date saat
Martın 9-da Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin təşkilatçılığı ilə Qarışıq rejimli cəzaçəkmə müəssisəsində məhkumların iştirakı ilə “Məhkumların cəzaçəkmə mühitinə uyğunlaşması və qarşılıqlı münasibətlərin tənzimlənməsi” mövzusunda tədbir keçirilib. Tədbirin keçirilməsində məqsəd məhkumlarda yaranmış psixoloji problemlərin həlli, stress vəziyyətlərin nəticələrinin aradan qaldırılması, şəxsiyyətlərarası münasibətlərin və psixi sağlamlığın yaxşılaşdırılması, şəxsiyyətin inkişafı, sosial adaptasiyasının təmin edilməsidir.
Tədbiri giriş sözü ilə Penitensiar Xidmətin Təşkilat-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə kapitanı Nizami Nəcəfov açaraq tədbirin mahiyyəti və əhəmiyyəti barədə məlumat verib.
Məhkəmə Ekspertizası Mərkəzinin Psixoloji ekspertizalar bölməsinin rəisi, II dərəcəli ədliyyə qulluqçusu Valeh Fərəcov “Ünsiyyət zamanı qarşıya çıxan çətinliklər”-dən danışıb. Ünsiyyətin müxtəlif iştirakçıları ilə emosional təmas yaratmaq, insanları dinləməyi bacarmaq, ünsiyyətin verbal və qeyri-verbal vasitələri haqda, konfliktli situasiyalarda ünsiyyət üslubunun dəyişdirilməsi və digər məsələlərdən bəhs edib.
Məhkəmə Ekspertizası Mərkəzinin Psixoloji ekspertizalar bölməsinin eksperti, I dərəcəli ədliyyə qulluqçusu Fariz Səyyadov “Depressiya halının yaranması səbəbləri və onun qarşısının alınması” mövzusunda çıxış edib. Fariz Səyyadov depressiyanın əsas simptomları və depressiyanın qarşısının alınmasına dair çıxış yollarına diqqət çəkib. Vurğulayıb ki, depressiya ilə təkbaşına mübarizə apara bilməyən şəxslər mütləq mütəxəssisə müraciət etməli, bu məsələdə peşəkar dəstək almalıdırlar.
Sonra Naxçıvan Müəllimlər İnstitunun Tədris və tərbiyə işləri üzrə prorektoru, psixologiya üzrə fəlsəfə doktoru, dosent Çapay Quliyev “Adaptasiya və qarşılıqlı münasibətlərin tənzimlənməsi” barədə ətraflı məlumat verib. Məhkum olunmuş şəxslərin cəmiyyətə yenidən qazandırılması, onlar azadlığa buraxıldıqdan sonra məşğulluq tapmaqda çətinliklə qarşılaşmamaları, eyni zamanda cəmiyyət üzvləri ilə psixoloji gərginlik yaşamamaları üçün keçirilən tədbirlərin əhəmiyyətini diqqətə çatdırıb.
Tədbirdə məhkumların mövzu ilə bağlı sualları cavablandırılıb və qarşılıqlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, həmin gün Məhkəmə Ekspertizası Mərkəzinin Psixoloji ekspertizalar bölməsinin eksperti Seyran Məmmədova da qadın məhkumlarla görüşüb.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti