date saat
Kitab və mütailənin təbliği bu gün üçün xüsusi əhəmiyyət kəsb edən məsələlərdən biridir. Ümummilli liderimiz Heydər Əliyev deyirdi: "Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə də kitabxanaya daimi hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir". Kitab oxumağın təbliği gənclərin vətənpərvər ruhda tərbiyə almasında mühüm əhəmiyyətə malik olmaqla, ümumilikdə isə cəmiyyətimizin maariflənməsinin əsas vasitələrindən biridir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli “Oxunması zəruri olan kitablar haqqında” Sərəncamı da bu istiqamətdə görülən işlərin davamı olmaqla yanaşı, həm də gənclərin Azərbaycançılıq ideologiyasına bağlı, vətənə, xalqa sədaqət ruhunda tərbiyəsində mühüm rol oynayır. "Oxunması zəruri olan kitablar"ın siyahısında həm Azərbaycan ədəbiyyatının, həm də dünya ədəbiyyatının nümayəndələrinin əsərləri vardır. Belə ki, bu kitablar həm milli vətənpərvər, həm də dünyəvi proseslərdən məlumatlı və dünya mədəniyyətinə yaxından bələd olmağa səsləyir. Qeyd edilənlər nəzərə alınmaqla nazirliyin kitabxanasında “Oxunması zəruri olan kitablar”dan ibarət guşə yaradılmışdır.
Hazırda guşədə 49 kitab yer alır. Məlumat üçün bildirək ki, nazirliyin kitabxanasında, ümumilikdə kitab və jurnalların sayı iki mindən çoxdur. Bunlara əsasnamələr, qanunvericiliyə dair jurnallar, hüquq və bədii ədəbiyyatlar daxildir. İl ərzində nazirliyin əməkdaşları bu kitablara oxucu kimi müraciət edirlər. Kitabxana mütəmadi olaraq yeni ədəbiyyatlarla zənginləşdirilir.
Gənc əməkdaşlara tövsiyə olunur ki, cəmiyyətdə kitabın rolu çox böyükdür. Çünki kitab dünya barəsində yığcam yol xəritəsidir. Unutmayaq ki, üzü keçmişdən bu yana bütün bəşəri inkişaf məhz kitab oxumaqla əldə edilmişdir. Çünki, elm, bədii təfəkkür, texniki tərəqqi insanın düşüncə sistemi məhz kitabların sayəsində başa gəlmişdir. Mütaliə mədəniyyəti şəxsin informasiya mədəniyyətinin tərkib hissələrindən biri kimi sosial əhəmiyyətli və digər məqsədlərə nail olmaq üçün məqsədyönlü mütaliə üzrə bilik, bacarıq və vərdişlərin məcmusudur. Ona görə də mütaliəyə sövqetmə intellektual inkişafın təkanverici qüvvəsinə çevriləcək ki, bu da insanların mədəni ünsiyyətinə, gənclərin doğru peşə seçiminə, faydalı işlə məşğul olmalarına gətirib çıxaracaq. Bütün biliklərin və mənəvi dəyərlərin ilkin mənbəyi kitablardır. Kitablar insanın ruhunu təmizləyir, həyata tamam başqa gözlə baxmağa vadar edir, cahili müdrikləşdirir, nitqi məntiqlə zənginləşdirir. “Oxunması zəruri olan kitabların siyahısı”nda yer alan kitablar bu baxımdan önəmlidir.
Ən dərin bilik, elmi dünyagörüş, Vətən sevgisi məhz mütailə yolu ilə yaranır. Oxuyan, mütailə edən cəmiyyət elə düşünən cəmiyyət deməkdir. Tariximiz, mədəniyyətimiz və milli kimliyimiz haqqında dolğun məlumat verən bu kitablar da gənc nəslin dünyagörüşünün artırılmasına xidmət edir. Kitab kamilləşmək və inkişaf edib mənəvi cəhətdən zənginləşmək üçün ən qiymətli incidir. İnsan amilinin formalaşmasında, elmi-texniki tərəqqinin sürətlənməsində, milli dövlətçilik ideyalarının yayılmasında kitabların mühüm əhəmiyyəti vardır. Onun misilsiz rolu insanlara bilikvermə qabiliyyəti ilə ölçülür. Bu baxımdan ”Oxunması zəruri olan kitab”lar xüsusi əhəmiyyətə malikdir.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti