date saat

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 21 noyabr 2022-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin yaranmasının 104-cü ilinin tamam olması münasibətilə ədliyyə sahəsində yüksək xidmətlərinə görə bir qrup ədliyyə qulluqçusu təltif edilib. Həmin Sərəncama əsasən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Katibliyinin rəisi, ədliyyə müşaviri Elçin Qasımov “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Martın 17-də “Dövlət qulluğunda fərqlənməyə görə” medalın və onun vəsiqəsinin təqdim edilməsi üçün Ədliyyə Nazirliyində tədbir keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, III dərəcəli dövlət ədliyyə müşaviri Daşqın Rəhimov çıxış edərək bildirib ki, bu gün Azərbaycan Respublikasında, eləcə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında ədliyyə orqanlarının hərtərfli inkişafına xüsusi diqqət göstərilir.  Eyni zamanda ədliyyə qulluqçuları da hərtərəfli qayğı ilə əhatə olunub və onların sosial müdafiəsi gücləndirilib. Eləcə də xidmət apardıqları dövrdə ədliyyə işçilərinin əməyi yüksək qiymətləndirilib, xidmətdə fərqlənən əməkdaşlar mükafatlandırılıb.

Göstərilən yüksək diqqət və qayğıya görə nazirliyin kollektivi adından ölkə başçısı cənab İlham Əliyevə dərin minnətdarlığını bildirən nazir Daşqın Rəhimov, böyük hörmət və ehtiramla anadan olmasının 100-cü ildönümü qeyd etdiyimiz ümummmilli lider Heydər Əliyevin yüksək amallarına daim sadiq qalaraq, vətənimizin tərəqqisi naminə ölkə prezidentinin ətrafında sıx birləşərək var qüvvələri ilə çalışmaq əzmində olduqlarını bildirib. Dövlət səviyyəsində göstərilən etimadı doğrultmaq üçün əməkdaşların vəzifələrini vicdanla yerinə yetirəcəklərinə, ədliyyə işçisi adını şərəflə daşıyacaqlarına və daim uca tutacaqlarına əmin olduğunu qeyd edib.

Sonra nazir medal və vəsiqəni Elçin Qasımova təqdim edib,  onu təbrik edərək, işlərində uğurlar arzu edib. 

 

Naxçıvan Muxtar Respublikası

Ədliyyə Nazirliyinin mətbuat xidməti