date saat
Mart ayının 16-da Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar təsdiq edilmiş tədbirlər planının icrasına uyğun olaraq tədbir keçirilib. Nazirliyin aparatının və Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşlarının iştirak etdiyi tədbirdə Ümummilli lider Heydər Əliyevin həyat yolu və dövlətçilik tarixində gördüyü işlərə nəzər salınıb, həyat və yaradıcılığından bəhs edən filmə baxılıb.
Tədbirdə çıxış edənlər xalqımızın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan Heydər Əliyevin mənalı və şərəfli həyat yolu, ölkə müstəqilliyi, ərazi bütövlüyü və dövlətçiliyə qarşı yönələn qəsdlərin qarşısının alınmasında rolu barədə çıxış edib. Ümummilli lider Heydər Əliyevin məhkəmə-hüquq sisteminin inkişafında müstəsna xidmətlərini qeyd edib, hüquqi dövlət quruculuğu yolunda aparılmış islahatların əhəmiyyətindən bəhs ediblər.
Qeyd olunub ki, quruculuq və xilaskarlıq missiyasının öhdəsindən layiqincə gəlməklə xalqımızın ümummilli lideri zirvəsinə yüksəlmiş dünya miqyaslı dövlət xadimi Heydər Əliyevin milli dövlətçiliyimizin möhkəmləndirilməsində misilsiz xidmətlərinin, müdrikliyi, uzaqgörənliyi, fədakar əməyi və titanik fəaliyyətinin nəticəsində ölkəmizin bu günkü inkişaf göstəricilərinə nail olunub. Yenidən hakimiyyətə qayıdışından sonra ümummilli liderin rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində başlanmış hərtərəfli və kompleks islahatlarla məhkəmə-hüquq sisteminin beynəlxalq standartlara və demokratik prinsiplərə, milli dövlətçilik ənənələrinə uyğun təşəkkül tapması bildirilməklə ulu öndərin diqqət və qayğısı sayəsində Azərbaycan Ədliyyəsinin formalaşdırıldığı xüsusi vurğulanıb.
Sonra tədbir iştirakçıları Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edən filmə baxıb.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti