date saat
Ədliyyə Nazirliyinin əsas fəaliyyət istiqamətlərindən olan məhkəmə qərarlarının icrası diqqət mərkəzində saxlanılır. Vətəndaşların məhkəmələr tərəfindən pozulmuş hüquqlarının bərpası, məhkəmə qərarı əsasında borcların vaxtında qaytarılması, aliment öhdəliklərinin yerinə yetirilməsi sahəsində profilaktik tədbirlər davam etdirilir. Bu dəfə icradan qəsdən yayınan borclular barəsində profilaktik tədbirlərin görülməsi məqsədilə nazirliyin əməkdaşları Sədərək rayonunda olmuşlar.
Məhkəmə qərarlarının, habelə icrası icra məmurlarına həvalə edilmiş digər orqanların aktlarının icrasının qanunvericiliklə müəyyən edilmiş müddətdə tam icrası daim diqqətdə saxlanılır. Əməkdaşlarımız tərəfindən icra sənədi üzrə icradan yayınan borclular barədə Sədərək Rayon İcra və Probasiya Bölməsinin icraatında olan aliment tələbinə dair profilaktik söhbətlər aparılmışdır. Qəbulda iştirak edən dörd nəfər borcluya hüquqları izah edilmiş, onlara aliment borcunun vaxtında qaytarılmamasının məsuliyyəti barədə məlumat verilmişdir.
Qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən yetkinlik yaşına çatmayan uşaqlar ata və anaları tərəfindən saxlanılmağa borcludur. Eyni zamanda nikahı pozulmuş və uşaqlarından ayrı yaşayan valideynlər, atalar və ya analar uşaqlarını saxlamaq üçün müəyyən məbləğdə pul ödəməyə borcludurlar. Əgər aliment məhkəmə qaydasında müəyyən olunubsa, ondan imtinaya yol verilmir. İcra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edən təqsirkar şəxslər inzibati qaydada məsuliyyətə cəlb olunurlar. İcra sənədi qərəzli olaraq icra edilmədikdə, məhkəmə qərarını icra etməyə borclu olan şəxsin qanunvericiliklə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması nəzərdə tutulur.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti