date saat

Noyabrın 27-də Ədliyyə Nazirliyi və İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının birgə təşkilatçılığı ilə muxtar respublikada fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün seminar keçirilmişdir. Seminarı giriş sözü ilə Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat şöbəsinin rəisi, ədliyyə müşaviri Səyyub Kərimov açaraq tədbirin əhəmiyyəti barədə məlumat vermişdir.

Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının İnsan hüquqlarının müdafiəsi şöbəsinin baş məsləhətçisi Asiman Abbasov “Qeyri-hökümət təşkilatlarının fəaliyyəti, ianə və qrantlarla bağlı qanunvericiliyin tələbləri” mövzusunda çıxış edərək qeyri-hökümət təşkilatlarının fəaliyyəti barədə məlumat vermişdir. Bildirmişdir ki, qeyri-hökümət təşkilatarının fəaliyyəti “Qeyri-hökümət təşkilatları (birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Qanuna əsasən QHT-lərin maliyyələşmə mənbələri içərisində qrantlar və ianələrin əldə edilməsi mühüm yer tutur.

İanə QHT qarşısında hər hansı məqsədə nail olmaq vəzifəsi qoymadan ona qanunla nəzərdə tutulmuş qaydada maliyyə vəsaiti şəklində və ya başqa maddi formada verilən yardım, qrant dedikdə isə humanitar, sosial və ekoloji layihələri, müharibə və təbii fəlakət nəticəsində ziyan çəkmiş ərazilərdə dağılmış istehsal, sosial təyinatlı obyektlərin və infrastrukturun bərpası üzrə işləri, təhsil, səhiyyə, mədəniyyət, hüquqi məsləhət, informasiya, nəşriyyat və idman sahələrində proqramları, elm tədqiqat və layihələşdirmə proqramlarını, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən digər proqramları hazırlamaq və həyata keçirmək üçün verilən yardım nəzərdə tutulur.  Qrant maliyyə vəsaiti şəklində və başqa formada, təmənnasız verilir, onun əvəzi hər hansı bir şəkildə ödənilə bilməz. Dövlət adından qrantlar Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına verilir. “Qrant haqqında” Azərbaycan Respublikası Qanununa əsasən qrant kimi alınan pul və ya hər hansı digər yardımla bağlı vergitutma məsələləri Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə tənzimlənir.

Nazirliyin Qeydiyyat və notariat şöbəsinin rəisi, ədliyyə müşaviri Səyyub Kərimov “Qrant müqavilələri və qeyri hökümət təşkilatlarının məsuliyyəti” mövzusunda çıxış edərək bildirmişdir ki, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamənin müvafiq bəndinə əsasən nazirliyin əsas vəzifələrindən biri də qeyri-kommersiya hüquqi şəxslər tərəfindən qrant alınmasına (verilməsinə) dair müqavilələri (qərarları) qeydiyyata almaqdır.  Qeyri-kommersiya hüquqi şəxslər tərəfindən qrant alınmasına dair müqavilələr həmin müqavilənin bağlandığı gündən 30 təqvim günündən gec olmayaraq qanunvericiliklə nəzərdə tutulan sənədlərlə birlikdə qeydə alınması üçün Ədliyyə  Nazirliyinə təqdim edilməlidir. Dövlət büdcəsi hesabına verilmiş qrant barədə məlumat nazirliyə 7 gündən gec olmayaraq təqdim edilməlidir. Qeydə alınmayan qrant müqavilələri üzrə bank əməliyyatları və digər əməliyyatlar aparıla bilməz. Qanunvericiliyə uyğun olaraq nazirlik sənədlər təqdim edildiyi gündən, qeydiyyatın dayandırılmasına və ya imtinasına əsas olmadıqda 15 gün müddətinə həmin müqaviləni qeydə alır və bu barədə bildirişi müraciət edən hüquqi və fiziki şəxsə verir. “Qrant haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən qeyri-hökümət təşkilatları müqavilədə (qərarda) göstərilən şərtlərin pozulmasına görə qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyırlar. Tərəflərdən biri xarici ölkənin təşkilatı və ya vətəndaşı olduğu halda onların arasında mübahisələr tərəflərin əvvəlcədən seçdikləri və qrant haqqında müqavilədə (qərarda) təsbit edilmiş ölkənin qanunları əsasında həll olunur. Əks təqdirdə mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi əsasında həll olunur.

Seminarın sonunda mövzu ətrafında müzakirələr aparılmış, iştirakçıların sualları cavablandırılmışdır.

 

      Naxçıvan Muxtar Respublikası

Ədliyyə Nazirliyinin mətbuat xidməti