date saat
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Ordubad rayonunda “Daşınmaz əmlaka mülkiyyət hüququnun yaranmasının əsasları və bələdiyyə torpaqlarından təyinatı üzrə istifadə edilməsi” mövzusunda seminar keçirilmişdir.
Seminarda bələdiyyə mülkiyyətinin qanunvericiliyə uyğun olaraq idarə edilməsi, dövlət reyestrində qeydiyyatının əhəmiyyəti, bələdiyyə mülkiyyətinin tənzimlənməsində aidiyyatı qurumların fəaliyyətinin əlaqələndirilməsi məsələlərinə toxunulub.
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Cəfər Zülfüqarov “Yerli özünüidarəetmə fəaliyyətinin qanunauyğun həyata keçirilməsi sahəsində bələdiyyələrin vəzifələri” mövzusunda çıxış edərək bildirib ki, ölkəmiz dövlət müstəqilliyi qazandıqdan sonra bələdiyyələrin fəaliyyətini tənzimləyən zəruri hüquqi baza yaradılmışdır. Yerli özünüidarənin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər bələdiyyələrin imkanlarını genişləndirmiş, yerli əhəmiyyətli məsələlərin həlli ilə bağlı qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün əlverişli şərait yaratmışdır. Muxtar respublikamızda da bələdiyyələrin inkişafı üçün zəruri hüquqi təşkilati şərait yaradılmış və yerli özünüidarə hüququnu həyəta keçirməkdə əhaliyə zəruri köməklik göstərilmişdir.
Bələdiyyələrin işinin təşkilinə kömək etmək və onlara metodoloji yardım göstərmək, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirmək Ədliyyə Nazirliyinin əsas fəaliyyət istiqamətlərindən biridir. Bələdiyyələrin fəaliyyətində qanunçuluğun təmin edilməsi, bələdiyyə fəaliyyətini tənzimləyən qanunvericilik aktlarına edilmiş çoxsaylı əlavə və dəyişikliklərin mahiyyətinin öyrənilməsi və düzgün tətbiq edilməsi yerli özünüidarəetmə orqanları ilə profilaktik, maarifləndirici tədbirlərin keçirilməsi məqsədlə nazirlik tərəfindən muxtar respublikanın şəhər və rayonlarında davamlı olaraq praktiki seminarlar təşkil edilir.
“Daşınmaz əmlaka hüquqların yaranması və torpaq münasibətlərinin tənzimlənməsi” mövzusunda Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin sektor müdiri Oqtay Məmmədov çıxış edərək bildirdi ki, yerli özünüidarə orqanlarının daha səmərəli fəaliyyət göstərməsi üçün bələdiyyə ərazilərinin sərhədlərinin, koordinatlarının müəyyən edilməsi, onların hüdudlarında torpaqların mülkiyyət formaları üzrə dürüstləşdirilməsi ilə bağlı çöl tədqiqat və xəritəçəkmə işləri yerinə yetirilmişdir. Xəritələrin hazırlanması bələdiyyələrin onlara məxsus torpaq sahələri üzərində mülkiyyət hüquqlarının daha da artmasına və həmin torpaq sahələrindən düzgün və səmərəli istifadə etməsinə şərait yaratmışdır.
Bələdiyyə torpaqlarından istifadə edilməsinin qaydaları və torpaq sahələrinin özbaşına tutulmasının qarşısının alınması” mövzusunda Bələdiyyələrlə iş mərkəzinin baş məsləhətçisi, I dərəcəli ədliyyə qulluqçusu Xəyal Eyvazov çıxışında bildirib ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydalarını tənzimləyir. Bələdiyyə torpaqlarının tərkibinə müvafiq inzibati ərazi daxilində dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar daxildir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış məntəqələrinin ümumi istifadədə olan bələdiyyə torpaqlarında əhalinin ictimai təlabatının ödənilməsinə xidmət edən ticarət, ictimai-iaşə, məişət və digər obyektlər istisna olmaqla, başqa məqsədlər daşıyan obyektlərin tikintisinə yol verilmir. Bələdiyyə mülkiyyətində olan torpaqlardan səmərəli və məqsədli təyinatı üzrə istifadə edilməlidir.
Vurğulanıb ki, qeyri-qanuni istifadə edilən özbaşına tutulmuş torpaq sahələri torpaq və mülki qanunvericiliyə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə görə torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Torpaq qanunvericiliyinin pozulmasında təqsirkar olan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Qanunvericilik bölməsinin rəisi, ədliyyə müşaviri Ayaz Məhərrəmov “Bələdiyyələrin mülkiyyət hüququ və yerli büdcələrin tərtib edilməsinin hüquqi əsasları” mövzusunda çıxış edərək qeyd edib ki, bələdiyyə mülkiyyətinin tərkibinə yerli büdcənin vəsaiti, bələdiyyə əmlakı, habelə bələdiyyə torpaqları, dövlət və xüsusi mülkiyyətdə olmayan yollar, digər daşınar və daşınmaz əmlak daxildir. Qanuna uyğun olaraq bələdiyyələr bələdiyyə mülkiyyəti obyektlərini fiziki və hüquqi şəxslərin müvəqqəti və ya daimi istifadəsinə, icarəsinə verə bilər, habelə bələdiyyə mülkiyyətində olan əmlak barəsində başqa əqdlər bağlaya bilərlər.
Bələdiyyələr öz maddi və maliyyə vəsaitlərindən istifadə edilməklə bələdiyyə ərazisinin abadlaşdırılması, əhaliyə kommunal xidmətlər göstərilməsi, müvafiq ərazi əhalisinin məişət və sosial-mədəni tələbatının ödənilməsi üçün zəruri məhsulların istehsalı, xidmətlərin göstərilməsi və digər işlərin görülməsi üçün sifarişçi kimi çıxış edə bilərlər.
Yerli büdcələr bələdiyyə büdcələrindən ibarətdir və həmin büdcələrin tərtibini, təsdiqini və icrasını, onların icrasına nəzarəti bələdiyyələr müstəqil həyata keçirirlər. Yerli büdcə bələdiyyələr tərəfindən müəyyənləşdirilir. Bələdiyyə büdcəsindən pul vəsaiti yalnız bələdiyyə iclasının qərarı ilə ayrılır. Yerli büdcənin icrası “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanuna uyğun həyata keçirilir.
Sonda verilən suallar ətraflı cavablandırılıb. Seminar iştirakçılarına “Yerli büdcənin tərtibi”, “Metodik sənədlər toplusu” və “Bələdiyyələrlə arxiv işinin təşkilinə dair hüquqi aktlar toplusu” vəsaitləri təqdim edilib.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti