date saat
Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi muxtar respublikada bələdiyyə orqanları tərəfindən qanunçuluğa tam əməl edilməsi, onların fəaliyyətinə inzibati nəzarətin yüksək səviyyədə həyata keçirilməsi istiqamətində maarifləndirmə tədbirlərini mütəmadi olaraq davam etdirir.
Bu məqsədlə aprel ayının 7-də nazirliyin Bələdiyyələrlə iş mərkəzinin əməkdaşları vəzifələrinin icrası ilə əlaqədar olaraq Sədərək rayonunda bələdiyyə orqanlarında görüşlər keçirib və kargüzarlıq işinin düzgün aparılması ilə bağlı lazimi tövsiyələr veriblər. Görüşlərdə bələdiyyə sədrlərinə və qullluqçularına jurnal və qovluqların işlənilmə qaydaları izah olunub, onlara zəruri metodiki köməkliklər göstərilib. Bələdiyyə sədrlərinə qanunvericiliyin tələbləri izah edilib, yol verilmiş nöqsanların və çatışmazlıqların aradan qaldırılması yolları göstərilib və onların təkrar edilməməsi tövsiyə edilib.
Qeyd edilib ki, dövlət tərəfindən yerli özünüidarəetmə orqanlarının inkişafına dəstək məqsədilə tədbirlər görülür, bələdiyyələr üçün yaxşı iş şəraiti yaradılır və onlar lazımi təhcizatla təmin edilirlər. Öz növbəsində bələdiyyələr də işlərinə məsuliyyətlə yanaşmalı, kargüzarlıq sənədlərini vaxtında və düzgün işləməli, qəbul edilən bələdiyyə qərarlarında qanunvericiliyin tələblərini gözləməlidirlər. Bələdiyyə sədri və qulluqçuları üçün nəzərdə tutulan vəzifələrin icrasını təmin etməlidirlər.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti