date saat

Ədliyyə Nazirliyi və Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Daşınmaz əmlaka mülkiyyət hüququnun yaranmasının əsasları və bələdiyyə torpaqlarından təyinatı üzrə istifadə edilməsi” mövzusunda bələdiyyələrin maarifləndirilməsi məqsədilə növbəti seminarlar Kəngərli və Sədərək rayonlarında keçirilmişdir.

Keçirilən seminarlarda Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi vəzifələrini icra edən kiçik ədliyyə müşaviri Cəfər Zülfüqarov “Yerli özünüidarəetmə fəaliyyətinin qanunauyğun həyata keçirilməsi sahəsində bələdiyyələrin vəzifələri” mövzusunda çıxış edərək bildirmişdir ki, seminarların keçirilməsinin əsas məqsədi bələdiyyələrin fəaliyyətinin əlaqələndirilməsi, yerli özünüidarəetmə orqanları arasında əməkdaşlığın gücləndirilməsi, bələdiyyə qanunvericiliyinin öyrənilməsi və tətbiq edilməsi, bələdiyyələrdə kargüzarlıq işlərinin qanunvericiliyin tələblərinə uyğun aparılmasıdır.

Bələdiyyələr yerli əhəmiyyətli məsələlərin həllində qanunla onlara verilən səlahiyyətlərdən səmərəli istifadə etməli, yerli əhalinin üzləşdiyi sosial problemlərin həllində daha fəal olmalı və fəaliyyətlərində qanunçuluğa əməl olunmasını təmin etməlidirlər. Ədliyyə Nazirliyinin əsas fəaliyyət istiqamətlərindən biri bələdiyyələrin işinin təşkilinə kömək etmək və onlara metodoloji yardım göstərmək, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirməkdir. Bələdiyyələrdə aparılan işin təşkilinə köməklik göstərilməsi və mövcud nöqsanların aradan qaldırılması məqsədilə hər bir bələdiyyəyə ayrılıqda tövsiyə məktubları göndərilmişdir.

Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin sektor müdiri Oqtay Məmmədov “Daşınmaz əmlaka hüquqların yaranması və torpaq münasibətlərinin tənzimlənməsi” mövzusunda çıxışında qeyd etmişdir ki, bələdiyyə ərazilərinin sərhədlərinin, koordinatlarının müəyyən edilməsi, onların hüdudlarında torpaqların mülkiyyət formaları üzrə dürüstləşdirilməsi ilə bağlı çöl tədqiqat və xəritəçəkmə işlərinin yerinə yetirilməsi bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin artırılmasına xidmət edir. Xəritələrin hazırlanması bələdiyyələrin onlara məxsus torpaq sahələri üzərində mülkiyyət hüququnun tanınmasına və həmin torpaq  sahələrindən düzgün və səmərəli istifadə etməsinə şərait yaratmışdır.

“Bələdiyyə torpaqlarından istifadə edilməsinin qaydaları və torpaq sahələrinin özbaşına tutulmasının qarşısının alınması” mövzusunda Bələdiyyələrlə iş mərkəzinin baş məsləhətçisi I dərəcəli ədliyyə qulluqçusu Xəyal Eyvazov çıxışında bildirmişdir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydalarını tənzimləyir. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı ilə həyata keçirilir. Bələdiyyələr mülkiyyətində olan torpaqlardan səmərəli və məqsədli təyinatı üzrə istifadə etməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış məntəqələrinin ümumi istifadədə olan bələdiyyə torpaqlarında əhalinin ictimai təlabatının ödənilməsinə xidmət edən ticarət, ictimai-iaşə, məişət və digər obyektlər istisna olmaqla, başqa məqsədlər daşıyan obyektlərin tikintisinə yol verilmir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə görə torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Hüquqi və fiziki şəxslər tərəfindən torpaq qanunvericiliyinin pozulması Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət yaradır.

Qanunvericilik bölməsinin rəisi ədliyyə müşaviri Ayaz Məhərrəmov “Bələdiyyələrin mülkiyyət hüququ və yerli büdcələrin tərtib edilməsinin hüquqi əsasları” mövzusunda çıxış etdi. Bildirdi ki, yerli büdcənin vəsaiti, bələdiyyə əmlakı, bələdiyyə torpaqları, dövlət və xüsusi mülkiyyətdə olmayan yollar bələdiyyə mülkiyyətinin tərkibinə aiddir. Bələdiyyələr yerli büdcənin tərtibini, təsdiqini və icrasını, onların icrasına nəzarəti müstəqil həyata keçirirlər. Yerli büdcə bələdiyyələrin statusuna uyğun özünüidarəetmə prinsiplərini reallaşdırmaq, bələdiyyələrin qanunvericiliklə müəyyənləşdirilmiş səlahiyyətlərini həyata keçirmək üçün formalaşan və istifadə edilən maliyyə vəsaitidir. Bələdiyyə büdcəsindən pul vəsaiti yalnız bələdiyyə iclasının qərarı ilə ayrılır. Yerli büdcənin icrası “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun həyata keçirilir.

Qanuna uyğun olaraq bələdiyyələr bələdiyyə mülkiyyəti obyektlərini fiziki və hüquqi şəxslərin müvəqqəti və ya daimi istifadəsinə, icarəsinə verə bilər, habelə bələdiyyə mülkiyyətində olan əmlak barəsində başqa əqdlər bağlaya bilərlər. Bələdiyyələr müqavilə şərtlərinə əməl etməyən icarəçilərlə, istifadə edilməyən və ya qanuna, müqavilə şərtlərinə uyğun olmayan istifadə hallarının, torpaqların əsassız dövriyyədən çıxarılmasının qarşısının alınması, torpaqlardan daha səmərəli istifadə olunmasının təmin edilməsi üçün bütün zəruri tədbirləri görməlidirlər.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmış, bələdiyyələrə “Yerli büdcənin tərtibi”, “Metodik sənədlər toplusu” və “Bələdiyyələrlə arxiv işinin təşkilinə dair hüquqi aktlar toplusu” vəsaitləri təqdim edilmişdir.

 

     Naxçıvan Muxtar Respublikası

Ədliyyə Nazirliyinin mətbuat xidməti