date saat
Naxçıvan Muxtar Respublikası zəngin tarixə malikdir. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır. Bu kiçik ərazidə həddindən çox dünya miqyaslı tarixi-memarlıq abidələri yaşayıb və bu gün də yaşayır. Onların hər biri Azərbaycan xalqının həm tarixini, həm mədəniyyətini, həm də adət-ənənələrini göstərən abidələrdir”.
Hazırda muxtar respublika ərazisində 1200-dən çox dünya, ölkə və yerli əhəmiyyətli tarixi abidə qeydə alınaraq pasportlaşdırılmışdır. Tarixi abidələrlə tanışlıq, onların ziyarət edilməsi vətəndaşlarımızda tarixi irsimizə sahiblik hissi yaradır, gənclərimizdə vətənpərvərlik duyğularını möhkəmlədir. Nazirliyin kollektivi orta əsrlərə aid Azərbaycan memarlıq abidəsi olan Gülüstan türbəsi ilə tanışlıq zamanı bələdçi tərəfindən abidənin tarixi haqqında məlumat verilmişdir. Bildirilmişdir ki, Möminə Xatun türbəsinin təsiri ilə XIII əsrin əvvəllərində tikilmiş Gülüstan türbəsi Azərbaycanın qülləvarı türbələri qrupuna daxildir. Türbənin 12 üzlü gövdəsi qırmızı qumdaşıdan, orijinal quruluşlu kürsülüyü (küncləri kəsilmiş kub formasındadır) isə yonulmuş daşdan tikilmişdir.
Azərbaycanın digər türbələrindən fərqli olaraq, Gülüstan türbəsinin sərdabəsi yerüstü hissədə (kürsülüyündə) yerləşir. Türbənin səthləri oyma həndəsi ornamentlərlə bəzədilmiş, dekorativ tağlarla çərçivələnmişdir. Qüllənin üzlərinin hər biri qabarıq tinlərin haçalanması yolu ilə tağlarla tamamlanır. Əcəmi Naxçıvaninin türbələrində olduğu kimi burada da taxçaların içi incə həndəsi naxışlarla örtülmüşdür. On iki üzdə naxışları diqqətlə nəzərdən keçirdikdə aydın olur ki, burada ardıcıllıq yalnız ardıcıl təkrarlanan üç növ həndəsi naxış çeşnisindən ibarətdir.
Qeyd edilmişdir ki, gövdənin oturacaqla birləşən hissəsi, eləcə də günbəzə keçid yeri stalaktit şəkilli oyma qurşaqla əhatə edilmişdir. Ornamentlərlə digər bəzək elementlərinin üzvi surətdə birləşdirilməsi və əlaqələndirilməsi abidəyə qabarıq və elastik görkəm verir. Gülüstan türbəsinin fəza quruluşu çevrədən kvadrat əsasa, kubik tutumdan konik əsasa və beləliklə, mütənasiblik sistemlərinin bir-birinə keçməyin bədii texniki həllinin parlaq nümunəsidir. Memarlıq formalarının arasında mütənasiblik, biçim və naxışlarının incəliyinə görə Gülüstan türbəsi bu daş türbələrdən üstünlüyü ilə seçilir.
Tariximizin məğrurluq simvolu olan “Əlincəqala” tarixi abidəsi ziyarət olunarkən bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 11 fevral tarixli Sərəncamına əsasən “Əlincəqala” tarixi abidəsi bərpa olunmuş və muzeyi yaradılmışdır. Azərbaycan xalqının mübarizlik və vətənpərvərlik əzmini toplu halında nümayiş etdirən tarixi qalalarımızdan biri də Əlincəqaladır. Qala birinci-altıncı əsrlərdən başlayaraq müdafiə istehkamı və yaşayış yeri kimi istifadə olunmuş, 14 il Əmir Teymurun qoşunlarının hücumlarına müqavimət göstərmişdir. Naxçıvanın Azərbaycan Atabəylər dövlətinin paytaxtı olduğu dövrdə Əlincəqalanın iqtisadi və siyasi mövqeyi əhəmiyyətli dərəcədə artmışdır. Tarixi qaynaqlar əsas götürülərək dünya əhəmiyyətli abidə olan Əlincəqalanın bərpa edilməsi xalqımızın çoxəsrlik tarixi-mədəni irsinin gələcək nəsillərə çatdırılması və tanıdılması baxımından mühüm əhəmiyyətə malikdir.
