara hörmət edilir.
Cəmiyyətin bütün sferalarında olduğu kimi azadlıqdan məhrumetmə yerlərində cəza çəkən məhkumlar da unudulmur, diqqətdə saxlanılır. Bu gün muxtar respublikada məhkumların saxlanma şəraiti, qidalanması, tibbi təminatı, hüquqlarının qorunması beynəlxalq standartlara tam uyğun həyata keçirilir. Butün bu qeyd olunanlar ölkəmizdə insan amilinə verilən dəyərin bariz nümunəsidir.
Sonra nazir məhkumları bir daha qarşıdan gələn bayramlar münasibətilə təbrik etmiş, gətirilən sovqatlar məhkumlara paylanmışdır.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti