date saat
Noyabrın 13-də nazirliyin aparatının və Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşlarının iştirakı ilə “İşçilərin bilik səviyyəsinin artırılması və nizam-intizamın gücləndirilməsi”mövzusunda seminar keçirilmişdir. Seminarı giriş sözü ilə Təşkilat-nəzarət şöbəsinin rəisi ədliyyə müşaviri Səttar Zamanov açaraq “Nizam-intizamın gücləndirilməsi ilə bağlı qarşıya qoyulan vəzifələr” mövzunda çıxış etdi. Qeyd olunan mövzu ilə bağlı əsas məqamlar diqqətə çatdırılaraq məlumat verildi ki, mütəmadi olaraq əməkdaşların maarifləndirilməsi həyata keçirilir, hər bir ədliyyə işçisinin etik davranış qaydalarına, nizam-intizama əməl etmələrinə nəzarət edilir və bu istiqamətdə tədbirlər görülür. Nazirlik sistemində çalışan hər bir əməkdaşın nizam-intizama riayət etməsi, öz üzərində işləməsi və maariflənməsi işi gələcək fəaliyyətində çox önəmlidir. Etik davranış və intizam qaydalarının pozulması qanunvericiliklə müəyyən olunmuş intizam məsuliyyətinə səbəb olur. Hər bir əməkdaş vətəndaşlarla ünsiyyətdə nəvazişli, ehtiramlı olmalı, istər iş vaxtı, istərsə də iş fəaliyyətindən kənarda davranışlarına diqqət yetirməlidirlər.
“İşçilərin nəzəri biliklərinin və peşə hazırlığının artırılması” mövzusunda çıxış edən Kadrlar bölməsinin rəisi ədliyyə müşaviri Niyaməddin Əliyev qeyd etdi ki, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ədliyyə orqanları işçisi öz ixtisasını artırması onun qulluq borcudur. İşçilərin nəzəri biliklərinin və peşə hazırlığının artırılması istiqamətində müvafiq tədbirlər görülür. Çünki gələcəkdə işçinin tutduğu vəzifəyə uyğun olub-olmaması,mükafatlandırılması və vəzifədə irəli çəkilməsi məsələlərinin həlli zamanı nəzəri və peşə hazırılığı nəzərə alınır. Ona görə də əməkdaşlar nəzəri biliklərini və peşə hazırlıqlarını daim artırmalı, nazirliyin fəaliyyət istiqamətinə uyğun yeni bilikləri mənimsəməlidirlər.
Qanunvericilik bölməsinin rəisi ədliyyə müşaviri Ayaz Məhərrəmov “Etik davranış və intizam qaydalarının qanunvericiliklə tənzimlənməsi” mövzusunda çıxışında bu sahədə mövcud qanunvericiliyin tələblərini diqqətə çatdırdı. Bildirdi ki, ədliyyə orqanları işçilərinin etik davranış qaydalarında göstərilir ki, ədliyyə işçisi ünsiyyətdə olduğu bütün şəxslərlə davranışında nəzakətli, diqqətli və təmkinli olmalıdır. Peşə fəaliyyəti ilə əlaqədar iradları, tənqidi fikirləri qəbul etməli, qiymətləndirməli və onlardan düzgün nəticə çıxarmalıdır. Ədliyyə orqanlarına və onların struktur bölmələrinə kadrların seçilməsi və yerləşdirilməsi zamanı qanunvericiliyin tələblərinə əməl edilməli, etik davranış qaydalarının pozulmasının qarşısının alınması və profilaktikası üzrə tədbirlər görülməlidir. Qanunun tələblərinə əməl etməyən əməkdaşlar qanunvericiliklə nəzərdə tutulmuş qaydada intizam məsuliyyətinə cəlb olunurlar.
Sonda qarşıda duran vəzifələr diqqətə çatdırıldı və verilən suallar ətraflı cavablandırıldı.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti