date saat
Mayın 2-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Şahbuz şəhər mərkəzində tədbir keçirib. Şahbuz rayonu üzrə bələdiyyə sədrləri və qulluqçularının, eləcə də rayon sakinlərinin iştirakı ilə baş tutan tədbir “Ekoloji mühitin qorunmasında bələdiyyələrin və vətəndaşların iştirakı” mövzusuna həsr edilib.
Şahbuz Rayon İcra Hakimiyyəti başçısı aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Söhrab Kərimov tədbiri giriş sözü ilə açaraq rayon ərazisində ekoloji mühitin qorunması istiqamətində görülən işlər barədə məlumat verib.
Sonra Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi kiçik ədliyyə müşaviri Xəyal Eyvazov “Yerli əhəmiyyətli ekoloji təmizlik məsələlərin həllində vətəndaşların vəzifələri” mövzusunda çıxış edib. Bildirib ki, qanunvericlikdə ətraf mühitin mühafizəsi sahəsində yerli özünüidarəetmə orqanları ilə yanaşı vətəndaşların vəzifələri də təsbit edilmişdir. Bələdiyyələr tərəfindən bələdiyyə torpaqlarının tullantılarla çirklənmədən qorunması, əhali arasında yaşayış yerlərinin təmiz saxlanılması qaydalarına riayət edilməsi barədə izahat işlərinin aparılması və onların bu cür tədbirlərə cəlb edilməsi kimi işlər həyata keçiririr, bələdiyyə ərazisində yaşayan vətəndaşlar da öz növbəsində ətraf mühitin qorunmasında aktiv iştirak etməli və qanunla onların üzərinə qoyulmuş vəzifələri yerinə yetirməlidirlər.
“Ekoloji mühitin qorunmasında yerli özünüidarəetmə orqanlarının hüquqları və vəzifələri” barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit və Təbii Sərvətlərdən İstifadəyə Dövlət Nəzarəti şöbəsinin müdiri Kamran Əliyev məlumat verib. Ətraf mühitin mühafizəsi sahəsində qəbul edilmiş qanunvericilik aktlarında bələdiyyələrin yerli idarəçilikdə ekologiya sahəsi ilə bağlı hüquq və vəzifələri, səlahiyyətləri məsələlərindən bəhs edib.
Ədliyyə Nazirliyinin Qanunvercilik bölməsinin rəisi ədliyyə müşaviri Ayaz Məhərrəmov “Yerli özünüidarənin həyata keçirilməsində vətəndaşların iştirakı” barədə qanunvericilikdən irəli gələn məqamlara diqqət çəkib. Yerli özünüidarəetmə orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsi və bələdiyyə qərarlarının qəbulu məsələsində yerli əhalinin rəyinin nəzərə alınmasının əhəmiyyəti və vacibliyini vurğulayıb. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yerli əhəmiyyətli məsələlər barəsində əhalinin verdiyi bələdiyyə aktlarının lahiyələri hökmən əhalinin nümayəndələrinin iştirakı ilə açıq iclaslarda müzakirə olunmalı və nəticələri rəsmən elan edilməlidir.
Sonda mövzu ilə bağlı müzakirələr aparılıb, iştirakçıları maraqlandıran məqamlara aydınlıq gətirilib. Bələdiyyə sədrlərinə Ədliyyə Nazirliyi tərəfindən hazırlanmış “Metodik sənədlər toplusu” metodiki vəsaitlər təqdim edilib.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti