date saat

Oktyabrın 25-də Ədliyyə Nazirliyi və Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Daşınmaz əmlaka mülkiyyət hüququnun yaranmasının əsasları və bələdiyyə torpaqlarından təyinatı üzrə istifadə edilməsi” mövzusunda Naxçıvan şəhərində növbəti maarifləndirici seminar keçirilmişdir.

Seminarda Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi vəzifələrini icra edən kiçik ədliyyə müşaviri Cəfər Zülfüqarov “Yerli özünüidarəetmə fəaliyyətinin qanunauyğun həyata keçirilməsi sahəsində bələdiyyələrin vəzifələri” mövzusunda çıxış etmişdir. Bildirmişdir ki, bələdiyyələrin işinin təşkilinə kömək etmək, onlara metodoloji  yardım göstərmək və bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirmək Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətlərindəndir. Bələdiyyələr tərəfindən qanunçuluğun təmin edilməsi, bələdiyyə fəaliyyətinin tənzimləyən qanunvericilik aktlarının mahiyyətinin öyrənilməsi vacib şərtlərdəndir. Bu məqsədlə muxtar respublikanın şəhər və rayonlarında mütəmadi olaraq seminarlar təşkil olunur. Qeyd edilmişdir ki, 13 fevral 2018-ci il tarixdə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilmişdir. Bu dəyişikliklər  əmlak vergi ödəyicilərinin uçotunun aparılmasında və verginin toplanması işində bələdiyyələrin imkanlarının artırılmasına müsbət təsir göstərmişdir.

Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin sektor müdiri Oqtay Məmmədov “Daşınmaz əmlaka hüquqların yaranması və torpaq münasibətlərinin tənzimlənməsi” mövzusunda çıxışında qeyd etmişdir ki, mülkiyyət hüquqlarının və torpaq münasibətlərinin tənzimlənməsi sahəsində həyata keçirilən tədbirlər muxtar respublikada torpaq və əmlak münasibətlərini yeni mərhələyə yüksəltmişdir. Mülkiyyət hüququnun təminatı mexanizmi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Əmlakın dövlət reyestrində qeydiyyatı mülkiyyət hüququnun pozulmasının və mübahisləndirilməsinin qarşısını alır.

“Bələdiyyə torpaqlarından istifadə edilməsinin qaydaları və torpaq sahələrinin özbaşına tutulmasının qarşısının alınması” mövzusunda Bələdiyyələrlə iş mərkəzinin baş məsləhətçisi I dərəcəli ədliyyə qulluqçusu Xəyal Eyvazov çıxışında bildirmişdir ki, bələdiyyə torpaqları ümumi istifadə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. Qeyri-qanuni istifadə edilən torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır.

Qanunvericilik bölməsinin rəisi ədliyyə müşaviri Ayaz Məhərrəmov “Bələdiyyələrin mülkiyyət hüququ və yerli büdcələrin tərtib edilməsinin hüquqi əsasları” mövzusunda çıxışında qeyd etmişdir ki, yerli büdcə bələdiyyələrin statusuna uyğun özünüidarəetmə prinsiplərini reallaşdırmaq, bələdiyyələrin qanunvericiliklə müəyyən olunmuş səlahiyyətlərini həyata keçirmək üçün formalaşan maliyyə vəsaitidir. Yerli büdcələr bələdiyyələr tərəfindən müəyyənləşdirilir. Bələdiyyə büdcəsindən pul vəsaiti yalnız bələdiyyə iclasının qərarı ilə ayrılır. Bələdiyyələr öz maddi və maliyyə vəsaitlərindən istifadə edilməklə bələdiyyə ərazisinin abadlaşdırılması, əhaliyə kommunal xidmətlər göstərilməsi, müvafiq ərazi əhalisinin məişət və sosial-mədəni tələbatının ödənilməsi üçün zəruri məhsulların istehsalı, xidmətlərin göstərilməsi və digər işlərin görülməsi üçün sifarişçi kimi çıxış edə bilərlər.

Sonda verilən suallar ətraflı cavablandırılmış, bələdiyyələrə “Yerli büdcənin tərtibi”, “Metodik sənədlər toplusu” və “Bələdiyyələrlə arxiv işinin təşkilinə dair hüquqi aktlar toplusu” vəsaitləri təqdim olunmuşdur.

 

     Naxçıvan Muxtar Respublikası

Ədliyyə Nazirliyinin mətbuat xidməti