date saat

Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi və İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) birgə təşkilatçılığı ilə Penitensiar Xidmətin tabeliyində olan Mühafizə Taborunda hüquqi maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşları Babək Hacıyev, Həsən Həsənov, Penitensiar Xidmətin əməkdaşı İbrahim Cəfərov və Mühafizə Taborunun əməkdaşları iştirak edib.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Ümumi şöbəsinin müdiri Babək Hacıyev açıb.
Sonra Ombudsman Aparatının İnsan hüquqlarının müdafiəsi şöbəsinin əməkdaşı Həsən Həsənov "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyanın və onun Fakültativ Protokolunun tələblərinin izahı" mövzusunda çıxış edərək bildirib ki, vətəndaşların hüquq və azadlıqlarının, o cümlədən humanizm və mərhəmət hisslərindən uzaq olan ləyaqəti alçaldan rəftar və cəzadan qorunması milli və beynəlxalq qanunvericiliyin əsas istiqamətlərindən hesab olunur.
Qeyd olunub ki, ölkəmizin milli qanunvericilik bazası qısa zaman kəsiyində təkmilləşdirilərək Avropa standartlarına uyğunlaşdırılıb. Azərbaycan Respublikası tərəfindən ratifikasiya edilən çoxsaylı beynəlxalq müqavilələr, o cümlədən "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya" işgəncələrin qarşısının alınmasının ən əlverişli üsulu kimi, bütün azadlıqdan məhrumetmə yerlərində saxlanılan şəxslərlə rəftar qaydalarının və onların saxlanılması şəraitinin öyrənilməsi istiqamətində yaranan münasibətləri tənzimləyir, bu sahədə hüquq və vəzifələri müəyyən edir.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.