date saat
“Daşınmaz əmlaka mülkiyyət hüququnun yaranmasının əsasları və bələdiyyə torpaqlarından təyinatı üzrə istifadə edilməsi” mövzusunda növbəti seminar Şərur rayonunda təşkil edilmişdir. Ədliyyə Nazirliyi və Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin birgə təşkil etdiyi seminar Şərur rayon bələdiyyələrinin iştirakı ilə keçirilmişdir.
Tədbirdə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi vəzifələrini icra edən kiçik ədliyyə müşaviri Cəfər Zülfüqarov “Yerli özünüidarəetmə fəaliyyətinin qanunauyğun həyata keçirilməsi sahəsində bələdiyyələrin vəzifələri” mövzusunda çıxış edərək bildirmişdir ki, ölkəmiz dövlət müstəqilliyi qazandıqdan sonra yerli özünüidarənin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər bələdiyyələrin imkanlarını genişləndirmiş, yerli əhəmiyyətli məsələlərin həlli ilə bağlı qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün əlverişli şərait yaratmışdır. Bələdiyyələrin fəaliyyətində qanunçuluğun təmin edilməsi, qəbul edilmiş qanunvericilik aktlarının mahiyyətinin öyrənilməsi və düzgün tətbiq edilməsi, bələdiyyələrdə kargüzarlıq işlərinin qanunvericiliyin tələblərinə uyğun aparılması məqsədi ilə nazirlik tərəfindən muxtar respublikanın şəhər və rayonlarında mütəmadi olaraq seminarların keçirilməsi təşkil olunur.
“Daşınmaz əmlaka hüquqların yaranması və torpaq münasibətlərinin tənzimlənməsi” mövzusunda Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin sektor müdiri Oqtay Məmmədov çıxışında bildirmişdir ki, muxtar respublikada mülkiyyət hüquqlarının və torpaq münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi sahəsində görülən işlər torpaq və əmlak münasibətlərinin inķişafına, bələdiyyələrin torpaq sahələrindən daha da səmərəli istifadə etməsinə şərait yaratmışdır. Qeyd etmişdir ki, dövlət quruculuğunda aparılmış köklü islahatlar nəticəsində yeni mülkiyyət münasibətləri, eyni zamanda mülkiyyət hüquqlarının qeydiyyatı, müdafiəsi və toxunulmazlığı ilə bağlı qanunvericilik bazası yaradılmışdır. Qanunvericiliyin tələblərinin öyrənilməsi və onlara əməl edilməsi bələdiyyələr tərəfindən daim diqqətdə saxlanmalıdır.
Bələdiyyələrlə iş mərkəzinin baş məsləhətçisi I dərəcəli ədliyyə qulluqçusu Xəyal Eyvazov “Bələdiyyə torpaqlarından istifadə edilməsinin qaydaları və torpaq sahələrinin özbaşına tutulmasının qarşısının alınması” mövzusunda çıxışında bildirmişdir ki, yerli özünüidarənin iqtisadi əsaslarını bələdiyyə mülkiyyəti, yerli büdcənin vəsaiti və digər əmlak təşkil edir. Bələdiyyə mülkiyyətinin tərkibinə yerli vergilər və ödənişlər hesabına formalaşan yerli büdcənin vəsaiti, bələdiyyə əmlakı, habelə bələdiyyə torpaqları, digər daşınar və daşınmaz əmlak daxildir. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirir. Bələdiyyələr mülkiyyətində olan torpaqlardan səmərəli və məqsədyönlü istifadə etməlidir. Qeyri-qanuni istifadə edilən, özbaşına tutulmuş bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır və həmin torpaq sahələri aidiyyəti üzrə geri qaytarılmalıdır.
Qanunvericilik bölməsinin rəisi ədliyyə müşaviri Ayaz Məhərrəmov “Bələdiyyələrin mülkiyyət hüququ və yerli büdcələrin tərtib edilməsinin hüquqi əsasları” mövzusunda çıxış edərək bildirdi ki, yerli büdcələr bələdiyyə büdcələrindən ibarətdir və həmin büdcələrin tərtibini, təsdiqini və icrasını, onların icrasına nəzarəti bələdiyyələr müstəqil şəkildə həyata keçirirlər. Yerli büdcənin icrası “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanuna uyğun həyata keçirilir. Bələdiyyə büdcəsindən pul vəsaiti yalnız bələdiyyə iclasının qərarı ilə ayrılır. Yerli büdcə bələdiyyənin idarəetmə xərcləri, sosial-məişət, yaşayış, mədəniyyət və idman obyektlərinin, habelə əhalinin ümumi istifadəsində olan küçə, həyət və bağların saxlanması xərcləri nəzərə alınmaqla bələdiyyələrin müəyyən etdiyi xərc normativləri əsasında formalaşdırılır. Bələdiyyələr dövlət büdcəsindən alınmış məqsədli vəsaitlər istisna olmaqla, yerli büdcənin icrası prosesində mədaxil və məxaric maddələrində büdcə təsnifatı üzrə təsdiq edilmiş təxsisat həddində dəyişikliklər apara bilərlər.
Seminarın sonunda verilən suallar ətraflı cavablandırılmış, tədbir iştirakçılarına “Yerli büdcənin tərtibi”, “Metodik sənədlər toplusu” və “Bələdiyyələrlə arxiv işinin təşkilinə dair hüquqi aktlar toplusu” vəsaitləri təqdim edilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti