date saat

Ədliyyə Nazirliyi tərəfindən məhkəmə və digər orqanların qərarlarının qanunvericiliklə müəyyən edilmiş müddətdə tam icrası daim diqqətdə saxlanılır. Təsdiq edilmiş iş planının icrası istiqamətində nazirliyin aidiyyəti şöbə və bölməsinin əməkdaşları yerli icra və probasiya qurumlarına köməklik göstərir, eləcə də icradan yayınma hallarının qarşısının alınması üçün borclular barədə profilaktik tədbirlər görmək məqsədilə mütəmadi görüşlər keçirir.

Bu məqsədlə təşkil edilən növbəti tədbir Culfa rayon Gülüstan Kənd Mərkəzində keçirilmişdir. Tədbirdə nazirliyin İstintaq bölməsinin rəisi, ədliyyə müşaviri Zamin Nəbiyev və İcra və probasiya şöbəsinin məsləhətçisi, II dərəcəli ədliyə qulluqçusu Yaqub Musayev iştirak etmişlər. Onlar adı çəkilən rayon üzrə icra və probasiya qurumunun icraatında olan aliment və pul tələbinə dair icra sənədləri üzrə icradan yayınan borclularla görüşmüş, onlarla profilaktik söhbətlər aparmış, icra sənədi üzrə tələbin qərəzli olaraq icra edilməməsi və ya tələbin icrasına maneçilik törətmənin yaratdığı inzibati və cinayət məsuliyyəti barədə ətraflı məlumat vermiş və qanunvericiliyin tələblərini ətraflı izah etmişlər.

Görüş zamanı aliment və pul tələbi ilə bağlı ödənişləri gecikdirən borclular dinlənilmiş, yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində müzakirələr aparılmış və iştirakçıların suallarına aydınlıq gətirilmişdir.

       Naxçıvan Muxtar Respublikası

     Ədliyyə Nazirliyinin mətbuat xidməti