date saat

Dekabrın 20-də Məhkəmə Ekspertizası Mərkəzində 2019-cu ilin ötən dövrü ərzində görülən işlər və qarşıda duran vəzifələrlə bağlı xidməti müşavirə keçirilmişdir. Müşavirədə ekspertiza sahəsində işlərin ümumi sayı, kateqoriyalar üzrə statistikası, ekspertiza işlərinin həyata keçirilməsi zamanı yaranan çətinliklər və qarşıda duran vəzifələr müzakirə olunmuşdur.

Müşavirəni giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının Ədliyyə naziri II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev açaraq keçirilən müşavirənin əhəmiyyəti barədə məlumat verib. Bildirilib ki, nazirliyin əsas fəaliyyət istiqamətlərindən olan ekspertiza sahəsi daim diqqət mərkəzində saxlanılır.

Nazir qeyd edib ki, Məhkəmə Ekspertiza Mərkəzinin icraatına 2019-cu ilin 15 dekabr tarixinədək 239 iş daxil olmuşdur. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə bu il daxil olan işlərin sayı 6 fakt azdır. Ekspertiza təyin etmiş orqanlar sırasında ən çox iş məhkəmə, prokurorluq və daxili işlər orqanlarından olmuşdur. Təyin edilmiş ekspertiza işlərindən 113 ədədi 10 gün, 39 ədədi 20 gün, 61 ədədi isə 30 gün müddətində icra olunmuşdur. Müddət pozğunluğuna yol verilməmişdir.

Daxil olan işlər üzrə 195 rəy, 18 arayış tərtib edilmiş, 15 ekspertiza işi üzrə verilən vəsatətlər təmin olunmadığından işlər geri qaytarılmış, 3 ekspertiza işi üzrə vəsatət verildiyindən icrası müvəqqəti dayandırılmış, 8 ekspertiza işinin icrası hazırda davam etdirilir. İcra olunmuş ekspertizalardan 4-ü əlavə, 2-i təkrar ekspertizalardır. Maddi sübutların 670 ədədinin fotoşəkilləri çəkilmiş, 1 ədəd cədvəl tərtib edilmişdir. Ümumilikdə 2402 obyekt tədqiq olunmuşdur.

Ekspertiza fəaliyyətinin təkmilləşdirilməsi sahəsində görülən işlərdən biri də əməkdaşların ixtisasartırma kurslarına göndərilməsi olmuşdur. Ötən dövr ərzində Mərkəzin 3 eksperti ixtisasartırma kursuna, 2 ekspert isə daxil olan işlərə metodik köməklik göstərilməsi ilə bağlı Bakı şəhərinə ezam olunmuşlar.

2019-cu ilin ötən dövrü ərzində Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən ayrıca 3, Hərbi prokurorluqla birgə 2 maarifləndirici seminar təşkil edilmişdir. Mövcud ekspertiza sahələri ilə bağlı aidiyyəti dövlət, məhkəmə və hüquq-mühafizə orqanlarına profilaktik məktublar göndərilmişdir. Ekspertlər 6 dəfə tərtib etdikləri rəylərin izah edilməsi ilə bağlı məhkəmə iclaslarında iştirak etmişlər.

Naxçıvan Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə tələbələri il ərzində iki dəfə mərkəzin işi tanış olmaq məqsədilə təcrübə kursunda olmuş, aparılan ekspertizaları müşahidə etmişlər. Mərkəzə yeni texniki avadanlıqların alınması ilə bağlı Türkiyə Respublikasının “Asrin” şirkəti ilə müqavilə bağlanılmış, 62 adda dəyəri 25030 avro olan avadanlıqlar sifariş verilmişdir.

Nazir görülən işlərlə yanaşı ekspertiza sahəsində rast gəlinən nöqsanları diqqətə çatdıraraq, həmin nöqsanların qısa zamanda aradan qaldırılması sahəsində tapşırıqlarını verdi.

Məruzə ətrafında Məhkəmə Ekspertiza Mərkəzinin rəisi ədliyyə müşaviri Rafiq Cəfərov, ekspertlər Səməd Şahtaxtinski, Samir Məmmədov məruzə etdilər.

Müzakirə ətrafında təhlillər aparıldı, verilən suallar cavablandırıldı.

Sonda nazir müşavirəyə yekun vuraraq bildirdi ki, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasında verilən tapşırıqlar və qarşıda duran vəzifələr layiqincə yerinə yetirilməli, bütün ekspertiza sahələri üzrə tədqiqat aparılmasının yeni metod və üsulları mənimsənilməli, texniki avadanlıqların imkanlarından istifadə edilməlidir. Aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq genişləndirilməli, birgə təlimlər və seminarlar təşkil edilməli, əməkdaşlar arasında nizam-intizam səviyyəsi yüksəldilməlidir.

 

   Naxçıvan Muxtar Respublikası

 Ədliyyə Nazirliyinin mətbuat xidməti