date saat

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə “Heydər Əliyev Azərbaycanda yerli özünüidarəetmənin banisidir” mövzusunda konfrans keçirilib. Konfransda Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Vilayət Zahirov və nazirliyin məsul işçiləri, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev və deputatlar, Azərbaycan bələdiyyələrinin milli assosiasiyaları, bələdiyyə sədrləri, ali təhsil müəssisələrinin professor-müəllim və tələbə heyəti, Mediasiya Şurasının təmsilçiləri, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvləri və digər vətəndaş cəmiyyəti institutları, media nümayəndələri, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi Xəyal Eyvazov və Naxçıvan Şəhər Bələdiyyələri Assosasiyasının sədri Nuraləm İbrahimov  iştirak ediblər.

Əvvəlcə Ümummilli Liderin əziz xatirəsi və Vətən uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.  Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Vilayət Zahirov Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsindən bəhs edərək ölkəmizə rəhbərliyinin bütün dövrlərində xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərini, müstəqilliyimizin möhkəmləndirilməsində xilaskarlıq missiyasını vurğulayıb.

Sonra mövzu ilə bağlı çıxışlar dinlənilib, maraqlı müzakirələr aparılıb.

Tədbirdə Ədliyyə Nazirliyi tərəfindən müasir tələblərə uyğun hazırlanmış və səmərəli yerli özünüidarəetmə fəaliyyətinə töhfə olan “Bələdiyyələrlə iş portalı”nın təqdimatı olub. Bələdiyyələrin fəaliyyətində səmərəliliyin və aşkarlığın artırılması məqsədilə portalda ictimaiyyət üçün açıq olan faydalı bölmələr yerləşdirilib. Eyni zamanda portalda yerli özünüidarəetmə sahəsində Ədliyyə Nazirliyinin gördüyü işlər – metodoloji yardım və inzibati nəzarət tədbirləri öz əksini tapıb.

 

Naxçıvan Muxtar Respublikası

Ədliyyə Nazirliyinin mətbuat xidməti