Bələdçi tərəfindən qeyd edilmişdir ki, Əlincəqalanın tarixi haqqında müxtəlif fikirlər mövcuddur. Tarixi qaynaqlara əsaslanan tədqiqatçılar qalanı I-VI əsrlərə aid edirlər. Qalanın xatırlandığı ən qədim mənbə “Kitabi-Dədə Qorqud” dastanıdır. Dastanda Əlincəqala möhkəm istehkam kimi təsvir olunur. Əlincəqala Cəlairilərin, Qaraqoyunluların, Ağqoyunluların, sonralar isə Səfəvilərin hakimiyyəti dövründə də öz möhtəşəmliyini qoruyub saxlamışdır. Əlincəqalada təxminən 600-ə qədər döyüşçünün öz atı və hərbi sursatı ilə birlikdə yerləşməsi üçün şərait olmuşdur.
Bildirilmişdir ki, muzey ekspozisiya zalından və 2 iş otağından ibarətdir. Muzeyin fondunda ümumilikdə 250 eksponat vardır ki, bunlardan da 167-si muzeyin ekspozisiyasında sərgilənir. Muzeyin ekspozisiya zalında “Əlincəqala” tarixi abidəsinin bərpadan əvvəl, bərpa zamanı və bərpadan sonrakı fotoşəkilləri, bərpa işlərinin gedişindən çəkilmiş fotoşəkillər yerləşdirilmişdir. Vitrinlərdə “Naxçıvan tarixi” çoxcildliyi, Naxçıvan tarixinin və mədəniyyətinin öyrənilməsi sahəsində görülən işlərə böyük töhfə olan “Naxçıvan Abidələri Ensiklopediyası” və “Naxçıvan tarixi atlası” kitabları, həmçinin Əlincəqalanın tarixi ilə bağlı yazılmış kitab və məqalələr, qəzet materialları nümayiş olunur.
İştirakçıların diqqətinə çatdırılmışdır ki, muzeydə nümayış olunan saxsı qab və çıraqlar, Əlincəqala ərazisindən aşkar olunmuş boyalı keramika parçaları Azərbaycanda sənətkarlıq ənənələrinin qədim dövrlərdən formalaşdığını göstərən nadir eksponatlar kimi böyük əhəmiyyətə malikdir. Burada nümayiş olunan keramika məmulatları IX-XV əsrlərə, çıraqlar isə IX-XIII əsrlərə aiddir.
Muzeyin ekspozisiyasında gümüş kəmər nümunələri də nümayiş olunur ki, bunlar muzeyin ən qiymətli eksponatları sırasındadır. Gümüş kəmər orta əsrlərdə ənənəvi kişi və qadın geyim komplektini tamamlayan əsas dekorativ bəzək əşyası hesab olunurdu. Muzeydə nümayiş olunan müxtəlif corab, araqçın və digər toxuculuq nümunələri, alət və ləvazimatları dəyərli maddi-mədəniyyət nümunələri kimi diqqətə layiqdir. Bu eksponatlar XIX-XX əsrlərə aiddir. Həmçinin, muzeydə məcmeyi, müxtəlif ölçülü mis qablar nümayiş etdirilir.
Tarixi memarlıq komplekslərinin ziyarət edilməsi nazirliyin kollektivinin marağına səbəb olmuş, tarixi irsimiz məmnunluqla yad edilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti