date saat
Etibarnamə bir şəxsin qərarlar vermək və ya başqa bir şəxs adından hərəkət etmək səlahiyyətinə sahib olduğuna dair sənəddir. Bu sənədin bir çox istifadəsi var, lakin qanuni olaraq notariusdan keçməlidir. Etibarnamə tək tərəflidir, yəni yalnız bir şəxs (digərindən) hüquq alır və eyni zamanda ondan tələb olunanları yerinə yetirməyə borcludur.
Mülki Məcəllədə hüquqi əhəmiyyətə malik etibarnaməyə belə anlayış verilib: bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Aydın olduğu kimi, etibarnamə üçüncü şəxsə ünvanlanır.
Məlumdur ki, əqd sadə yazılı formada və ya notarial formada ola bilər. Etibarnamə birtərəfli əqd olduğundan bir sıra qaydalara əməl edilməlidir. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir.
Qeyd etmək lazımdır ki, bir sıra müəssisələrin müəyyən vəzifəli şəxslərinin təsdiq etdiyi etibarnamələr notariat qarydasında təsdiq edilmiş etibarnamələrə bərabər tutulur. Belə ki:
-hospitallarda, sanatoriyalarda və digər hərbi- müalicə müəssisələrində müalicədə olan hərbi qulluqçuların və başqa şəxslərin həmin müəssisənin rəisi, onun tibbi hissə üzrə müavini, böyük və ya növbətçi həkim tərəfindən təsdiqlənmiş etibarnamələri,
-hərbi qulluqçuların etibarnamələri, hərbi hissələrin, birləşmələrin, idarələrin və hərbi təlim məktəblərinin yerləşdiyi, lakin notariat ofislərinin və notariat əməliyyatları aparan digər orqanların olmadığı məntəqələrdə isə həmçinin fəhlə və qulluqçuların, onların ailə üzvlərinin və hərbi qulluqçuların ailə üzvlərinin bu hissənin, birləşmənin, idarənin və ya məktəbin komandiri (rəisi) tərəfindən təsdiqlənmiş etibarnamələri,
-azadlıqdan məhrumetmə yerlərində olan şəxslərin müvafiq azadlıqdan məhrumetmə yerinin rəisi tərəfindən təsdiqlənmiş etibarnamələri,
-sosial xidmət müəssisələrində olan yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxslərin həmin müəssisənin müdiriyyəti və ya müvafiq əhalinin sosial müdafiəsi orqanının rəhbəri (onun müavini) tərəfindən təsdiqlənmiş etibarnamələri,
-Əmək haqqının və əmək münasibətləri ilə bağlı digər haqların, müəlliflərin və ixtiraçıların haqlarının, pensiyaların, müavinətlərin və təqaüdlərin, fiziki şəxslərin banklardakı əmanətlərinin və poçt göndərmələrinin, o cümlədən pul və bağlamaların alınması üçün etibarnamə etibar edənin işlədiyi və ya təhsil aldığı təşkilat, onun yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı və müalicə olunduğu stasionar müalicə müəssisəsinin müdiriyyəti tərəfindən də təsdiqlənə bilər.
Hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya nizamnaməsi ilə buna vəkil edilmiş digər şəxsin imzası ilə həmin təşkilatın möhürü vurulmaqla verilir.
Qeyd etmək lazımdır ki, müasir dövrün gətirdiyi yeniliklərdən biri də işlərin və xidmətlərin elektron sistemə inteqrasiya edilməsidir. Bu da hər zaman şəffaflığı təmin etməklə yanaşı, həm də daha operativ hərəkət edilməsini təmin edir. Şəxs notariat ofisinə getməsinə ehtiyac qalmadan elektron etibarnamə əldə edilə bilər. Bu baxımdan vətəndaşlar Mobil Notariat tətbiqindən yararlana bilərlər.
Ümumiyyətlə, etibarnamə başqa şəxsə müəyyən müddət ərzində səlahiyyət verən bir sənəddir. Həmin səlahiyyət müddəti etibarnamədə göstərilməlidir. Etibarnamə istənilən müddətə verilə bilər (nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə istisna olmaqla). Əgər etibarnamədə müddət göstərilməyibsə, o bağlandığı gündən bir il ərzində qüvvəsini saxlayır. Göründüyü kimi, etibarnamənin qüvvəsinin başlanğıcı onun verildiyi gündən hesablanır. Bağlandığı tarix göstərilməyən etibarnamə əhəmiyyətsizdir.
Qeyd edək ki, nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə bir ildən artıq müddətə verilə bilməz.
Təmsil edilən şəxs konkret bir şəxsə etibarnamə verməklə öz adından müəyyən hüquqi hərəkətləri etməyi bilavasitə ona etibar edir. Buna görə də etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər.
Səlahiyyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və səlahiyyətləri verdiyi şəxs barəsində ona lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi zamanı səlahiyyəti verən şəxs səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün məsuliyyət daşıyır.
Etibar edilmişi başqasına etibaretmə qaydasında verilmiş etibarnamənin qüvvədə olma müddəti onun verilməsi üçün əsas götürülmüş etibarnamənin qüvvədə olma müddətindən artıq ola bilməz.
Etibarnamənin müddətinin bitməsi, etibarnamədə nəzərdə tutulan hərəkətlərin həyata keçirilməsi, etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi, etibarnamə verilmiş şəxsin imtinası, adından etibarnamə verilmiş hüquqi şəxsə xitam verilməsi, adına etibarnamə verilmiş hüquqi şəxsə xitam verilməsi, etibarnaməni vermiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması, etibarnamə verilmiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması Mülki Məcəllədə etibarnaməyə xitam verən əsaslardır.
Etibarnamə vermiş şəxs istənilən vaxt etibarnaməni və ya başqasına etibaretməni ləğv edə bilər, etibarnamə verilmiş şəxs isə istənilən vaxt ondan imtina edə bilər. Bu hüquqlardan imtinaya dair razılaşma əhəmiyyətsizdir.
Etibarnamənin xitamı onunla verilmiş səlahiyyətlərə son qoyulması və onda nəzərdə tutulmuş hərəkətlərin bundan sonra həyata keçirilməsinin yolverilməzliyi deməkdir. Buna görə də etibarnaməyə xitam verilməsi haqqında bütün maraqlı şəxslər xəbərdar olmalıdırlar. Etibarnaməyə xitam verildikdə onun verildiyi şəxs və ya hüquq varisləri dərhal etibarnaməni qaytarmağa borcludurlar.
İradə Quliyeva
Ədliyyə Nazirliyinin əməkdaşı, II dərəcəli ədliyyə qulluqçusu
"Nuhçıxan" İnformasiya Agentliyində dərc edilmişdir