date saat
Ədliyyə Nazirliyinin və Hərbi Prokurorluğun birgə təşkilatçılığı ilə Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Təlim-Tədris Mərkəzində bir qrup hərbi sürücünün iştirakı ilə profilaktik seminar keçirilmişdir. Ümumqoşun Ordusunun hərbi sürücüləri üçün təşkil edilən seminarda yol nəqliyyat hadisələri, hadisələrin növləri, səbəbləri, qarşısının alınması üsulları, müxtəlif yol şəraitlərində avtomobil idarə etmənin üsulları məsələlərinə toxunulmuşdur.
Məhkəmə Ekspertizası Mərkəzinin Yol-nəqliyyat hadisələrinin ekpertizaları bölməsinin böyük eksperti I dərəcəli ədliyyə qulluqçusu Məhəmməd Həşimov “Müxtəlif yol şəraitlərində avtomobil idarə etmənin üsulları” mövzusunda çıxış edərək bildirib ki, aparılmış araşdırmalardan məlum olur ki, hərbi hissələrdə baş verən yol nəqliyyat hadisələrinin əksəriyyəti sürücülərin avtomobili qeyri-peşəkar idarə etməsi və yol hərəkəti qaydalarına əməl etməməsi nəticəsində baş vermişdir. Hər il baş verən yol-nəqliyyat hadisələrində insan həyatının itirilməsi ilə yanaşı böyük maddi ziyanlarda meydana gəlir. Bu da göstərir ki, hərbi hissələrdəki sürücülərin yol hərəkət qaydaları ilə bağlı bilikləri yenilənməli və təkmilləşdirilməlidir. Payız-qış mövsümündə havaların yağıntılı olması yol səthinin sürüşkən olmasına səbəb olur ki, bu da sürücülərdən daha cox diqqət tələb edir.
Qeyd edilmişdir ki, sürücülər adamların daşınması zamanıda müəyyən olunmuş qaydalara əməl etməli və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini əsas götürməlidirlər. Yük avtomobillərinin bort platformasında adamların daşınmasına oturacaqlar döşəmədən 0,3-0,5 metr hündürlükdə, bortun üst hissəsindən 0,3 metr aşağıda bərkidildikdə icazə verilir. Tormoz sistemi və sükan mexanizmi nasaz olan nəqliyyat vasitələri yedəyə alınarkən qismən və ya tam yüklənilməli, həmçinin yedəyə alınan nəqliyyat vasitəsində sərnişinlərin daşınması qadağandır.
Hərbi Prokurorunun müavini ədliyyə polkovnik-leytenantı Rəşad İsmayılov “Baş vermiş yol-nəqliyyat hadisələri və onların nəticələri ” mövzusunda çıxışında qeyd etmişdir ki, yol-nəqliyyat hadisələri obyektiv və subyektiv səbəblərdən baş verə bilər. Yol hərəkəti qaydaları sürücü, piyada, sərnişin, yol hərəkətinin digər iştrakçısı tərəfindən pozulduqda, nəqliyyat vasitəsinin hərəkətinin və istismarının təhlükəsizlik qaydalarının pozulduqda, nəqliyyat vasitəsinin tormozlama, manevr və digər xüsusiyyətlərində çatışmazlıqlar olduqda hadisələr baş verə bilər. Sürücülər tərəfindən sürət həddinin aşılması, ötmə qaydalarının pozulması, manevr qaydalarına riayət olunmaması nəticəsində bədbəxt hadisələr baş vermişdir. Bu cür halların qarşısının alınması üçün təlimatlandırmanı və nəzarəti daha da gücləndirmək lazımdır.
Məhkəmə Ekspertizası Mərkəzinin Yol-nəqliyyat hadisələrinin ekpertizaları bölməsinin eksperti I dərəcəli ədliyyə qulluqçusu Azər Məmmədov çıxışında qeyd etmişdir ki, müasir dövrün ən vacib problemlərindən biri istismarda olan avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsidir. Avtomobil sənayesinin sürətli inkişafı ölkəmizdə də nəqliyyat vasitələrinin sayının artmasına səbəb olmuşdur ki, bu da öz növbəsində qəza hallarının artmasına öz təsirini göstərmişdir. Həmin hal hərbi sahədə də öz təsirini göstərir. Bütün bunlara baxdıqda görürük ki, bütün növ yol nəqliyyat hadisələrinin baş verməsində sürücülər həmişə hadisə iştirakçısı olur. Hadisənin baş verməsi avtomobilin hərəkəti zamanı sürücünün idarə etmə hərəkətləri ilə sıx əlaqədardır. Göstərilən hallar praktikada da öz təsdiqini tapmışdır. Dəfələrlə məhkəmə ekspertizası təyin olunmuş işlərdə sürücülər tərəfindən sürət həddinin aşılması, ötmə qaydalarının pozulması, manevr qaydalarına riayət olunmaması, təhlükəsiz ara məsafəsinin və yan intervalın pozulması, yol ayrıclarında hərəkət növbəliliyinin pozulması nəticəsində baş vermiş yol-nəqliyyat hadisələri nəticəsində piyadalar, sərnişinlər və sürücülər həlak olmuş və ya xəsarət almışdır. Yağışlı havalarda, məhdudiyyətli görmə şəraitində, sutkanın qaranlıq vaxtında sürücülər daha da ehtiyatlı olmalıdır. Bir neçə işdə yolun yaş olması şəraitində sürücü təkərin yerlə ilişməsinin azalmasını bilmədiyindən və ya buna əhəmiyyət vermədiyindən avtomobili yüksək sürətlə idarə etmiş, tormozlama əməliyyatı apardıqda isə sürüşmə nəticəsində əks istiqamətli yola çıxıb qarşıdan əks istiqamətdə hərəkətdə olan nəqliyyat vasitəsi ilə toqquşmuş və ya yoldan çıxaraq aşmışdır. Məhdudiyyətli görünmə və sutkanın qaranlıq vaxtında avtomobil idarə edərkən daha da ehtiyatlı olmaq lazımdır. Qəzaların baş verməsinin səbəblərindən biri də xəstəlik, yuxusuzluq və yorğunluq halları olduqda nəqliyyat vasitəsi idarə etməkdir. Bu hallar sürücünün hər hansı təhlükə qarşısında vaxtında və düzgün reaksiya verməsini çətinləşdirir ki, bu da qəza baş verməsinə səbəb olur. Ona görə də həmin hallar olduqda avtomobil idarə edilməməlidir. Sürücülər yol hərəkəti qaydalarına riayət etməli, nəqliyyat vasitəsində olan sərnişinləri, piyadaları və digər hərəkət iştirakçılarını, həmçinin onlara təhkim olunmuş nəqliyyat vasitəsini qorumalı, hərəkət təhlükəsizliyini təmin etməlidir.
Hərbi Prokurorluğun İstintaq şöbəsinin rəisi ədliyyə mayoru Bəhruz Məmmədov “Qaydaları pozan sürücülərin inzibati və cinayət məsuliyyətinə cəlb olunması haqqında” mövzusunda çıxışında vurğulayıb ki, sürücü yola düşməzdən əvvəl daşıdığı adamlara minmə, düşmə və yerləşmə haqqında əvvəlcədən məlumat verməli, adamların olduğu yerdə aparılan yükün onların həyat və sağlamlığı üçün təhlükə yaratmayacağını təmin etməlidir.“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun göstərilən tələblərinin pozulması inzibati və cinayət məsuliyyətinə səbəb olur.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti