date saat

Müstəqil dövlətimizdə dövrün tələblərinə uyğun olaraq Ədliyyə Nazirliyinin də üzərinə yeni vəzifələr qoyulmuşdur. İnsan təfəkkürünə söykənən hər bir fəaliyyətin hüquqi çərçivəyə salınmasına ehtiyac həmişə olmuşdur. Belə ki, dünyada ilk qanunların qəbulundan başlayaraq hüquqi tənzimlənmə cəmiyyətin inkişafında özünəməxsus rol oynamışdır. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən və Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsasını təşkil edən ilk milli Konstitusiyanın-əsas qanunun qəbulu cəmiyyət həyatında əsaslı dəyişikliklərə yol açdı, qanunvericilik sisteminin inkişafına da olduqca mühüm təsir göstərdi.

Ölkəmizdə həyata keçirilən hüquqi islahatlar çərçivəsində qanununvericilik bazası tamamilə yeniləşdi, yeni məcəllələr, qanunlar və normativ hüquqi aktlar qəbul edildi. 19 iyul 2011-ci il tarixdə “Normativ hüquqi aktlar haqqında” Naxçıvan  Muxtar Respublikasının Qanunu qəbul edilmişdir. Bu qanun muxtar  respublikada normativ hüquqi aktların hazırlanması, qəbul olunması, rəsmiləşdirilməsi, dərc edilməsi, qüvvədə olması, şərh edilməsi və  sistemləşdirilməsi qaydalarını tənzimləyir. Qanunda əksini tapan yeniliklərdən biri də Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin yaradılmasıdır. Reyestrin fəaliyyətə başlaması, formalaşdırılması və aparılması üçün zəruri tədbirlər həyata keçirilmişdir.

Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktlarının Dövlət Reyestri Azərbaycan Respublikasının Hüquqi Aktlarının Dövlət Reyestrinin tərkib hissəsidir. Muxtar respublikamızda Hüquqi Aktların Dövlət Reyestrinin yaradılması müasir inkişaf göstəricilərindən biridir. Hüquqi Aktların Dövlət Reyestri ictimaiyyət üçün daim açıqdır. Bu da hüquqi aktların məzmunu ilə tanış olmağa və axtarışın həyata keçirilməsinə əlverişi imkanlar yaradır.

Mərkəzi icra hakimiyyəti orqanlarının normativ və normativ xarakterli aktları həmin aktlarda onların qüvvəyə minməsinin daha gec müddəti nəzərdə tutulmadıqda Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.

Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestri geniş texniki imkanlara da malikdir. Belə ki, lazım olan hüquqi sənədi tapmaq üçün “Axtarış” düyməsini sıxmaqla üç axtarış qaydası mövcud olan xanaya daxil olduqdan sonra “Ümümi axtarış”, “Dövlət rekvizitlərinə görə axtarış” və “Ətraflı axtarış” xanalarından birini seçərək axtarılan hüquqi sənədi tapmaq mümkündür.

Hüquqi Aktların  Dövlət Reyestrinin yaradılması muxtar respublikada  hüquqi  biliklərin  artırılması,  qanunvericilik  aktlarının mətni  ilə  vətandaşların  birbaşa tanış olması baxımından mühüm əhəmiyyət kəsb edir. Dövlət reyestrinin  yaradılması hüquqi aktlarla işin müasir tələblər səviyyəsində qurulmasına və qanunvericilik bazasının təkmilləşdirilməsinə əlverişli imkanlar yatamışdır.

Hüquqi  Aktların  Dövlət  Reyestri  2012-ci  il  yanvarın  1-dən müvafiq  əsasnaməyə uyğun olaraq fəaliyyətə başlamışdır. Dövlət Reyestrinin yaradılmasında məqsəd, qəbul edilən hüquqi aktların aşkarlığının təmin edilməsinə nail olmaq, müvafiq dövlət orqanlarının qarşılıqlı əlaqələrini bu istiqamət üzrə müəyyən etməkdir. Dövlət Reyestri Naxçıvan Muxtar  Respublikasının  Ədliyyə  Nazirliyi  tərəfindən  aparılır və fəaliyyət göstərdiyi müddətdə reyestrə iki mindən  çox  hüquqi akt daxil edilmişdir.

Dövlət Reyestrinin elektron variantının yaradılması hüquqi aktlar barədə dövlət informasiya ehtiyatını yaratmaq, ictimaiyyətin, müxtəlif sahələrdə çalışan peşə sahiblərinin vaxt itkisinə yol vermədən informasiya əldə etmək imkanını asanlaşdırmaqdadır. Ayrı-ayrı hüquq sahələri ilə bağlı mütamədi olaraq kütləvi informasiya vasitələrində hüquqi maarifləndirmə işləri aparmaqla yanaşı Dövlət Reyestrinin təşkili bu fəaliyyətin surətləndirilməsinə yönəldilən addımdır.

Hüquqi Aktların  Dövlət Reyestri Naxçıvan Muxtar Respublikasında qəbul  edilən  normativ  hüquqi aktları,  normativ  xarakterli  aktları,  Naxçıvan  Muxtar  Respublikası Ali Məclisinin qərarlarını, Naxçıvan Muxtar  Respublikası  Ali  Vəzifəli Şəxsinin və Naxçıvan  Muxtar  Respublikası  Nazirlər  Kabinetinin sərəncamlarını, həmçinin onların rekvizitlərini əks etdirən dövlət informasiya ehtiyatıdır.

Qanunda hüquqi aktların dövlət reyestrinə daxil edilməsi qaydası,  reyestrə daxil edilən  hüquqi aktların rekvizitləri və dövlət  reyestrinin  strukturu  ilə bağlı müddəalar əks olunmuşdur. Hüquqi aktlar huquqiaktlar.nakhchivan.az  internet  sayıtında  dərc  olunur və ümumi  istifadə  üçün  daimi açıqdır.

Saytın “Əsas” səhifə adlanan bölməsində üç yarımbölmə mövcuddur.
- Normativ hüquqi aktlar
- Normativ xarakterli aktlar
- Qeyri-normativ xarakterli aktlar

Saytın “Axtarış” adlanan linki vasitəsi ilə istifadəçilər reyestrdə  istədikləri hüquqi aktları əldə edə bilərlər. Bundan əlavə “Dövlət reyestri haqqında” adlanan bölmədə reyestrin hüquqi əsası, məqsədi və aparılması  qaydası haqqında ətraflı məlumat almaq mümkündür. Sayt milli  qanunvericliyin  digər elektron bazalarına “e-qanun.az” daxil olmaq imkanı da yaradır. Respublikamizda aparılan mütərəqqi islahatlar geniş qanunyaradıcı fəaliyyət ilə müşayət olunur. Reyestrin geniş qanunvericilik bazasını özündə əks etdirməsi və daim yenilənməsi internet istifadəçilərinin diqqətini cəlb edir, zaman keçdikcə reyestrin elektron istifadəçilərinin sayı artır.

  

     Naxçıvan Muxtar Respublikası

Ədliyyə Nazirliyinin mətbuat xidməti