date saat

Vətənimizin qədim torpaqlarından olan Naxçıvan şəhərində anadan olan, vətəninə, xalqına böyük xidmətlər göstərən ümummilli lider Heydər Əliyev Azərbaycan tarixində əbədi iz qoyub. Bu isə hər insana nəsib olan xoşbəxtlik deyil. Gəlin bir daha tariximizin yaddaşını vərəqləyək. Bu zaman keşməkeşli tariximizin dahilər silsiləsində Heydər Əliyev, onun ömür yolunun və fəaliyyətinin qızıl hərflərlə həkk olunduğunun şahidi oluruq.

1969-cu ildə hakimiyyətə gələn dahi liderin Azərbaycanda apardığı siyasət nəticəsində ölkəmizdə sürətli inkişaf başladı. İkinci dəfə hakimiyyətə gələn Heydər Əliyev Azərbaycanın qaranlıq səmasında yenidən doğan parlaq günəşə bənzədi. Çünki bu dövrlər çox çətin və mürəkkəb illərə təsadüf edirdi. Ölkəni xaos, durğunluq, daxili çəkişmələr və hərc-mərclik bürümüşdü. Azərbaycanı bu bataqlıqdan çəkib çıxaracaq güclü və etibarlı bir ələ ehtiyac var idi. Məhz belə bir zamanda xalqımızın qeyrətli oğlu həyatını təhlükə qarşısında qoyaraq millətinə xidmət etməyi həyat amalına çevirdi. Ancaq öz millətinə, xalqına sonsuz bir məhəbbəti olan insanlar belə qətiyyətli addım atmağa qadirdirlər.

Ulu öndərin “Mən mənalı həyatımın düz altmış ilini xalqımın bu günü və sabahı ilə yaşamışam. Bunun son on ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçib. “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub” fikri bir ömrün hesabatıdır. Heydər Əliyev əməli fəaliyyəti ilə nəinki Azərbaycan, habelə insanlıq, bəşəriyyət üçün dəyərli bir tarix yaratdı. Bu, bəşəri ideyaların ölməzliyi, azadlığın, insanlığın, ağıl və təfəkkürün, xalq məhəbbətinin yenilməzliyi tarixidir.

Heydər Əliyev nadir dövlətçilik zəkası, cəsarəti və sarsılmaz iradəsi ilə Azərbaycanda demokratik və hüquqi dövlət qurmağa nail oldu. Azərbaycan dövlətinin müstəqilliyinin bərpasından sonra dahi liderin ən mühüm məqsədlərindən biri hüquqi və sivil dövlətin qurulması idi. 1995-ci il müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul olundu. 1998-ci il KİV üzərində senzuranın aradan qaldırılması və ölüm hökmünün ləğvi Heydər Əliyevin uğurlu siyasətinin nəticəsi idi. 1993-cü ildə ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkədə siyasi-iqtisadi sabitlik bərqərar oldu, yenidənqurma işlərinə start verildi. Ölkəmizin ərazi bütövlüyünün bərpası və Dağlıq Qarabağ münaqişəsinin həlli xalqın müdrik oğlunun həyat amalı idi. Heydər Əliyevin ölkəyə rəhbərliyə başladığı gündən Azərbaycanda müstəqillik, iqtisadi yüksəliş azadlıq, elmi-tərəqqi dövrü başlandı. Zaman keçdikcə Azərbaycan dünya ölkələri içərisində özünəməxsus yer tutdu. Ulu öndərin müstəqillik dövründə həyata keçirdiyi mühüm islahatlar içərisində ordu quruculuğu, sənaye, iqtisadiyyat və bir çox sahələrdə irəliləyişlər əldə olundu.

Müasir Azərbaycanın hər bir sahədəki uğuru Heydər Əliyev imzası ilə bağlıdır. Ulu öndər böyük uzaqgörənliklə deyirdi ki, “Mənim görüb başa çatdırmadığım işləri Azərbaycan xalqının dəstəyi ilə İlham Əliyev başa çatdıracaq” Ulu öndərin arzusunda olduğu, lakin ömrü vəfa etmədiyi üçün başa çatdıra bilmədiyi ən birinci vəzifə isə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, torpaqlarımızın işğaldan azad edilməsi idi. Həmin dövrdə Ermənistan rəhbərliyinin təkəbbürlü nadanlığı, beynəlxalq güclərin ikiüzlülüyü, imperialist dövlətlərin Qafqazda maraqlarının toqquşması Qarabağ məsələsinin diplomatik yolla həllinə imkan vermədi. Müharibə yolu ilə məsələnin həlli üçün qüdrətli dövlət, güclü iqtisadiyyat və qabiliyyətli ordu yaratmaq, beynəlxalq ictimaiyyətin nüfuzunu və dəstəyini qazanmaq üçün uzun zaman, məqsədyönlü fəaliyyət, dəqiq proqram, böyük siyasi iradə, gərgin zəhmət lazım idi. Tanrı bu missiyanı Ali Baş Komandan İlham Əliyevin qismətinə yazmışdı. Prezident İlham Əliyev ordumuz və xalqımızla birlikdə bu işi bacardı. Əminik ki, bu gün daim azərbaycanlı olması ilə fəxr edən Heydər Əliyevin ruhu şaddır-xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü onun ideya və əməllərini davam etdirən, yarımçıq qalmış arzuları ilə bağlı vəsiyyətlərini gerçəkləşdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bərpa edilib, 30 ildən bəri düşmən nəzarətində olan Qarabağ əbədi azadlığına qovuşub. Xalqının və dövlətinin gələcəyi naminə böyük işlər görmüş dahi insanı hər zaman qürur hissi ilə xatırlayacağıq. Həyatını doğma xalqına həsr edərək onun böyük inamını qazanan, ləyaqətli şəkildə dövlətinə xidmət göstərən vətən oğlunun milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunmasında, mədəniyyətimizin zənginləşdirilərək inkişafında böyük xidmətləri olub. Ulu öndərimizi dərin hörmət və sayğı ilə ürəklərdə yaşadırıq. Onun yüksək ideyalarını yaşatmaq naminə ölkəmizin tərəqqisi üçün vəzifələrimizi layiqincə yerinə yetirməli, əzmkarlıqla çalışmalıyıq. Nə qədər Azərbaycan var, Heydər Əliyev yaşayır və yaşayacaqdır.

 

Araz Abbaslı

Şərur rayon 1 saylı Notariat Ofisinin notariusu

"Nuhçıxan" İnformasiya Agentliyində dərc olunmuşdur