date saat
Dekabrın 26-da Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikanın birinci instansiya məhkəmələrinin statistika sahəsində məsul əməkdaşlarının iştirakı ilə məhkəmə statistikası mövzusunda seminar keçirilmişdir.
Seminarda nazirliyin Təşkilat-nəzarət şöbəsinin və Qanunvericilik bölməsinin əməkdaşları iştirak etmişlər. Qeyd edilmişdir ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məhkəmələr fəaliyyətlərinə dair statistik hesabatlar tərtib edirlər. Ədliyyə Nazirliyi məhkəmə fəaliyyətinə dair statistika hesabatının formalarını müəyyənləşdirir və bu hesabatları dərc edir. Nazirlik illik və yarımillik olmaqla statistik hesabatları ümumiləşdirir, məhkəmələr tərəfindən məhkəmə fəaliyyətinin təşkilinə dair aparılmış ümumiləşdirmələri öyrənir və təhlil edir. Müvafiq məhkəmələr üzrə tərtib edilmiş hesabatlar məhkəmə sədrləri tərəfindən təsdiq edilir, onlar statistik hesabatlarda göstərilən məlumatların düzgünlüyünə cavabdehdirlər.
Bu sahədə olan yenilikləri və bilikləri təkmilləşdirmək məqsədilə hər hesabat dövrünün sonunda Ədliyyə Nazirliyi tərəfindən seminarlar təşkil olunur. 2019-cu hesabat ilinin başa çatması, məhkəmə fəaliyyətinə dair statistik hesabatların tərtib edilməsi məqsədilə məhkəmə işçiləri üçün təşkil olunan seminarda məhkəmə statistikası hesabat dövrü ərzində məhkəmələrin icraatında olan işlərin ümumiləşdirilməsinin aparılması, təhlil edilməsi və onların təsnifatının müəyyənləşdirilməsi nəzərdə tutulmuşdur.
Seminarda məhkəmə fəaliyyətinə dair statistik hesabat formaları barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, məhkəmə fəaliyyətinə dair statistik hesabatlar ildə iki dəfə birinci və ikinci yarımilin sonunda tərtib edilir. Məhkəmə fəaliyyətinə dair statistik hesabat formalarının işlənilməsi diqqətdə saxlanılır, bununla bağlı tədbirlər görülür və yeniliklər qanunvericiliyin tələblərinə uyğunlaşdırılır. Seminarda nazirliyin əməkdaşları tərəfindən məhkəmə işçilərinə statistik hesabatların işlənməsi qaydaları izah edilmiş, lazımi tövsiyələr verilmişdir. Bildirilmişdir ki, statistik hesabat formaları düzgün və səlis tərtib olunmalıdır .
Sonda mövzu ətrafında geniş müzakirələr aparılmış, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmış və məhkəmələrə statistik hesabat formaları təqdim edilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti