date saat
Şahbuz rayonunda Ədliyyə Nazirliyinin və Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Daşınmaz əmlaka mülkiyyət hüququnun yaranmasının əsasları və bələdiyyə torpaqlarından təyinatı üzrə istifadə edilməsi” mövzusunda növbəti seminar təşkil edilmişdir. Rayonda fəaliyyət göstərən bələdiyyələr üçün təşkil edilən seminarda bələdiyyə mülkiyyətinin qanunvericiliyə uyğun olaraq idarə edilməsi, dövlət reyestrində qeydiyyatının əhəmiyyəti, mülkiyyətin tənzimlənməsində aidiyyəti qurumların fəaliyyətinin əlaqələndirilməsi məsələlərinə toxunulub.
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Cəfər Zülfüqarov “Yerli özünüidaretmə fəaliyyətinin qanunauyğun həyata keçirilməsində bələdiyyələrin vəzifələri” mövzusunda çıxış edərək bildirib ki, dövlət müstəqilliyimizi əldə etdikdən sonra bələdiyyə sahəsində bir sıra qanunlar qəbul edilmiş, yerli özünüidarənin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər bələdiyyələrin imkanlarını genişləndirmiş, onların inkişafı üçün əlverişli şərait yaratmışdır. Bələdiyyələrin fəaliyyətində qanunçuluğun təmin edilməsi, qəbul edilmiş qanunvericilik aktlarının mahiyyətinin öyrənilməsi və düzgün tətbiq edilməsi məqsədi ilə nazirlik tərəfindən muxtar respublikanın şəhər və rayonlarında mütəmadi olaraq seminarların keçirilməsi təşkil olunur.
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin sektor müdiri Oqtay Məmmədov “Daşınmaz əmlaka hüquqların yaranması və torpaq münasibətlərinin tənzimlənməsi” mövzusunda çıxışında qeyd edib ki, bələdiyyə ərazilərinin sərhədlərinin, koordinatlarının müəyyən edilməsi, onların hüdudlarında torpaqların mülkiyyət formaları üzrə dürüstləşdirilməsi ilə bağlı çöl tədqiqat və xəritəçəkmə işləri yerinə yetirilməsi yerli özünüidarə orqanları tərəfindən torpaq sahələrindən daha da səmərəli istifadə olunmasına şərait yaratmışdır.
“Bələdiyyə torpaqlarından istifadə edilməsinin qaydaları və torpaq sahələrinin özbaşına tutulmasının qarşısının alınması” mövzusunda Bələdiyyələrlə iş mərkəzinin baş məsləhətçisi I dərəcəli ədliyyə qulluqçusu Xəyal Eyvazov qeyd edib ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydalarını tənzimləyir. Müvafiq inzibati ərazi daxilində dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarının tərkibinə daxildir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış məntəqələrinin ümumi istifadədə olan bələdiyyə torpaqlarında əhalinin ictimai təlabatının ödənilməsinə xidmət edən ticarət, ictimai-iaşə, məişət və digər obyektlər istisna olmaqla, başqa məqsədlər daşıyan obyektlərin tikintisinə yol verilmir.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə görə torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Torpaq qanunvericiliyinin pozulmasında təqsirkar olan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Qanunvericilik bölməsinin rəisi ədliyyə müşaviri Ayaz Məhərrəmov “Bələdiyyələrin mülkiyyət hüququ və yerli büdcələrin tərtib edilməsinin hüquqi əsasları” mövzusunda çıxışında vurğulayıb ki, yerli büdcənin vəsaiti, bələdiyyə əmlakı, habelə bələdiyyə torpaqları, dövlət və xüsusi mülkiyyətdə olmayan yollar, digər daşınar və daşınmaz əmlak bələdiyyə mülkiyyətinin tərkibinə daxildir. Bələdiyyələr mülkiyyətində olan torpaqlardan səmərəli və məqsədli təyinatı üzrə istifadə etməlidir. Qanuna uyğun olaraq bələdiyyələr bələdiyyə mülkiyyəti obyektlərini fiziki və hüquqi şəxslərin müvəqqəti və ya daimi istifadəsinə, icarəsinə verə bilər, habelə bələdiyyə mülkiyyətində olan əmlak barəsində başqa əqdlər bağlaya bilərlər. Yerli büdcələr bələdiyyə büdcələrindən ibarətdir və həmin büdcələrin tərtibini, təsdiqini və icrasını onların icrasına nəzarəti bələdiyyələr müstəqil həyata keçirirlər. Yerli büdcə bələdiyyələr tərəfindən müəyyənləşdirilir. Bələdiyyə büdcəsindən pul vəsaiti yalnız bələdiyyə iclasının qərarı ilə ayrılır. Yerli büdcənin icrası “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun həyata keçirilir.
Tədbirin sonunda verilən suallar ətraflı cavablandırılmış, seminar iştirakçılarına “Yerli büdcənin tərtibi”, “Metodik sənədlər toplusu” və “Bələdiyyələrlə arxiv işinin təşkilinə dair hüquqi aktlar toplusu” metodiki vəsaitlər təqdim edilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti