date saat
İcra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və həmin qanun qarşısında bərabərlik, obyektivlik və ədalətlilik prinsipinə əsaslanır. Ədalət mühakiməsinin təkmilləşdirilməsi və məhkəmə qərarlarının icrasının səmərəliliyinin artırılması sahəsində mütəmadi tədbirlər görülür. İcra orqanlarının fəaliyyətinə köməklik göstərilməsi, icradan yayınan borclular barədə profilaktik tədbirlərin görülməsi işi diqqət mərkəzində saxlanılır.
Nazirliyin İstintaq bölməsinin və İcra və Probasiya şöbəsinin əməkdaşları Babək rayonunda vətəndaşların hüquqlarının və qanuni mənafələrinin qorunması, icradan qəsdən yayınan borcluların hüquqlarının və məsuliyyətlərinin izah edilməsi məqsədilə profilaktik tədbir keçirmişdir. Tədbirdə aliment və digər icra işləri üzrə müraciət edən vətəndaşlar dinlənilmiş, onlara hüquq və vəzifələri izah edilmiş, yaranmış çətinliklərin aradan qaldırılması üçün müzakirələr aparılmışdır.
Tədbir zamanı qeyd edilmişdir ki, icra işi üzrə tələb borclular tərəfindən qəsdən və ya vaxtında icra edilmədikdə "İcra haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məcburi icra tədbirləri həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Tədbirdə borcluların yol verdiyi nöqsanlar qeyd edilib, onların baş vermə səbəb və şəraitinin aradan qaldırılması yolları ətraflı təhlil edilib, müvafiq hüquqi maarifləndirmə işləri aparılıb.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti