date saat
Respublikamızda ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olan, qanunvericilik sisteminin əsasını təşkil edən Konstitusiyada göstərilir ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası bütün fiziki və hüquqi şəxslər üçün məcburidir.
Ədliyyə Nazirliyi fəaliyyət istiqamətinə uyğun olaraq məhkəmə qərarlarının, habelə icrası icra məmurlarına həvalə edilmiş digər orqanların aktlarının icrasının təmin olunmasını təşkil edir.
Qərarların qanunvericiliklə müəyyən edilmiş müddətdə tam icrası daim diqqətdə saxlanılır. Nazirliyin aidiyyatı şöbə və bölmələrinin əməkdaşları məhkəmə qərarlarının icrasının vaxtında təmin edilməsi məqsədilə iş planının müvafiq bəndinə uyğun olaraq muxtar respublikanın şəhər və rayonlarının icra və probasiya şöbə və bölmələrində olurlar.
Borclularla növbəti profilaktiki tədbir Culfa Rayon İcra və Probasiya Bölməsində təşkil edilmişdir. Aliment və digər icra sənədləri üzrə icradan yayınan borclularla aparılan söhbət zamanı onlara icra sənədi üzrə tələbin qəsdən və ya vaxtında icra edilməməsinin, tələbin icrasına maneçilik törətmənin yaratdığı inzibati və cinayət məsuliyyəti barədə məlumat verilmiş, qanunvericiliyin tələbləri izah edilmişdir.
Borcluların diqqətinə çatdırılmışdır ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununa əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, borclu şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə, icra sənədi qərəzli olaraq icra edilmədikdə, məhkəmə qərarını icra etməyə borclu olan şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunur. Bildirilmişdir ki, icra məmurunun tələblərini yerinə yetirilməməsinə görə təqsirkar şəxslər inzibati məsuliyyətə cəlb edildikdən sonra qanunsuz hərəkətlərini davam etdirdikləri təqdirdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən cinayət məsuliyyətinə cəlb edilirlər.
Nazirliyin əməkdaşları tərəfindən məhkəmə qərarlarının icrasıyla əlaqədar borclularla aparılan profilkatiki söhbətlər davam etdirilir.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti