date saat

Dekabrın 19-da Ədliyyə Nazirliyində İcra və probasiya şöbə və bölmələrinin əməkdaşlarının iştirakı ilə 2019-cu ilin ötən dövrü ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair xidməti müşavirə keçirilmişdir. Müşavirədə müvafiq dövr ərzində həyata keçirilən icra işlərinin ümumi sayı, kateqoriyalar üzrə statistikası, icra işlərinin həyata keçirilməsi zamanı yaranan çətinliklər və qarşıda duran vəzifələr müzakirə olunmuşdur.

Ədliyyə naziri II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev tədbiri giriş sözü ilə açaraq bildirdi ki, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən nazirliyin üzərinə qoyulan vəzifələrdən biri də məhkəmə qərarlarının vaxtında icra olunmasınının diqqətdə saxlanılması olmuşdur.

2019-cu ilin ötən dövrü ərzində daxil olmuş işlərin sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 213 iş çoxdur. Hazırda icraatımızda 8195 icra işi vardır ki, bunların da 6531-i ötən illərdən icrası davam edən işlərdir. İcra işlərinin aparılması ilə bağlı 30 icra məmurumuz fəaliyyət göstərir. 2019-cu ilin 11 ayı ərzində icradan yayınan 201 nəfər borclunun ölkədən getmək hüququ məhdudlaşdırılmış, məhdudiyyətin qoyulmasına səbəb olmuş hallar aradan qalxdığına görə 365 nəfər borclunun üzərindən məhdudiyyət götürülmüş, aliment tələbi ilə bağlı işlər üzrə 19 nəfər, pul tələbi ilə bağlı işlər üzrə 3 nəfər olmaqla ümumilikdə 22 nəfər borclu inzibati qaydada həbs edilmişdir. İcradan yayınan borclular barəsində axtarış qərarı qəbul edilərək ərazi polis orqanlarına göndərilmişdir. İcra məmurları 28 cinayət, 1591 mülki və 42 inzibati iş olmaqla, ümumilikdə 1661 məhkəmə iclasında iştirak etmişlər. 6 nəfər məhkuma elektron nəzarət vasitələri tətbiq edilmiş və probasiya nəzarəti həyata keçirilir. Aliment tələbi ilə bağlı icra işi üzrə 1 nəfər və pul tələbi ilə bağlı icra işi üzrə 1 nəfər olmaqla, ümumilikdə 2 nəfər borclu barəsində cinayət işi başlanılmışdır.

Bu sahədə vətəndaşlardan daxil olan müraciətlər vaxtında araşdırılaraq operativ şəkildə cavablandırılmış, müvafiq köməklik göstərilərək, hüquqları izah olunmuşdur. Nazirliyin əməkdaşlarından ibarət qrup muxtar respublika üzrə işlərə cəlb edilmiş, 140-dan artıq icrası çətinlik törədən işin icrasına köməklik göstərilmişdir. Hüquqi maarifləndirmə tədbirlərinin icrasıyla əlaqədar muxtar respublikanın rayon (şəhər) qəzetlərində 44 məlumatlandırıcı yazı dərc edilmişdir.

Nazir qeyd edib ki, elektron icranın təşkili Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə yaradılmış və bundan sonra icra sahəsində statistikanın düzgün aparılmasına, operativliyin artırılmasına, icra məmurlarının işlərinin asanlaşdırılmasına xidmət edəcəkdir. İcra məmurları icra prosesi zamanı istifadə etdiyi prosessual sənədlərin avtomatik tərtib edilməsi, nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, daxil olan hər bir müraciət üzrə icra işinin icraatının elektron izlənilməsi üçün “Elektron icra” sisteminin tətbiqini daha dərindən öyrənməlidirlər. İcra işlərinin həyata keçirilməsi zamanı qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə  əməl edilməlidir. Vətəndaşlarla və digər dövlət orqanlarının əməkdaşları ilə ünsiyyətdə təmkinli, diqqətli, səbirli, rəftarlarında nəzakətli olmalı, etik davranış və nizam-intizam qaydalarına düzgün əməl etməlidirlər. Əvvəlki illərdə yol verilmiş nöqsanlar təkrar olunmamalıdır. Kargüzarlıq işlərinin aparılmasına diqqət artırılmalı, icrası çətinlik törədən işlər bir daha təhlil olunmalı, borclular barəsində verilən sorğular yenilənməli və dəqiqləşdirilməlidir. İcra və probasiya şöbə və bölmələrinin rəisləri subordinasiya qaydalarına riayət etməlidirlər. İcradan qərəzli olaraq yayınan borclular barəsində cinayət məsuliyyətinə cəlb edilmə barədə təqdimatların verilməsi davam etdirilməli, icra məmurlarının əsas vəzifələrindən biri olan məhkəmə binalarının mühafizəsi işi də layiqincə yerinə yetirilməlidir. Hər bir icra məmuru öz işinə ciddi münasibət göstərməlidir.

İcra və probasiya şöbə və bölmələrinin rəisləri, istintaq bölməsinin baş müstəntiqi, nazirliyin İcra və probasiya şöbəsinin rəisi, nazir müavini mövzu barədə məruzə etdilər.

Nazir müşavirəyə yekun vuraraq qeyd etdi ki, sessiyada qarşıya qoyulan vəzifələr 2020-ci il ərzində əsas vəzifələrimizdən olmaqla icrası təmin olunacaqdır. Bununla əlaqədar olaraq icraatda olan işlərin, xüsusilə də aliment və pul tələblərində ödənişlərin vaxtında yerinə yetirilməsinə diqqət artırılmalıdır. Nazir 2020-ci ildə qarşıda duran vəzifələrin icrasının həyata keçirilməsi istiqamətində tapşırıqlarını verdi.

       

       Naxçıvan Muxtar Respublikası

Ədliyyə Nazirliyinin mətbuat xidməti