date saat
Mart ayının 7-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin təşkilatçılığı ilə Qarışıq rejimli cəzaçəkmə müəssisəsində məhkumların iştirakı ilə “Heydər Əliyev irsinin cəzaçəkmə müəssisələrində təbliği” mövzusuna həsr olunan tədbir keçirilib.
Tədbirdə Xidmətin Təşkilat-nəzarət şöbəsinin rəisi ədliyyə polkovnik-leytenantı Əli Rəhimov, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) aparatının Preventiv qrupunun üzvü Babək Hacıyev, Naxçıvan Dövlət Universitetinin Elmi kitabxana mərkəzinin direktoru Fariz Əhmədov və Yazıçılar Birliyinin sədri Asim Yadigar iştirak ediblər.
Məhkumlar qarşısında çıxış edən məruzəçilər ulu öndər Heydər Əliyevin xalqımız qarşısında xidmətlərindən bəhs edib, onun Azərbaycanın ictimai-siyasi həyatında gördüyü işlər, dövlətçilik tarixində xidmətləri barədə məlumat veriblər. Vurğulanıb ki, ulu öndər Heydər Əliyevin humanist siyasəti sayəsində 1995-ci ilin may ayında əfv və amnistiya təsisatları bərpa edilib. Onun hakimiyyətdə olduğu dövrdə respublikamızda insan, vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə qorunması, vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsi, eləcə də humanizm siyasətinin həyata keçirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib.
Mənalı həyatını öz xalqına bəxş etmiş ulu öndər Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlətçilik məktəbinə çevrilib. Xalqımız bu böyük məktəbdən daim faydalanacaq, Heydər Əliyev irsi gələcək nəsillər üçün zəngin xəzinə olacaq.
Tədbirin sonunda ümummilli lider Heydər Əliyevin həyatı və ictimai-siyasi fəaliyyətindən bəhs edən kitablarla tanışlıq olub.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti